Səhabələr

Yeni hücum və Xəndək

Rəsulullahla görüşdən dərhal sonra yola çıxan Hz.Nuaym birbaşa Bəni-Qureyzənin yanına gəlir. Heç kim onun müsəlman olduğunu bilmirdi. Nuaymı süfrəyə dəvət edib ehtiram göstərirlər. Nuaym əvvəlcə onlara:

– Mən sizə yeyib-içmək üçün gəlməmişəm. Sizi nə qədər sevdiyimi və aramızdakı dostluğu bilirsiniz. Mənim gəlişimin əsas məqsədi sizə olan sevgim və sizin barənizdə narahat olduğum bəzi şeyləri bölüşmək, sizi vaxtında xəbərdar etməkdir!

Hiss olunurdu ki, əhəmiyyətli şeylərdən danışacaq. Bütün diqqətlərini ona yönəldirlər. Əvvəlcə:

– Bunu bilirik. Sən hər hansı məsələdə ittiham edilmiş etibarsız adam deyilsən. Sən bizim yanımızda yaxşılığı və sədaqəti ilə seçilən insanlardan birisən, – deyirlər.  Hz. Nuaym:

– Ancaq dediklərim aramızda qalmalıdır, – deyir. Maraqları daha da artır. Söz verirlər:

– Yaxşı, sözümüz sözdür. Bunu heç kim bilməyəcək!

Danışmaq üçün əlverişli şərait hazırlamış, diqqəti də özünə çəkə bilmişdi. Artıq rahat danışa bilərdi:

– Bu adamın işi, doğurdan da, müsibətdir. Bəni-Qaynuqa və Bəni-Nadir yəhudilərinin başına gətirdiklərini də görürsünüz. Mallarını əlindən aldı, özlərini də yurd-yuvalarından sürgün etdi. İbn Əbu Hubeyk də bizə sığınmaq məcburiyyətində qalmışdı, indi biz onunla birlikdə sizə kömək etməyə gəlmişik! Ancaq sizin də gördüyünüz kimi bu iş xeyli uzandı. Vallah, Qureyş də, Qatafan da Məhəmməd məsələsində sizinlə eyni mövqedə deyillər. Qureyş və Qatafan müvəqqəti olaraq buraya gəldi və sizin gördüyünüz yerlərdə düşərgə saldı. İmkan və fürsət tapsalar, bunu qiymətləndirəcəklər! Ancaq savaşda gözləmədikləri hadisələr baş versə, o zaman öz yurdlarına dönəcəklər! Sizin isə belə bir şansınız yoxdur. Bura sizin yurdunuzdur! Mallarınız və arvad-uşaqlarınız da daxil olmaqla sizin hər şeyiniz buradadır! Dünən gecə hamısı toplanıb Onunla mücadilə etsə də, gördüyünüz kimi, hal-hazırda Məhəmmədin ordusu Əhzab ordusuna üstün gəlməyə başlayıb, hətta başçılardan Amr ibn Abdivüddü belə öldürüblər! Qalanları da yaralı halda geri çəkilib!

Onlar sizin imkanlarınızı və mövqeyinizi bildikləri üçün sizə laqeyd qala bilməzlər, sizə möhtacdırlar! Qureyş və Qatafan öz əyan-əşrəfindən sizin yanınıza girov göndərməyincə və bununla öz təhlükəsizliyinizi təmin etmədən onlarla birlikdə savaşmayın. Siz bu yolla onları bir çətinliyə düşən kimi Məhəmmədlə vuruşmaqdan imtina edib geri dönmək fikrindən də daşındırmış və sizdəki girovları almadan geri dönməməyə məcbur etmiş olarsınız!

Hz.Nuaymın dedikləri, həqiqətən, ağlabatan idi. Qureyş və Qatafan buranı tərk etsə belə, onların elə bir imkanları yox idi. Bir dəfə də razılaşmanı pozmuş və Məhəmmədül-Əminə müharibə elan etmişdilər. Geri dönə bilməzdilər, dönsələr də, çox gec idi. Bu müharibədə qalibiyyətdən başqa, onları heç nə xilas edə bilməzdi. Ona görə də işə zəmanət almaq lazım idi.

– Həqiqətən də, sən bizə, görülməli işi və tədbiri göstərdin. Dediyini edərik, – deyir və təşəkkür edirlər. Ağıllarına gəlməyən bu təfərrüatı xatırlatdığı üçün Hz. Nuayma dua edirlər! Nuaym bir daha xatırladır:

– Amma bu söhbət aramızda qalacaq!

Onlara bu qədər yaxın davranıb həyati bir məsələdə xəbərdarlıq edən insanımı ifşa edəcəkdilər? Yaxşılığın cavabı yaxşılıqdır və onlar:

– Heç narahat olma, heç kəs bunu bilməyəcək, – deyib onu arxayın edirlər.

İlk addım bəhrəsini vermiş, tikiş tutmuşdu. Bəni-Qureyzədən ayrılan Hz.Nuaym tezliklə özünü Əbu Sufyanın yanına çatdırır. Əhzab ordusunun ümumi rəhbəri olan Əbu Sufyan bu əsnada bir dəstə məsləkdaşı ilə oturmuşdu. Salam verib hal-əhval tutduqdan sonra Əbu Sufyana yaxınlaşan Nuaym ibn Məsud deyir:

– Ey Əba Sufyan! Sənə bir şey söyləməyə gəldim, ancaq bunu faş etməyəcək, gizli saxlayacaqsan!

Əbu Sufyan diksinir, eyni zamanda onu maraq hissi bürüyür! Dərhal:

– Yaxşı, – deyir, – ikimizin arasında qalar!

Əbu Sufyandan da arxayın olan Nuaym bunları söyləyir:

– Sən də bilirsən ki, Bəni-Qureyzə Məhəmmədlə aralarındakı anlaşmanı pozduğuna görə çoxdandır, peşman olub və müqaviləni yeniləyib əvvəlki vəziyyətə qayıtmaq istəyir. Mən onların yanında ikən bu məqsədlə Ona (Allah Rəsuluna) belə bir ismarış göndərdilər: "Biz Qureyş və qatafanlıların nüfuzlu adamlarından yetmiş nəfərini götürüb boyunlarını vurmaq üçün Sənə təslim edəcəyik. Sən də bunun əvəzində qırdığın qanadımız Bəni-Nadirin yurdlarına qayıtmasına izin verəcəksən. Əgər buna razı olsan, onda biz Qureyşi buradan qovana qədər Səninlə birlikdə döyüşəcəyik".

Əgər onlar sizə girov üçün xəbər göndərsələr, ehtiyatlı olun, adamlarınıza yazığınız gəlsin. Dediklərimi də heç kim bilməsin.

Eşitdikləri qarşısında çaş-baş qalan Əbu Sufyan:

– Yaxşı, heç kimə demərik, – deyir və bundan sonrakı hadisələri təxmin etməyə çalışır, bu vəziyyətdə atacağı addımlar barədə dərin düşüncələrə dalır.

Hz. Nuaymın bir işi də qalmışdı. Tezliklə qatafanlıların yanına gedir və bu dəfə də onlara:

– Ey qatafanlılar, – deyə səslənir, – bilirsiniz ki, mən sizin birinizəm. Ancaq danışdıqlarım aramızda qalsın! Xəbəriniz olsun, Bəni-Qureyzə Məhəmmədə adam göndərib, – deyir və Əbu Sufyana dediklərini onlara da danışır və sözünün sonunda da:

– Adamlarınızı onlara verməyin.

Əvvəlkilər kimi onları da vaxtında xəbərdarlıq etdiyinə görə Nuayma təşəkkür edirlər.

Rolunu qüsursuz oynamışdı Hz.Nuaym. Hər üç dəstə da deyilənləri və bundan sonrakı hadisələrin gedişatını gözləməyə başlayır. Çox keçmədən Bəni-Qureyzə Azzal ibn Səmuəlin vasitəsilə Qureyşə bu xəbəri göndərir: "Uzun zamandır ki, buradasınız, amma hələ bir şey edə bilməmisiniz. Heç etdikləriniz də ağlabatan deyil! Əgər Məhəmmədin üzərinə nə zaman hücum edəcəyinizi müəyyən etsəydiniz və siz bir tərəfdən, biz bu tərəfdən, Qatafan da bir başqa yöndən  hücuma keçsəydik, onda Məhəmməd də əlimizdən qaça bilməz, ən azından birimiz Onu sıxışdırardıq! Bundan sonra isə döyüş boyunca yanımızda qalmaq şərti ilə nüfuzlu adamlarınızdan girov olaraq bizə verməsəniz, biz sizinlə bərabər döyüşə çıxmayacağıq! Çünki biz əndişə edirik ki, məğlub olduğunuz təqdirdə bizi yalqız və müdafiəsiz halda Məhəmmədlə üz-üzə qoyub öz yurdunuza gedəcəksiniz!

Elçi Azzal Bəni-Qureyzənin ismarışını gətirdikdə Əbu Sufyan üzünü yanındakılara tutub:

– Bu da Nuaymın söylədikləri, – deyir.

Hz. Nuaym isə düşmənə tor toxumaqda davam edirdi. Bu ərəfədə orada olan Nuaym özünü yenidən Bəni-Qureyzənin yanına çatdırır:

– Ey Bəni-Qureyzə camaatı, – deyə səslənir, – mən Əbu Sufyanın yanında olarkən sizin elçiniz onun yanına gəldi, girov istədi. Ona heç bir cavab vermədilər. Ayrılıb gedəndə də Əbu Sufyan yanındakılara bunları söylədi: "Bizdən bir oğlaq belə istəsəniz, onu sizə girov verməyəcəyik, öz dostlarımdan ona girov verim, o da onları öldürsün deyə Məhəmmədə təslim etsin? Elə bir şey olmayacaq, mən heç kimi girov verməyəcəyəm!"

Ona görə yaxşı fikirləşin. Əbu Sufyan sizə girovları vermədikcə onunla birlikdə vuruşmağı qəbul etməyin! Əgər siz Məhəmmədlə savaşmasanız, Əbu Sufyan çəkilib getsə də, bu vəziyyətdə müqaviləniz keçərli olacaqdır.