Səhabələr

Yeni mədəniyyətin qurulması

“Aranızdan biri özü üçün istədiyini qardaşı üçün də istəməyənə kimi, kamil imana çata bilməz,” − cümləsi də Rəsulullaha məxsusdur.[5] Deməli, imanda hər bir mömin üçün ideal olan bir də kamillik zirvəsi var idi. Bu zirvəyə çatmağın ən qısa yollarından biri də qənimət bölgüsündə ən arxaya keçib yoldaşlarını özündən üstün tutmaq idi. Bunun adı təfani, yəni fədakarlıq idi və o, İbrahimsayağı bir ənənənin məhsulu idi.

Eyni mehrabdan əks-səda verən başqa bir səs bütün möminləri tək bir insana oxşadır və dünyanın harasına bir od düşsə, onun hər bir mömini yandıracağını bildirirdi. Elə isə, harada olmasından asılı olmayaraq bir müsəlmanın başına gələn bəla və müsibətə heç kim biganə qalmamalı və onun üçün əlindən gələni etmək və yaraya məlhəm olmaq yarışına girməli idi. Binanı təşkil edən kərpiclər kimi, bir vəhdət olmalı idi ki, nəticədə ortaya möhkəm bina nümunəsi qoyulsun.[6]

Bunlar müsbəti bərqərar etmək üçün ortaya atılan təşəbbüs və səylər idi. Bunun başqa bir tərəfi də var idi, artıq düşmənçiliyin kökünə yandırıcı zəhər töküləcək və ən böyük düşmən də o sayılacaqdı. Kimsədən üz çevirməyəcək və ehtiyacı olan hər kəsə kömək ediləcək, mömin qardaşının əldə etdiyi gözəlliklər həsəd və paxıllıqla qarşılanmayacaq, əksinə, bununla fəxr ediləcək və insanlar həqiqi mənada qardaş olacaqdılar. Bu cür möhkəm qardaşlıq da, səbəbindən asılı olmayaraq, müsəlman qardaşı ilə üç gündən çox küsülülüyü qəbul etmir, küsülülük hissini məhəbbətə çevirirdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunu belə ifadə etmişdi:

−Əsla bir-birinizə nifrət etməyin, həsəddən də uzaq dayanın və bir-birinizə arxanızı döndərməyin! Ey Allahın bəndələri! Qardaş olun! Bir müsəlmanın digər qardaşı ilə üç gündən çox danışmaması qətiyyən halal deyildir.[7]

Əslində, müsəlman digər bir müsəlmanın qardaşı idi. Ona nə zülm edə, nə də onu zülmün ağuşuna ata bilərdi. Bir qardaş olaraq hər hansı bir müsəlmana kömək etdiyi müddətdə Allah da onun yardımına gələr, mühüm ehtiyacını aradan qaldırardı. Deməli, belə bir hərəkət çətinlik və sıxıntıların aradan qaldırılması ilə mənən rahat bir həyat yaşaya bilmək üçün Allaha edilmiş ən böyük dua mənasına gəlirdi. Bu işin bir də axirətə baxan tərəfi var idi. Allah (cəllə cəlaluhu) da bu dünyada bir müsəlman qardaşının ehtiyacını təmin edib sıxıntısını aradan qaldıranın axirət yurdunda və ən çox ehtiyac hiss etdiyi bir anda çətinliklərini aradan qaldıracaq, onu əmin-amanlıq sahilinə çıxaracaq və insanların sıxıntıdan əzab çəkdikləri həmin vaxtda ona rahat nəfəs almaq imkanı verəcəkdi. Burada bağışlamaq orada bağışlanmağı, burada qüsurları örtmək orada örtülməyi zəruri edirdi və buna görə də bir mömin başqa qardaşının qüsurunu göz yumaraq və nəzərlərini daim öz qüsurları üzərinə yönəldəcəkdi.  Başqalarına hakim kimi davranmaq yerinə, hakimlik köynəyini özünə qarşı geyinəcək, müsəlman qardaşına vəkillik etməyi də bir əxlaqa, xarakterə çevirəcəkdi. Çünki Peyğəmbərimiz (s.ə.s.):

− Müsəlman başqa müsəlmanın qardaşıdır. Nə ona zülm edər, nə də ona edilən zülmə razı olar. Sizdən kim qardaşının ehtiyacını təmin etmək üçün yola çıxarsa, Allah da onun ehtiyacını təmin edər. Kim müsəlmanın çətinliyini aradan qaldırmaq üçün hərəkət edərsə, Allah da axirət günündə onun çətinliyini aradan qaldırar. Allah müsəlmanın eyiblərini görməzliyə vuranların qiyamət günündə eyiblərini örtər, heç kim də onun eybini bilməz,[8] − buyururdu.

Davamı: 1 2 3