Səhabələr

Yeni mədəniyyətin qurulması

Yer üzünün  sakinlərinə mərhəmətlə yanaşıb hər kəsi və hər şeyi şəfqətlə qucaqlamaq, səmadan da mərhəmət küləklərinin əsməsi üçün ən böyük dəvətnamə idi.[9] Bir xurmanın yarısı da olsa, onu mömin qardaşına təqdim etmək cəhənnəm atəşindən qorunmağın mühüm yolu idi. Yarım xurma da tapmayanlar isə insanları şirin dillə və gülərüzlə qarşılamaqla eyni qazancdan istifadə edə biləcəkdilər.[10]

Digər tərəfdən, insanın qarşılaşa biləcəyi ən kiçik məsələlər bir-bir həll edilirdi, çünki din insanın hər cür ehtiyacını aradan qaldıracaq mahiyyətə malik idi. Yeyib-içmək, oturub-durmaq, alış-veriş, ailədaxili münasibətlər, sosial həyatda birgə yaşamaq qaydaları, fərdin cəmiyyətdəki vəzifəsini yerinə yetirməsi və demək olar ki, hər bir məsələ ilə bağlı addımlar atır, bununla da hər cəhətdən əsl yeni mədəniyyət təşəkkül tapırdı. Hətta bu vəziyyət başqa mədinəlilər tərəfindən tənqid edilir və:

− Sizin Peyğəmbəriniz sizə ayaqyoluna necə gedəcəyinizə qədər hər şeyi öyrədir, − deyərək bütün bunları qəribə qarşılayırdılar. Belə bir etirazla üzləşən Salmani-Farisi dəyişilməyin nümunəsi olaraq həmin adama belə cavab vermişdi:

− Bəli, əlbəttə, öyrədəcək. Hətta bundan da çox şey öyrədəcək! Təbii ehtiyacımızı dəf edərkən qibləyə tərəf dönməməyi, sağ əlimizlə təmizlənməməyi və bunu edərkən də ən azı üç fərqli daşdan istifadə edib sümük və qurumuş heyvan peyininə bulaşmamağı da öyrədir![11]

Çünki O (s.ə.s.) bir peyğəmbərdi. Ümmətinin arasında ata möv­qe­yində idi və yeni yetişən camaatının hər cür işlərində onlara rəhbərlik edirdi.

Xülasə, mömin − addım atıb yeriyən, nəfəs alıb-verən, danışan və cəmiyyətin nəbzinə çevrilib döyünən bir Qurana çevrilirdi. Bundan sonra hər bir səhabənin sözləri Qurana, addımları isə Hz. Məhəmmədə uyğun idi. Mömin olmaq da çox mühüm bir seçim idi və bu seçimlə birlikdə insan onun hər prinsipini bütövlükdə qəbul edir, üzərinə düşənləri yerinə yetirməkdə də Allaha və Onun Rəsuluna söz verirdi. Mömin üçün söz sənəddən də dəyərli idi, verdiyi sözü yerinə yetirməkdə isə səhabə heç bir camaata tay tutula bilməzdi. Peyğəmbərimiz (s.ə.s.) Mədinə minbərində oturmuş və peyğəmbərlərdən sonra yer üzündəki ən fəzilətli camaatı meydana gətirirdi. Bəlli ki, artıq Hirada başlayan dəyişiklik gözlənilən nəticəni vermiş və keçmişə aid cahiliyyə ədalı nə qədər problem varsa, hamısını dəyişdirməyə başlamışdı və bu dəyişiklik sadəcə müəyyən bir əraziyə xas deyildi. Bu dəyişikliklə birlikdə ahəngini itirmiş bütün evlər təkrar şənlənməli, dünyanın yalnız bir üzünə yox, hər tərəfinə səadət gəlməli idi. Çünki bu dəyişikliyin rəhbəri bütün aləmlərə mərhəmət olaraq göndərilmişdi. Elə isə, bu nur damlasının düşmədiyi ən kiçik bir nöqtə də qalmamalı idi.

 
[1]. Buhari, Sahih, 1/13 (12)
[2]. İbn Hibban, Sahih, 2/264 (510)
[3]. Bax: Buhari, Sahih, 5/2240 (5673); Mişkatü’l-Mesabih, 2/424
[4]. Buhari, Sahih, 1/12 (10)
[5]. Buhari, Sahih, 1/14 (13)
[6]. Bax: Muslim, Sahih, 4/2000 (2586)
[7]. Bax: Buhari, Sahih, 5/2253 (5717)
[8]. Bax: Buhari, Sahih, 2/862 (2310)
[9]. Bax: “Bələd” surəsi, 90/12-18. “Sən nə bilirsən ki, əqəbə nədir?! O, bir köləni, bir əsiri  azad etməkdir. Qıtlıq vaxtı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir i və ya yeri yataq, göyü yorğan edən, sığınılacaq heç bir yeri olmayan kasıbı doyurmaqdır! Həm də bu, könüldən iman gətirib bir-birinə səbir və şəfqət dərsi vermək, səbir və şəfqət nümunəsi olmaqdır. Əməl dəftərləri sağ əllərinə verilənlər bunlardır!” Bununla bağlı həmçinin bax: Ebu Davud, Sünen, 4/285 (4941); Tirmizi, el-Camius¬-Sahih, 4/323 (1924).
[10]. Buhari, Sahih, 3/1316 (3400)
[11]. Muslim, Sahih, 1/223 (262)
Davamı: 1 2 3