Rəsulullah Qeys ibn Sad ibn Ubadənin rəhbərliyi altında kiçik bir hərbi dəstəni bir yerə göndərmişdi. Dəstənin yemək istədiyini görən Qeys onlara doqquz dəvə kəsir. Bundan xəbər tutan Allah Rəsulu buyurur: “Comərdlik bu ailənin əxlaqıdır”.
Bir gün Əbu Ubeydə Həzrət Ömərlə birlikdə Qeysin yanına gəlir və ona and verir ki, dəvələrini kəsməsin. Amma o, dəvələri kəsir. Bu hadisə Allah Rəsuluna çatanda: “O, əliaçıq ailədəndir,” – buyurur.[6]
Ənsar arasında yalnız bir evdən dalbadal dörd xeyirxah (evi qonaqsız olmayan, daima insanların ehtiyacını təmin edən) insan çıxmışdır ki, o da Düleym ailəsidir.[7] İbn Ömər Sadın evini göstərib Nafiyə belə demişdir: “Bu, onun atasının evidir. Onun carçısı hər il bir gün bu evin “Kim ət və yağ istəyirsə, Düləymin evinə gəlsin” deyə camaata səslənirdi. Bu ev Düləymin evi idi. O öldü, oğlu Übadə atasının adətini davam etdirdi. Daha sonra Sad əliaçıqlığından qalmadı, indi isə Qeys eyni comərdliyi edir”.
Qeys çox əliaçıq, ürəyigeniş bir insandı, hər kəsə borc pul vermişdi. Xeyli alacağı var idi. O ərəfədə xəstələnir. Baş çəkməyə gələnlərin az olduğunu görüb səbəbini soruşur. Borcluların utandıqlarından gəlmədiyini biləndə isə dərhal car çəkdirir: “Kimin Qeysə borcu varsa, rahat olsun. Çünki o, borcunu bağışlayır”. Bundan sonra Qeysi yoxlamağa o qədər adam gəlir ki, hətta evin pilləkəni belə qırılır.