Səhabələr

Zorakılıq Mənzərələri

Kafir və müşriklər bu günə kimi hər vasitəyə əl atmış, amma heç bir nəticə əldə edə bilməmişdilər. Görünür ki, bu müharibədə müsəlmanların öhdəsindən gəlmək üçün sözə sözlə cavab vermək kifayət etmirdi və daha fərqli üsullara müraciət etmək lazım idi. Onsuz da zorakılıq, fikir planında məğlub olanların əl atdığı bir yol idi və o dövrün Məkkəsi də bu yolu seçməyə başlayacaqdı.

Doğrusu, o günə kimi fərdi şəkildə bu metodu tətbiq edənlər vardı; əmisinin Hz. Osmanı bir həsirin arasına bağlayıb zirzəmidə saxlaması, anasının Sad ibn Əbi Vəqqasa mənəvi təzyiq edərək dinindən döndərməyə çalışması, anasının Musab ibn Umeyri həbs edərək döyməsi, günlərlə ac və susuz saxlayaraq evdən qovub mirasdan məhrum etməsi və Ümeyyə ibn Xaləflə Əbu Cəhlin Bilal Həbəşiyə verdiyi zülmlər yaddaşlarda hələ də qalırdı.

Amma məsələ bu cür fərdi hadisələrlə həll ediləsi deyildi, daha əsaslı tədbirlər görülməli və getdikcə inkişaf edən İslamın qarşısını ala bilmək üçün daha mütəşəkkil əks-hücum başlanmalı idi. Bunun üçün ilk hədəf Allahın Rəsulu (s.ə.s.) idi.

Bir gün Qureyşin başbilənləri Kəbənin Hicr deyilən yerində bir yerə yığışmış və Məkkədə baş verən hadisələrdən danışırdılar. Təbii olaraq söhbət həmin günün ən mühüm məsələsinin üstünə gəlir:

− Bu adama dözdüyümüz qədər başqa adama səbir etməyimiz yadıma gəlmir, − deyir onlardan  biri və əlavə edir:

− O, böyüklərimizi səfehlikdə günahlandırır və tanrılarımız haqqında mənfi şeylər danışır. Biz isə hələ də Ona dözürük. Həqiqətən də, bunun özü böyük işdir!

Davamı: 1 2 3 4