Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Peyğəmbərimizin əmisi Abbas ibn Əbdülmuttalib

Tarix: 14.07.2013 | Bu məqalə 1. 068 dəfə oxunub.

Ləqəbi Əbul-Fəzldir. Atası Əbdülmuttalib, anası Nuteyədir. Həzrət Abbas Rəsulullahdan bir-iki yaş böyük idi. Uşaq olanda Abbas itmişdi. Anası onu tapınca Kəbənin örtüklərini ipəklərlə yeniləmişdi. Rəsulullah uşaq ikən anası vəfat edib babası Əbdülmuttalibin himayəsinə keçdikdən sonra Abbas ilə uşaqlıqları birlikdə keçdi. Gəncliyində Həzrət Abbas ticarətlə məşğul olub, varlandı.

Ərəblər arasında Kəbəyə xidmət böyük bir şərəf sayılırdı. Kəbə xidmətləri Qureyşin, zadəganları arasında bölünmüşdü. Həzrət Abbas da siqayə vəzifəsini icra edirdi. Həcc mövsümündə Abbasla qardaşları Zəmzəm quyusundan su çəkərək hacılara paylayırdılar. Həzrət Abbas su paylama vəzifəsini İslamdan sonra da davam etdirdi. Peyğəmbərimiz Vida həccində Zəmzəm quyusunun başına gəlib Həzrət Abbasdan su istəmişdir.

Həzrət Abbas Peyğəmbərimiz (s.ə.s) İslamı yaymağa başlayanda bitərəf mövqe tutmuşdur. Nə iman etmiş, nə də etiraz etmişdir. Hətta qəbul etməməsinə baxmayaraq, İslama dəvətində Peyğəmbərimizə yardım etmişdi. Mədinəlilər Əqəbədə Peyğəmbərimizə beyət edəndə Hz. Abbas da orada idi. Beyət əsnasında Rəsulullahın əlini tutmuş, mədinəlilərlə beyətin baş tutmasında əhəmiyyətli rol oynamışdır. Hz. Abbas müsəlman olmasa da, ticarət və idarəçilik sahəsində Peyğəmbərimizə böyük faydası dəymişdir. Digər tərəfdən həyat yoldaşı Ümmül Fəzl isə ilk müsəlmanlardandır.

 Müşriklər Bədrə gedərkən zorla Hz. Abbası da apardılar. Hz. Abbasın kərhən müşriklər ilə Bədir döyüşünə qatıldığını eşidən Rəsulullah belə buyurdu: “Abbasa hər kim rast gəlsə, əsla onu öldürməsin. O, müşriklərin məcburiyyəti ilə yurdundan istəmədən çıxmışdır”. Lakin Hz. Abbas Bədirdə əsir düşdü və Rəsulullahın hüzuruna çıxarıldı. Rəsulullah ona özü, qardaşları və müttəfiqi olan Utbə ibn Amr üçün fidyə verməsini söylədi. O isə yalnız özü üçün yüz, Aqil üçün səksən uqiyyə – təqribən yeddi min dirhəm – qızıl verməklə kifayətləndi. Digərləri isə öz mallarından fidyə verib xilas oldular. Abbas fidyəni verdikdən sonra Rəsulullaha belə dedi: “İndi məni elə bir vəziyyətdə qoydun ki, hamı mənə “Qureyşin yoxusulu” deyəcək və həyatım boyunca da başqasına əl açacam”. Rəsulullah da ona belə cavab verdi: “Yaxşı, bəs Ümmül-Fəzla əmanət etdiyin mallar nə oldu? Bura gələndə: “Əgər başıma bir iş gəlsə, bunları oğullarım Fəzl, Abdullah və Küsən üçün saxla, səni özümdən sonra zəngin edirəm”, – deyərək göstərib basdırdığın qızıllar nə oldu?” – buyurdu. Abbas təəccübləndi və: “Vallah, sənin Rəsulullah olduğuna şəhadət edirəm. Bunu məndən, bir də Ümmül-Fəzldən başqa heç kəs bilmirdi”, – dedi və o anda dərhal iman etdi. Daha sonra Həzrət Abbas Məkkəyə qayıtdı. Müsəlman olduğunu gizlətdi və Məkkədəki müsəlmanları qorudu. Məkkə və müşriklər ilə bağlı xəbərləri Peyğəmbərimizə göndərirdi.

Həzrət Abbas Məkkənin fəthindən qısa bir müddət əvvəl Mədinəyə hicrət etdi. Hətta yolda Məkkəni fəth etməyə gələn Peyğəmbərimizlə qarşılaşanda Rəsulullah ona: “Mən peyğəmbərlərin sonuncusu, sən də mühacirlərin sonuncususan”, – demişdir. Abbas Məkkənin fəthindən sonra Peyğəmbərin yanında yer aldı.

Hüneyndə İslam ordusu dağılıb çox az adam qalanda Həzrət Abbas Peyğəmbərimizin atından tutmuş və gur səsi ilə müsəlmanların təkrar toplanmalarını təmin etmiş və döyüşdə qələbə qazanılmasına səbəb olmuşdur. Beləliklə, onun gur səsi sayəsində böyük təxribatın qarşısı alındı.

Peyğəmbərimiz Vida xütbəsində faizin hər növünün haram olduğunu və ilk ləğv etdiyi faizin də əmisi Abbasa aid olan faiz borcları olduğunu demişdir. Hz. Abbas çox zəngin idi və faizə borc pul verir, yəni sələmçilik edirdi, ancaq faizin ləğv olunmasından sonra bir daha faiz pul verməklə məşğul olmamışdır. Bizans səfərlərində müsəlman orduların ehtiyacı olan silah və sürsatının maddi tərəfinin böyük hissəsini Həzrət Abbas qarşılamışdır.

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.