Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Hüseyn (r.a)

Tarix: 03.09.2013 | Bu məqalə 7. 625 dəfə oxunub.

Hz. Əli və Hz. Fatimənin ikinci övladı olan Hz. Hüseyn hicri 4-cü il şaban ayının 5-də (miladi 10 yanvar 626-cı ildə) Mədinədə dünyaya gəlmişdir.[1]

Hz. Hüseyn “şəhid” ləqəbi ilə tanınır.  

Hz. Hüseyn anadan olanda Cəbrail (ə.s) Peyğəmbərimizin (s.ə.s) yanına gələrək: “Ey Məhəmməd! Rəbbinin Sənə salamı var. Oğluna[2] Harunun oğlunun adını qoy”, − dedi.

Allah Rəsulu: “Harunun oğlunun adı nədir?” − deyə soruşdu. Cəbaril “Şəbir” deyəndə Hz. Peyğəmbər: “Mənim dilim ərəb dilidir”, – dedi. Cəbrail (ə.s) “Onda bu sözün ərəbcə qarşılığı olan Hüseyn adını qoy”, – dedi.[3]

Rəsulullah nəvəsinin qulağına əzan oxuyaraq ona o vaxtadək ərəblərdə olmayan Hüseyn adını qoydu. Anadan olandan yeddi gün sonra isə nəsiqə (əqiqə) qurbanı kəsdirdi. Hz. Fatiməyə kasıblara uşağın saçı ağırlığında gümüş paylamağı tapşırdı. Hz. Hüseyn qardaşı Həsənlə birlikdə Əbu Əbdürrəhman əs-Süləmidən qiraət öyrəndi.[4]

İlk iki xəlifənin dövründə qardaşı Hz. Həsən kimi Hz. Hüseynin fəaliyyəti haqqında da məlumat çox azdır. Hz. Osmanın xəlifəliyi dövründə isə Sad ibn Asın başçılığı ilə Kufədən Xorasana təşkil olunan hərbi səfərdə qardaşı ilə bərabər iştirak etdi.

Hz. Osmanın şəhid edilməsi ilə nəticələnən hadisələrdə Hz. Əli onları (Hz. Həsən və Hz. Hüseyni) evi üsyançılar tərəfindən mühasirəyə alınan Hz. Osmanı qorumağa və evinə su daşımağa göndərdi.

Hz. Hüseyn atasının xəlifəliyi dövründə Kufəyə gedərək bütün səfərlərdə iştirak etdi. Atasının şəhadətindən sonra isə onun vəsiyyətinə uyğun olaraq qardaşına tabe oldu. Hz. Həsən hakimiyyəti Müaviyəyə buraxanda qardaşına etiraz etdi. Lakin onun etirazı qəbul edilmədi və qardaşı ilə birlikdə Mədinəyə getdi.[5] Daima qardaşının yanında oldu. Hz. Həsənin vəfatından (49/669) sonra I Yezidin hakimiyyətə gəlməsinə qədər ibadətlə məşğul olmağa, zöhd və təqvalı həyat yaşamağa üstünlük verdi.

Müaviyə ömrünün sonlarına yaxın oğlu Yezidi özünə vəliəhd seçəcəyini və hakimiyyəti özündən sonra ona verəcəyini bildirdi. Bu hadisə bütün müsəlmanlar kimi Hz. Hüseyni də narahat etməyə başladı.

Mədinə valisi Mərvanın Müaviyənin göndərdiyi məktubu Məscidi-Nəbəvidə oxuması xalqın qəzəb və etirazlara səbəb oldu. Müaviyə məktubda mədinəlilərdən öz yerinə xələf təyin etdiyi oğlu Yezidə beyət edib tabe olmağı tələb edirdi. Əbdürrəhman ibn Əbu Bəkir Mərvana onun və Müaviyənin yalan söylədiyini, Bizansdakı kimi hakimiyyəti atadan oğula ötürmək istədiklərini deyərək qarşı çıxdı. Abdullah ibn Ömər Yezidin fasiqliyini, Abdullah ibn Zübeyr isə Allaha qarşı çıxana itaət etməyin caiz olmadığını iddia edərək açıq şəkildə etirazlarını bildirdilər. Hz. Hüseyn də onlarla həmfikir idi. Mərvan Müaviyəni vəziyyətdən xəbərdar elədi. Müaviyə də dərhal Mədinəyə gələrək müxtəlif təhdidlərlə etiraz edənləri yola gətirməyə  çalışsa da, buna nail ola bilmədi. Muaviyə hicri 60, miladi 680-ci ildə xəstələndi. Oğlu Yezidə Hz. Hüseynlə yaxşı davranmağı, Hz. Zübeyrin oğlu Abdullah isə qarşı çıxarsa, ona aman verməməyi vəsiyyət elədi.

Atasının ölümündən sonra Yezid hakimiyyətə gəldi. Bu əsnada Vəlid ibn Ütbə Mədinədə, Yəhya ibn Hakim Məkkədə, Übeydullah ibn Ziyad Bəsrədə, Bəşir ibn Numan da Kufədə vali idilər.[6]

Davamı: 1 2 3 4 5 6 7

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.