Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allah Rəsulunun (s.ə.s.) həvarisi Zübeyr ibn Avvam (r.a.)

Tarix: 08.06.2013 | Bu məqalə 4. 175 dəfə oxunub.

Hz. Zübeyr bütün döyüşlərdə iştirak edir, Allah Rəsulundan (s.ə.s.) xoş sözlər, təriflər alırdı. İştirak etdiyi döyüşlərdən biri də Xəndək müharibəsi idi.

Bu döyüş Allah Rəsulunun (s.ə.s.) ərəb hərb tarixinə yazdığı yeni bir səhifə idi. Şəhərin ətrafında xəndək qazmaq o günə qədər ərəblərə məlum olmayan bir hərbi taktika idi ki, ilk dəfə Allah Rəsulu (s.ə.s.) bu döyüşdə tətbiq etmişdi. Mədinənin bir tərəfi Sel dağı idi. Başqa tərəfində də bir-birinə bitişik halda evlər yerləşirdi. Beləcə, şəhər “L”şəklində iki tərəfdən müdafiə olunurdu. Açıq qalan tərəfdə xəndək qazıldı. Hücum edən düşmən ordusu gözləmədiyi bir halla qarşılaşınca çaşıb qaldılar. Xəndəyi eninə, uzununa ölçüb-biçsələr də, keçməyə bir yer tapa bilmədilər. Hz. Zübeyr bu döyüşdə də çox böyük hünər göstərdi. Düşmən ordusu dağılmağa başlasa da, vəziyyət tam məlum deyildi. Bu vaxt Allah Rəsulu (s.ə.s.) “Kim gedib xəbər gətirər?” – deyə soruşdu. Üç dəfə təkrarlanan bu suala hər dəfə Hz. Zübeyr: “Mən, ya Rəsulullah!” – dedi. Bu döyüş çox dəhşətli bir döyüş olmuşdu. Müsəlmanlar həm aclıqla, həm də Ahzab ordusu ilə mübarizə aparmışdılar. Hər kəs aclıqdan qarnına daş bağlayırdı.

Xəndək döyüşündə müsəlmanların dost və düşməni ayırd oldu. Bu baxımdan da Xəndək döyüşü çox əhəmiyyətlidir. Döyüş vaxtı müsəlmanların məğlub olduğunu zənn edən Qürəyzə qəbiləsinin başçıları Əfəndimizlə (s.ə.s.) döyüşdən əvvəl təzələdikləri müqaviləni xəyanət edərək, pozdular. Müsəlmanlar həm Ahzab ordusu, həm də aclıqla boğuşarkən Qürəyzə qəbiləsi də arxadan bir zərbə endirdi.

Allah Rəsulunun (s.ə.s.) apardığı açıq döyüş strategiyası və gizli kəşfiyyatları nəticəsində Ahzab ordusu çox davam gətirə bilməmiş, arxaya baxmadan geri çəkilmişdi. Artıq döyüş bitmişdi. Hamı evinə çəkilib döyüşün ağır çətinliklərindən sonra dincəlmək istəyirdi. Əfəndimiz də (s.ə.s.) evinə gəlmiş və döyüş paltarını dəyişməyə hazırlaşırdı.

Peyğəmbərimiz elə zirehini əynindən çıxarmaq istəyirdi ki, Cəbrayıl (ə.) hazır oldu. Qürəyzəlilərin üzərinə hücum etmək əmr olunurdu. Qürəyzəlilər başlarına gələni təxmin etmişdilər. Həm də Əfəndimiz (s.a.s.) qarşısında tək qalmışdılar. Bel bağladıqları Əhzab ordusu dağılmış, nə Qureyş, nə qatafanlılar, nə də Xeybər yəhudilərindən kömək ala bildilər. Bir qədər müqavimət göstərdikdən sonra təslim olmağa məcbur oldular. Əvvəldən təslim olsaydılar, bəlkə də, Bəni-Nadir qəbiləsi kimi təkcə sürgün cəzası ilə canlarını qurtara bilərdilər.

Buraya ilk gələnlər arasında yenə də Hz. Zübeyr vardı. Qalanın müdafiəsinin qırılmasında Hz. Zübeyrin səyləri yaddaşlardan silinməz. Hz. Zübeyrin bu döyüşdə göstərdiyi qəhrəmanlıqları Əfəndimiz (s.ə.s.) tərəfindən rəğbətlə qarşılanmışdır. Hz. Əlinin rəvayətinə görə, Peyğəmbər (s.a.s.): “Hər peyğəmbərin bir havarisi vardır, mənim havarim də Zübeyrdir”, – sözləri ilə öz rəğbətini ifadə etmişdir. Və Allah Rəsulu yenə bu səfərdə çox az insana nəsib olan: “Atam-anam sənə fəda olsun!” – ifadəsi ilə Hz. Zübeyrə sevgisini bildirmişdir. Amma o, bunları Əfəndimizdən (s.ə.s.) bu dua və sənalarını eşitmək üçün deyil, vəzifə bildiyi üçün etmişdi.

Hz. Zübeyr həmişə Allah yolunda şəhid olmağı arzulamışdır. Bu məqsədlə Xeybərə də getmişdi. Burada onların məşhur pəhləvanları Məlhabın oğlunun: “Müsəlmanlardan qarşıma çıxan bir adam yoxdur?” – çağırışına Hz. Zübeyr özünü ortaya ataraq cavab vermişdi. Çox gərgin mübarizə getmişdi. Hətta vuruşmanı seyr edən anası dayana bilməyib: “Yoxsa oğlum öldümü, ey Allahın Rəsulu?” – deyə soruşmuşdu. Əfəndimiz (s.a.s.) də hələ bitməmiş döyüşün nəticəsini müjdələmişdi: “Xeyr, Allahın izni ilə oğlun qalib gələcəkdir!”[5]

Məkkə…

Artıq küfrün mərkəzinə İslam bayrağını sancmağın vaxtı çatmışdı. Bütün hazırlıqlarını bu istiqamətdə aparan Allah Rəsulu (s.ə.s.) onların heç nədən şübhələnməməsi üçün bütün işləri gizli görürdü. Mümkün olsa, bir quşun belə Mədinə səmasından keçib Məkkəyə uçmasına icazə verilməyəcəkdi. Hamı buna çalışır, əzm göstərirdi.

Nəhayətində insan olduğumuz üçün bütün tədbirlərinin tükəndiyi bir məqam vardır. Elə o anda İlahi inayət əli imdada çatır. Bu dəfə də elə olmuşdu. Bir qadın Mədinədən aldığı məktubu Məkkəyə aparırdı. Bundan Əfəndimiz də (s.ə.s.) daxil olmaqla heç kimin xəbəri yox idi. Allah, Elçisini bundan xəbərdar etdi. Hz. Əlinin başçılığı altında Hz. Zübeyr və Hz. Miqdad daxil olmaqla üç nəfərlik bir qrup qadının arxasınca yollandı. Qadın hələ Məkkəyə çatmamış yaxalandı. Üst-başını yoxlasalar da, bir şey tapa bilmədilər. Hz. Əli hirsləndi: “Allah və Rəsulu yalan söyləməz! Səndə məktub var!” – dedi. Qadın daha müqavimət göstərmədi, saçlarının arasında gizlətdiyi məktubu çıxarıb verdi. Məktub ələ keçmişdi, ancaq bununla bağlı Əfəndimiz (s.ə.s.) özü ölçü götürdü[6].

Məkkənin fəthi üçün yola düşən ordunun tərkibində Hz. Zübeyr də vardı və həmişə olduğu kimi yenə də öndə idi. Bu dəfə də Əfəndimizin (s.a.s.) yanından ayrılmayan Hz. Zübeyr yenə ən seçilən səhabə qrupu içində idi və Peyğəmbərimizin başçılıq etdiyi dəstənin bayrağını daşıyırdı.

Ətrafa açılma dövrü

Küfrün mərkəzi təslim olmuşdu. Ancaq Huneyndə bir ordunun müsəlmanlara qarşı hazırlandığı xəbəri gəlincə Rəsuli-Kibriya ordusu ilə oraya getdi. Bir vadidən keçəndə qəfil bir hücum oldu. Bu səbəbdən ani bir çaşqınlıq baş verdi, insanlar ətrafa səpələndilər. Hətta Allahın Rasulullahın (s.ə.s.) ətrafında çox az sayda adam qalmışdı. Əfəndimizin (s.ə.s.) qatırının ipini tutan Hz. Abbas kimi, Hz. Əbu Bəkir və Hz. Ömər kimi az sayda səhabənin içərisində yenə Hz. Zübeyr vardı. Huneyn müharibəsində də xariqüladə hünər göstərdi.

Taif müharibəsində də Hz. Zübeyr öhdəsinə götürdüyü işi başa çatdırdı. Təbuka qədər getmiş, Bizansa ilk zərbənin vurulduğu səfərdə də iştirak etmişdir. O nə əmr edilmişsə, onu da etmişdir. İslamın yayılmasına mane olan qüvvələrə qarşı  mücahədədə əlindən gələni əsirgəməmişdir.

Davamı: 1 2 3 4 5