Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allah Rəsulunun (s.ə.s.) həvarisi Zübeyr ibn Avvam (r.a.)

Tarix: 08.06.2013 | Bu məqalə 4. 176 dəfə oxunub.

Birdən dünya sarsıldı..

Hər fani kimi Həzrəti Muhammədin (s.ə.s.) də dünyadan köç vaxtı gəlmişdi. Əslində, qəlb gözü açıq olanlar bunu bilirdi. Ayə lap əvvəldən dəfələrlə xəbərdarlıq etmiş: “Sən də öləcəksən, onlar da!” – demiş və “Dininizi bu gün kamala çatdırdım!” – buyurmuşdu. “Əgər sən ölsən…” – deyib həmd və istiğfar ilə Rəbbini çox zikr etməsini xatırlatmış, ümmətinə Onun da bir fani olduğunu mesaj etmişdi. Amma xəbər qəfildən gəlmişdi. Ölümü Ona yaraşdırmırdılar. Səmanın ənginliklərindən gələn səslə Onun vasitəsi ilə danışmağa o qədər alışmışdılar ki, sanki birdən günəş tutulmuşdu. Dünyaları qaralmışdı birdən. Məscidi-Nəbəvi göz yaşlarına qərq olmuşdu. Hər tərəfdə hıçqırıq səsləri eşidilirdi. Ta ki Hz. Əbu Bəkir gəlib: “Əgər siz Ona ibadət edirdinizsə, bilin ki, O öldü. Yox, əgər Allaha ibadət edirsinizsə, O Hayy və ölməzdir”, – deyəcəyi ana qədər əshabın şokdan çıxması mümkün olmayacaqdı. Çünki bir günəş batmışdı, dünyaları qaralmışdı. İnsanların ən sevgilisi Haqqa qovuşmuşdu, insanların ən çox sevdiyi əbədi aləmə köç etmişdi. Bu ayrılığa dözmək çətin idi. Amma Hz. Zübeyr də, digər səhabələr dözdülər. Onun mübarizəsini davam etdirmək lazım idi. Onlar da bunu etdilər.

Hər kim olsa..

Allah Rəsulu (s.ə.s.) onlara yol açmışdı. Bəzi şeyləri simvolik olaraq söyləmişdi: “Siz öz işinizi görün. Nə əmr edirlərsə, onu ən gözəl bir şəkildə yerinə yetirin”, – demişdi. “Sizə kim rəhbər olursa olsun, qıvrım saçlı bir həbəşi kölə olsa belə…” deyərək rəhbərliyin çox önəmli olmadığını işarə etmişdi. O (s.ə.s.), bunu 18 yaşındakı Hz. Üsaməni orduya komandir təyin etməklə sübut etmişdi. Azad etdiyi keçmiş köləsi Hz. Zeydi də bir orduya – Bizansa qarşı göndərdiyi Mutə ordusuna komandir təyin etmiş, öz əmisinin oğlu Cəfəri, bibisinin oğlunu onun tabeçiliyinə vermişdi. Yenə Hz. Xalid müsəlman olduqdan çox az müddət sonra Hz. Ömərin də olduğu bir orduya komandir təyin edilmişdi. Eyni şeyi Hz. Amr b. As üçün də demək olar. O da əmri altında əshabın ən seçilmiş şəxsləri olmaqla bir səfərə məmur edilmişdi. Bütün bu örnəklər göstərirdi ki, rəhbər və ya məmur olmaq elə də önəmli deyildi, əsas məsələ birliyi qoruyan işlər görməkdi.

Xəlifələr dövründə

Hz. Əbu Bəkir dövründə Mədinədə qalan Hz. Zübeyr Hz. Ömərin dövründə Şama göndərildi. Hz. Zübeyr oraya Yərmuk döyüşünün qızğın çağında çatdı. Bu döyüş ölüm-qalım məsələsi idi. Qalib gəlsələr, oralara sahib olacaq, məğlub olsalar, Şam və ətrafdakı əraziləri tərk etməyə məcbur olacaqdılar. Bu vaxt oraya gələn Hz. Zübeyr orduya dayaq olmuş, döyüşün zəfərlə bitməsində ciddi səy göstərmişdi.

Hz. Ömər onu Fustatı fəth etməyə məmur etmiş, Amr ibn Asın tabeçiliyindəki orduya vermişdi. Yeddi ay mühasirədə qalan Fustat hələ fəth edilməmişdi. Hz. Zübeyr gələndən sonra Amr ibn As ordunu ona tapşırdı. Hz. Zübeyr mancanaqlar qurdurub qalaya daşlar yağdırmağa başladı. Qalanın ətrafına ip nərdivanlar çəkdirdi. Oradan qalaya girib qapıları açdılar. [7]Onun şəhid olmaq üçün mücadilə etdiyi bütün müharibələrdə bu və buna bənzər qəhrəmanlıqları çox olmuşdu.

Hz. Ömərin Haqqa qovuşmasından sonra xəlifə şurasına da daxil olan Hz. Zübeyr Hz. Əlinin xeyrinə öz namizədliyini geri götürmüşdü. Hz. Osman zamanında Mədinədə yaşayan Hz. Zübeyr dövlət işlərinə qarışmamışdı. Hz. Osmanın evi mühasirəyə alınanda oğlu Abdullahı Hz. Osmanın qapısında gözətçi qoymuş, o da atasının əmrinə əməl etmişdi. O, şəhid olandan sonra namazını qılmış, Haşrı-Kəvkəb deyilən yerdə torpağa tapşırmışdı.

Davamı: 1 2 3 4 5