Səhabələr

Fil hadisəsi

Görüş istəyi qəbul edilir. Əbrəhə iri gövdəli, heybətli və yaraşıqlı olan Abdulmuttalibi qarşısında görəndə əvvəlcə ona ehtiram göstərir, oturduğu hündür mövqedən düşüb ona yaxınlaşır, Abdulmuttaliblə birlikdə yerdə oturur və tərcüməçi vasitəsilə soruşur:

− Nəyə ehtiyacın var, məndən nə istəyirsən?

Cavab adət etdiklərindən fərqli  idi:

− Məndən götürülən və şəxsi əmlakım olan iki yüz dəvəni qaytarmağını istəyirəm.

Əbrəhə heyrətlənir. Bu, necə rəhbər idi! O, bura qarşısıalınmaz bir ordu ilə gəlmişdi, onun rəhbərlik etdiyi bölgəni yerlə-yeksan edəcəyini hayqırırdı. Amma qarşısındakı bu rəhbər şəxsi malının  arxasına  düşmüş, baş verəcək hadisələrə laqeyd yanaşırdı.

− Doğrusu, səni ilk dəfə görəndə görkəmindən təsirlənmişdim,− deyə Əbrəhə əvvəl düşüncəsini  dilə gətirir və  əlavə edir:

− Lakin səninlə danışdıqca başa düşdüm ki, fikirləşdiyim kimi deyilmişsən. Səndən götürdüyüm iki yüz dəvəni məndən istəyirsən, amma sənin və babalarının ibadətgahı olan bir evi dağıtmaq üçün gələn bir ordudan heç nə demirsən.

Abdulmuttalib təmkin və ciddiyyətini dəyişmədən bütün səmimiyyəti ilə:

− Mən yalnız dəvələrimin sahibiyəm. Şübhəsiz, o evin də onu qoruyacaq bir Sahibi var, − deyir. Bu cavab “Bu anda “istədiyim hər şeyi edərəm” deyə düşünürsən, amma iş sənin zənn etdiyin qədər asan deyil” mənasına gəlirdi. Çünki güc və qüvvətin həqiqi sahibinə sığınan zəifə Onun xaricində heç bir güc zərər verə bilməzdi və Abdulmuttalib Əbrəhəyə məhz bu gücü xatırladırdı.

Davamı: 1 2 3 4 5 6 7