Səhabələr

Gəlişindən əvvəl hazırlanan şərait

Bəli, yaşadığı dövr cəhalətin ən geniş yayıldığı dövr idi. Gözün gördüyü hər yerdə ruh dünyasını sıxan bir çox mənfiliklər vardı. Ancaq bu, ətrafında xeyir və uğur naminə heç bir hərəkətin olmaması demək də deyildi. Digər tərəfdə nadir də olsa, yaxşılıq və fəzilətdən söz açan, küfrə və cəhalətə qarşı üsyan bayrağını qaldıranlar da vardı və bunlar Onun gəlişinə zəmin hazırlanması baxımından böyük bir missiyanı həyata keçirirdilər. Xüsusilə, Varaqa ibn Nəvfəl, Zeyd ibn Amr və Quss ibn Saidənin gözləri elə hey səmalara dikilir və üfüqlərdə bəşəriyyəti yenidən qurtuluşa dəvət edəcək Son Nəbini axtarır, ətraflarına toplaşan insanlarla gələcək Müqəddəs Qonağın gecikməsinə kədərlənir və bu hislərini onlarla bölüşürdülər. Onların bir neçəsi bir yerə toplaşınca əsas mövzu məhz bu olurdu. Şeir dili ilə Onu səsləndirir, rastlaşdıqları  hər topluluğa Onun vüslət şərqiləri ilə xitab edirdilər.

Kəbədəki əks-səda və Varaqanın şərhi

Bir gün Məkkə Zeyd ibn Amrla[1] Ümeyyə ibnus-Saltın[2] söhbətinə şahid olmuşdu. Sözünü yenə Son Xilaskarın üstünə  gətirən Zeyd Ümeyyəyə bunları deyirdi:

− Allahın hökmündən və Həniflikdən başqa qiyamət günü bütün dinlər boş və faydasız olacaqdır.

Ardınca da bunları əlavə edəcək və soruşacaqdı:

− Diqqətli ol! Bu gözlənilən peyğəmbər bizdənmi, sizdənmi, yoxsa Fələstin əhlindənmi?[3]

Başqa bir dünyadan bəhs edirdilər və danışılanlar adi məsələlər deyildi. Danışanlar da Məkkənin ən müdrik adamları idi. Onların bu söhbətinə şahid olan bir başqa məkkəli Abdullah ibn Osman (Hz. Əbu Bəkir) işin əsl mahiyyətini öyrənmək üçün birbaşa Varaqa ibn Nəvfəlin yanına gedəcək və ondan bu sözlərin mənasını soruşacaqdı. Çünki onun da gözləri səmadan ayrılmır, ürəyi gözlədiyinin gələcəyi ümidi ilə çırpınırdı. Abdullah ibn Osman Varaqanın yanında oturur, Kəbənin həyətində eşitdiklərini  ona bir-bir danışır:

− Bəli, ey qardaşımın oğlu, − deyə sözə başlayır Varaqa.

Davamı: 1 2 3