Səhabələr

Gəlişindən əvvəl hazırlanan şərait

Xitabındakı mülayimlik səs tonuna da sirayət etmiş, söz qədrini bilən insana dəyərli xəbərlər verməyin həssaslığına bürünmüşdü. Sözlərinə belə davam edir:

− Əhli-kitab və bütün alimlər bu gözlənilən Peyğəmbərin əsl-kökcə ərəblərin arasından çıxacağı məsələsində həmrəydirlər. Mən şəcərə elmini də yaxşı bilirəm. Sənin qövmün əsl-nəsəb etibarilə ərəblərin ortasındadır.

sBu sözləri ilə Varaqa ibn Nəvfəl Əbu Bəkrin diqqətini çəkir, ona ünvan göstərir və qəbiləsinə bu nəzərlə baxmağa istiqamətləndirirdi. Bundan sonra Əbu Bəkir:

−  Ey əmi! Bu Peyğəmbər nə ilə gələcək, nə söyləyəcək? − deyə soruşanda Varaqa:

− Ona deyilənləri söyləyəcək. Ancaq O gəlincə nə bir zülm, nə də zülm üçün əlverişli mühit qalacaq,[4]  − deyir.

Əbu Bəkir bir dəfə də Zeyd ibn Amrın belə səsləndiyini eşidəcəkdi:

− Ey Qureyş camaatı! Nəfsim qüdrəti əlində olana and olsun ki, aranızda məndən başqa İbrahimin ardınca gedən yoxdur. Şübhə yoxdur ki, mən İbrahimin və ondan sonra da İsmailin izi ilə gedirəm. Mən indi İsmailoğullarından gələcək bir Peyğəmbəri gözləyirəm, güman edirəm, Ona da yetişəcəyəm.

Onun bu sözlərini eşidən başqa bir qoca − Amir ibn Rəbia belə səslənir:

− Əgər Onu görsən, məndən də salam söyləməyi unutma![5]

Əgər bu dünyagörmüş qocaların dedikləri doğru idisə, deməli, dünya bir çox yeniliklər ərəfəsində idi. O qədər inamlı danışırdılar ki, inanmamaq mümkün deyildi. Eyni zamanda hər ikisi eyni məsələni vurğulayır və ən incə təfərrüatına qədər gələcək o Son Peyğəmbərdən bəhs edirdilər.

Artıq Əbu Bəkir hadisələrə fərqli  gözlə baxırdı. Tez-tez Kəbəyə gedir və insanların acınacaqlı hallarına qərib-qərib tamaşa edirdi. Müdrik qocalardan eşitdikləri ölümün əkiz qardaşı olan yuxularını əsir alır, artıq yuxularında da addım-addım gələcək Peyğəmbərin ardınca gedirdi. Necə getməsin ki, rast gəldiyi, üz tutduğu hər müdrik eyni nəğməni pıçıldayır, qarşısına çıxan hər ürək dostu da eyni nəqəratı təkrarlayırdı..

Bir tərəfdə bəşəriyyət mənəvi cəhətdən tənəzzül yaşayır, digər tərəfdə qurtuluş reseptləri yazan müdriklərlə insanlar gələcək Peyğəmbərin adından Onun vəsflərinə, insanlar arasında yad edilməsindən ətrafındakı insanların xüsusiyyətlərinə qədər neçə-neçə həqiqətdən bəhs edirdilər.

Şamdakı yuxu və rahibin xatırlatdıqları

Əbu Bəkir bir gün ticarət məqsədilə Şama getmişdi. Burada bir yuxu görür: gecə Ay bölünmüş və Məkkəyə enərək buradakı bütün evlərə girmişdi. Eyni Ay yenidən bədrləndikdən sonra bir bütün  halında  onun  evinə  gəlib orada qərar tutmuşdu.

Qışqıraraq yuxudan oyanır. Həzz verən bir yuxu idi və özünü saxlaya bilməyib inandığı bir əməlisaleh rahibin yanına gedir, yuxusunu  danışır.

Rahibin üzündə “güllər açılırdı”. Cümlələrini bitirən kimi:

− Şübhəsiz ki, artıq Onun günləri gəlib çatdı, − deyir.

Çaşıb qalmışdı. Yuxusunu  yozmaq üçün müraciət etdiyi adamın nədən danışdığını başa düşməmişdi. Buna görə də:

− Sən nə deyirsən? − deyə etiraz edir. Baxışlarındakı istilik hər şeyi ifadə edirdi. Buna görə Əbu Bəkir başa düşdüyünün həqiqət olub-olmadığını təsdiq etməsi üçün:

− Gözlədiyimiz Peyğəmbərmi? − deyə soruşur. Rahib əvvəlcə başını tərpədir və sonra da gözlənilən cavabı verir:

− Bəli. Sən də Onunla birlikdə iman gətirəcək və Ona ümməti arasından ən çox köməyi də sən edəcəksən![6]

Ticarət işlərini qurtarıb Şamla vidalaşarkən zehnində yenə O vardı. Bəzən də əllərini bayraq kimi qaldırıb şeir oxumağa başlayırdı. Bir dəfə də ətrafındakı adamlardan:

− Kim Ümeyyə ibn Əbis-Saltın şeirini oxuya bilər? − deyə soruşur. Bir nəfər irəli çıxıb:

− Ümeyyənin o qədər şeiri var ki, hansını oxumağımızı istəyirsən, ey “Nəssəbətəl-ərəb”?[7] − deyə suala sualla cavab verir.

− Diqqətli olun! Bizim Peyğəmbərimiz var, − deyə cavab verir. Bundan sonra karvan əhlindən biri bunları tərənnüm etməyə başlayır:

− Diqqətli olun! Bizim bizdən olan bir Peyğəmbərimiz var ki, O, bizə təməl qaynağımızdan sabahımızla bağlı xəbərlər gətirəcək!

Davamı: 1 2 3