Səhabələr

Həbəşistan Hicrətləri

İlk vəhyin nazil olmasından beş il ötmüşdü. Rəcəb ayı idi. İbn Ərkamın evi problemləri qismən də olsa, həll etmiş, imanla bağlı məsələlərin daha sakit şəraitdə müzakirə edilməsinə zəmin hazırlamışdı. Ancaq bu, sadəcə sözügedən evlə məhdudlaşırdı, buradan çıxan  insanlar yenidən təqib edilir, xüsusilə, zəif və himayəsiz olanlar getdikcə artan zorakılığa məruz qalırdılar. Hər ötən gün məkkəlilər daha da qəddarlaşır və möminlərin müsəlman kimi yaşamaq haqqını tanımırdılar. Buna görə də, məsələnin birdəfəlik həll edilməsi lazım idi. Bu vaxt Uca Allah (cəllə cəlaluhu) Cəbrail vasitəsilə möminlərə yeni bir yol göstərmişdi: − Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə axirətdə yaxşılıq vardır. Allahın yaratdığı yer üzü genişdir. Yalnız dünyada Allah yolunda çətinliklərə səbir edənlərə axirətdə saysız-hesabsız mükafat veriləcəkdir!”[1] Ayə hər kəsə açıq şəkildə hicrət əmri verməməklə yanaşı, belə bir səfərin dini həyatı yaşamaqda gətirəcəyi rahatlıqdan bəhs edirdi. Madam ki, yer üzü genişdir, o zaman bu genişlikdən istifadə etmək lazım idi. Buna görə də Allah Rəsulu (s.ə.s.) belə istiqamət verir: − Kaş Həbəşistana gedə biləydiniz... Çünki ora etibarlı bir yerdir. Həm də orada bir məlik var ki, yanında heç kimə zülm edilməz! Həbəşistan Məkkə üçün tanış yer idi, çünki ticarət məqsədilə tez-tez oraya gedir və müəyyən ehtiyaclarını orada təmin edirdilər. Bu gediş-gəliş nəticəsində xeyli məlumat əldə etmişdilər. Buna görə də möminlər Nəcaşinin ölkəsinə sövq edilirdi.

Davamı: 1 2 3 4 5 6 7 8