Səhabələr

Həbəşistan Hicrətləri

Birinci hicrət

Peyğəmbərimizin (s.ə.s. ) bir işarəsi belə kütlələri hərəkətə gətirərdi. O ki qaldı, açıq-aşkar Həbəşistana getməyin daha təhlükəsiz olduğunu buyurur və möminləri buna təşviq edirdi. Buna görə də, səfər hazırlıqları başlayır və Məkkədəki zülmə hədəf olmaqdan qurtulub dini daha yaxşı yaşamaq üçün dördü qadın olmaqla cəmi on beş[2]nəfərlik bir dəstə yola düzəlir. Başlarında Peyğəmbərimizin (s.ə.s.) kürəkəni Hz. Osman da var idi. Təbii ki, bu hicrət fürsət axtaran qureyşlilərdən gizli ediləcəkdi. Gecənin qaranlığında və heç kimə xəbər vermədən Məkkədən yeni dünyaya hicrət başlayırdı. Bu, ilk hicrət idi; sonunda nələr olacağı məlum deyildi, amma nə əhəmiyyəti var idi?! İstiqamət verən O idisə, kədərlənməyə nə hacət?! Bəziləri piyada, bəziləri də miniklə sahilə qədər gəlib çatmışdılar. Allah yollarını açmışdı; Onları sahildə gözləyən gəmi görürlər. Yarım dinara razılaşır və hamısı bu gəmilərlə  Həbəşistanın yolunu tuturlar. Qısa müddət sonra Məkkədə Hz. Osman və həyat yoldaşı Ruqiyyə anamız, Musab ibn Umeyr, Abdurrəhman ibn Avf, Əbu Sələmə və xanımı Ümmü Sələmə anamız[3] və Osman ibn Məzun kimi tanınmış insanlar da daxil olmaqla bu adamların yoxluğu bəlli olmuş, onları axtarıb tapmaq üçün Qureyşin elçiləri arxalarınca getmişdilər. Amma çox gecikmişdilər, çünki onlar sahilə çatanda gəmilər çoxdan getmiş və möminlər sağ-salamat yelkən açmışdılar. Nəhayət, müsəlmanlar Həbəşistana gəlib çatırlar. Artıq burada nə Əbu Cəhillə Əbu Ləhəbin qoluzorluları, nə Utbə və Şeybənin həqarətləri, nə də Ukbə ilə Ümeyyənin kinayəli atmacaları var idi. Məkkədə ikən ancaq dinlərini yaşamaq üçün atdıqları hər addımda qarşılarına çıxan bütün maneələr bir anda yox olmuşdu. İndi onlar namazlarını rahatlıqla qılmaq və səmimi şəkildə Quran oxumaq fürsəti əldə etmişdilər.[4] Peyğəmbərimiz Həbəşistana gedənlərdən xeyli vaxt xəbər tuta bilməmişdi. Başlarına nə gəldiyindən məlumatı yox idi. Nəhayət, o tərəflərdən gələn bir qadın Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib Hz. Osmanı və Hz. Ruqiyyəni gördüyünü bildirir. Bu xəbərdən sevinən Allah Rəsulu: − Şübhəsiz ki, Osman və xanımı, İbrahim və Lutdan sonra ailəliklə hicrət edən ilk evin sahibidir,[5] − buyuracaqdı. Geriyə qayıdış Bu ilk hicrət Rəcəb ayında başlamışdı. Aradan iki ay keçmişdi. Ramazan ayının bir günündə Allah Rəsulu (s.ə.s.) yenə Kəbəyə gəlib Allaha ibadət edirdi. Yenə ətrafına adamlar yığışmışdı, Onun nə etdiyinə tamaşa edirdilər. Bir ara Rəsulullah (s.ə.s.) bütün varlığı ilə Quran oxumağa başlayır. “Nəcm” surəsini oxuyurdu. Eşitdikləri bu kəlam insanların  marağına səbəb olmuşdu. Onu diqqətlə dinləyirdilər. Çünki əvvəllər həmişə qalmaqal salmış və yanlarında Quran oxunarkən hay-küy qopararaq insanların Allahın kəlamından yararlanmasına mane olmaq istəmişdilər.[6] Bəlkə də, ilk dəfə bu qədər aydın eşitmiş, ilahi kəlamın ağırlığını ilk dəfə bu qədər maneəsiz duymağa fürsət tapmışdılar. Ora yığışanlar əsl məqsədlərini unutmuş, Quranın sehrli dünyasına qapılmışdılar. Ürəkləri oxşayan o ilahi bəyan, sanki, zehinlərdəki bütün kiri, pası silib-süpürmüş, onları başqa insanlara çevirmişdi. Nəhayət, Peyğəmbərimiz (s.ə.s.) surənin axırındakı səcdə ayəsini oxuyandan sonra səcdə edir. Bu nə idi? Qurana qulaq asanların hamısı nə etdiklərinin fərqinə varmadan Allah Rəsulunu təqlid edib Onunla birlikdə səcdəyə gedir. Bu kəlama və onu insanlara çatdıran Rəsulullaha (s.ə.s.) müharibə elan edənlər sanki onlar deyildi! Kəbənin Rəbbi sanki gələcək günlərin pərdəsini aralamış, bu günlərdən birini məkkəlilərə göstərirdi! Təbii olaraq bu mənzərəni kənardan görənlər də var idi; amma çox yaxın olmayan bu adamlar gördükləri mənzərəyə bir məna verə bilməmişdilər; Peyğəmbərimizlə birlikdə səcdə edən məkkəliləri qınayırdılar. Bu qınaq onları yenidən küfrə çağırırdı. Və çox keçməmiş onlar ovsunlandıqları  iddiası ilə oradan uzaqlaşırlar. Bu hadisə Həbəşistana çatana kimi ağızdan-ağıza keçərək müxtəlif təhrif və dəyişikliklərə məruz qalmışdı və həmin hadisənin təkcə zahiri tərəfləri danışılırdı. Həmin xəbərə görə, artıq bütün məkkəlilər müsəlman olmuşdu. Belə idisə, Rəsulullahdan (s.ə.s.) ayrı qalmağa nə hacət vardı?! Məkkəlilər müsəlman olubsa, deməli, artıq orada işgəncə və zülm də qalmayıb. Həqiqətən də, Həbəşistandakı müsəlmanlar bu xəbərə çox sevinmişdilər. Amma digər tərəfdən də heyrət edirdilər: bu qədər kin-küdurət, inadkarlıq iki ay ərzində necə dəyişə bilərdi, daş qəlblər necə yumşalıb Haqq qarşısında səcdəyə gedə bilərdi? Deməli, Allah istəyincə hər şey olurdu... Dərhal Məkkəyə qayıtmağa qərar verdilər. Yenə də gəmi ilə qarşı sahilə çatmışdılar. Artıq Peyğəmbərimizə, Məkkəyə, Kəbəyə, digər mömin qardaşlarına, övladlarına, mal-mülklərinə qovuşmağın həyəcanı ilə gəlirdilər. Nəhayət, Məkkəyə bir saatlıq yol qalanda işin gerçək tərəfini başa düşmüşdülər. Bir yanlışlığın qurbanı olmuşdular! Həqiqətən də, çox çətin vəziyyət idi, bir müddət iki fikir arasında qaldılar; yenidən Həbəşistana qayıtmaq, yoxsa  Məkkəyə daxil olmaq? Sonra bir hissəsi Həbəşistana qayıtmaq, digər hissəsi isə gecənin qaranlığında Məkkəyə girmək qərarını verir. Bəli, Həbəşistana qayıdanlar yenə xilas olmuşdular; düz­dür, bu qədər yaxına gəldikləri halda, Rəsulullahla (s.ə.s.) görüşə bilməmiş, Kəbəni ziyarət edib doğmaları ilə hal-əhval tutmadan geri dönmüşdülər. Amma heç olmasa, özlərini Məkkənin kin-küdurət və nifrətindən qorumuş, ibadətlərini rahatlıqla etdikləri bir şəraitə qovuşmuşdular. Məkkəyə gələnlər arasında isə özlərinə hami tapanlar, bir müddət də olsa, işgəncələrdən xilas ola bilmişdi. Lakin digərləri yenə keçmiş günlərinə geri qayıtmış və əzab-əziyyətin  daha betərinə düçar olmuşdular. Bu dəfə müşriklər əvvəlki köçü bildikləri üçün işi ehtimala buraxmır və harda rastlaşsalar, sözlə və hərəkətlə onlara işgəncə verirdilər.

Musab ibn Umeyrin vəziyyəti

Musab ibn Umeyr Məkkəli bir qisim müsəlmanların Həbəşistana hicrət xəbərini alan kimi, ümidlənmiş və bir yol tapıb həbs edildiyi yerdən qaçaraq Həbəşistana hicrət etmişdi. Allah yolunda hicrət edən ilk mühacirlərin arasında artıq o da var idi. Daha nə anasının zülm və tənəsi, nə də atasının qəzəbli baxışları qalmışdı! İndi isə şaxtalı günlərdə çıxan Günəş kimi Həbəşistan dövrü bitmiş, yenidən Məkkəyə qayıtmışdılar. Bu, anası üçün ələdüşməz fürsət idi və qayıdan kimi Musabı yenə həbs etmək istəyir. İkisi də qərarlı idi və ikisi də ağlayırdı; anası “bir xəyal uğruna” itirdiyi oğluna ağlayır, oğlu isə qəlbinin qapılarını Haqqa qıfıllamış anasının lüzumsuz inadkarlığına yanırdı. Ürəyi imanla dolub-daşan bir gəncin imana qarşı od püskürən bir ana ilə imtahanı küfrdə inadla imanda israrın bir mübarizəsi idi! Bu vəziyyət valideynləri Musabı evdən qovana kimi davam edəcəkdi. Hünas binti Malik ona qulaq asmayan bir övlada “oğul” nəzəri ilə baxmaq istəmirdi. Bir gün Musabın anası əməlli-başlı əsəbiləşmişdi. Təkidlə tələb etmişdi, amma Musab Allahını inkar edib heç cür bütlərə sitayiş etmirdi. Ananın içindəki kin övlad sevgisini kölgədə qoyurdu: − Nə istəyirsən, elə. Daha mən sənin anan deyiləm, − deyir. Musabı hər şeydən məhrum etmişdi. Oğlunu evindən qovub qapını bağlayarkən eyni zamanda qəlb qapılarını imanın üzünə tamamilə bağlamış olurdu. Bir ananın övladından qopması nə qədər çətin idisə, qəlbi imanla dolu bir övladın anasını “əbədi yoxluq” içində öz halı ilə baş-başa buraxması eyni dərəcədə dözülməz idi. Ancaq Musab dünyadakı vəzifəsində nöqsana yol vermək istəmirdi. Onun mal-mülkdə, dünya nemətlərində gözü yox idi. Başda anası olmaqla onun gözlərini bütün insanlığın imanı doldurmuşdu və bu, bir sevda olmuşdu onun üçün... Anasına yalvarırdı: − Əziz anam! Nə olar, bir mənə qulaq as! Gəl sən də yeganə ilahın Allaha, Məhəmmədin Onun qulu və Rəsulu olduğuna inan. Bu dəvət nə qədər şirin və mülayim idisə, ona gələn cavab da bir o qədər sərt və güzəştsiz idi: − Ulduzlara and olsun ki, əsla! Sənin dinini qəbul edəcək qədər nə ağlımı itirmişəm, nə də dərrakəmi! Heç bir səyi nəticə vermirdi və əlacsız qalan Musab vidalaşıb evdən uzaqlaşır. İsti bir evdən qovulmuşdu, amma dünyanın ən isti bir könlündə qurdu otağını. Rəsulullahın (s.ə.s.) hüzuruna gəldi və bir daha Ondan ayrılmadı! Artıq Musab da başqa səhabələr kimi, tapa bildiyi köhnə paltarlar geyinən, bəzən qarnı doyan, bəzən də aclıqdan qıvrılan sadə bir insan idi. O, artıq Həbbabların, Bilalların sırasına daxil olmuşdu. Gözəl ətirlər vurmağa öyrəşmiş mübarək dərisi aclıqdan və sıxıntıdan yazda qabığını dəyişən ilan dərisi kimi qabarmışdı, pul-pul olub tökülürdü. Bir gün uzaqdan Rəsulullahın (s.ə.s.) məclisinə gəlirdi. Allah Rəsulu (s.ə.s.) da ətrafındakı səhabələrlə birlikdə Musabın gəlişinə tamaşa edirdi. Musabı yorğun, amma mənəvi rahatlıq içində görənlərin gözlərindən yaş süzülürdü, başları aşağı əyilmişdi... Hamısı kədərlənmişdi... Çünki Musab tamamilə köhnəlib haldan düşmüş bir paltarda idi. Bu, onun İslamdan əvvəlki vəziyyətini bilənlərə çox toxunmuşdu. Bilal, onsuz da kasıb idi. Habbab və Ammarın da imkanları yaxşı deyildi, onlar yoxluğa öyrəşmişdilər. Amma Musab da o cür idimi? Rəsulullah (s.ə.s.) özünü saxlaya bilməyib bunları deyir: − Mən Musabı əvvəllər də görmüşdüm. Ata-anasının yanında Məkkədə ondan qiymətli heç kim yox idi. O, bunların hamısını Allah və Rəsulu üçün tərk etdi və buraya gəldi! O isə başına gələnlərə fikir vermirdi. Çünki paltar insana mənəvi rahatlıq gətirmirdi! Əgər qəlbdə iman yox idisə, qəlib bədəni sıxan daimi işgəncə idi. Onun bir hədəfi vardı; imanla bağlı göylərdən də o tərəfə uzanan bir vəsilədən yapışmış, gündən-günə dərinləşir və daim zirvəyə doğru addımlayırdı. Hər gün gələn ayələri əzbərləyir, Kamil Mürşidindən dininin incəliklərini öyrənir və imanını layiqincə yaşamağa çalışırdı. 

Davamı: 1 2 3 4 5 6 7 8