Səhabələr

Həbəşistan Hicrətləri

İkinci hicrət

 Sıxıntılar hər gün daha da artırdı. Nəhayət, Rəsulullah (s.ə.s.) çıxış yolunu yenə Həbəşistana getməkdə görür, yenə Həbəşistanı göstərirdi. Çünki əvvəl gedənlərin orada hansı şəraitdə qaldığını eşitmişdi və buna görə də Allah Rəsıılu (s.ə.s.) hələ Məkkədə bərqərar olmayan bir rahatlığı daha çox insanın əldə edə bilməsi üçün ümmətinə Həbəşistana getməyi məsləhət görürdü. Ancaq Allah Rəsulunu da (s.ə.s.) öz aralarında görmək istəyirdilər. Buna görə də Hz. Osman Allah Rəsuluna (s.ə.s.) bunları  deyəcək və onların arasında belə bir dialoq olacaqdı: − Ya Rəsulallah! Birinci dəfə biz getdik. İkinci dəfə yenə Nəcaşinin yanına gedəcəyik! Kaş Sən də bizimlə birlikdə olaydın! − Siz həm Allaha, həm də Mənə hicrət etmiş olursunuz! Başqa sözlə, sizə iki hicrət savabı var! − Bizə bu da kifayətdir, ey Allahın Rəsulu! Artıq yola çıxmaq vaxtı gəlib çatmışdı. Amma bu, müşriklərin də bildiyi bir yol idi; əvvəlcədən öz tədbirlərini görmüşdülər və möminləri bir daha əldən qaçırmamaq üçün daha sayıq hərəkət edirdilər. Həm də bu dəfə daha çox adam gedəcəkdi. Elə isə daha artıq diqqətli olmaq və bunu heç kimə hiss etdirməmək üçün daha çox tədbir görmək, işi ehtimala buraxmadan daha planlı hərəkət etmək lazım idi. Beləcə, bir gecə yenə yola düşmüşdülər. Sahilə tərəf yeni bir səfər başlamışdı. Bu dəfə on səkkizi qadın olmaqla cəmi yüz bir nəfər idilər.[7] Bütün tədbirlərə baxmayaraq, yenə də müsəlmanların getdiklərini eşidən Qureyş böyük təlaş yaşayırdı. Əvvəlki hicrətin nəticəsini və Nəcaşinin müsəlmanlarla olan rəftarını da bilirdilər. İndi gedənlərin sayı isə əvvəlkinə nisbətən daha çox idi. Böyük bir problemlə qarşılaşmışdılar; öz ovuclarının içində olarkən həll edə bilmədikləri bu məsələnin öhdəsindən ölkələrarası səviyyəyə çatandan sonra necə gələ biləcəkdilər? Həqiqətən də, məsələ artıq onların nəzarətindən çıxmaq üzrə idi! Həmzə ilə Öməri itirməyin dərdi bellərini bükmüşdü. Bu, düşmən kimi qəbul etdikləri cəbhəyə − müsəlman cəbhəsinə böyük güc vermişdi. İndi isə məsələ tamamilə onların  nəzarəti xaricində cərəyan etməyə başlamışdı. Dərhal yığışıb bu məsələni birdəfəlik həll etmək üçün uzun-uzadı müzakirə apardılar. Nəticə olaraq bu qərara gəldilər: nəyin bahasına olursa-olsun, Nəcaşini inandırmaq və əllərindən qaçan müsəlmanları geri təslim almaq... Bu məqsədlə işin öhdəsindən gələ biləcək iki adam seçirlər. Bunlar Amr ibnul As və Abdullah ibn Əbi Rəbia idi.[8] Onların ikisi də hökmdarlar hüzurunda danışmağı bacaran, həmçinin Nəcaşi ilə tanışlığı olan adamlar idi. Qureyş işi bəxtə buraxmaq istəmirdi. Buna görə də hər iki elçini dönə-dönə təlimatlandırır və necə hərəkət etmələri ilə bağlı yol göstərirdi. Bundan başqa, başda Nəcaşi olmaqla hökmdarın ətrafındakı sözü keçən adamlara xüsusi hədiyyələr hazırlamışdılar. Hətta bu hədiyyələri necə verəcəkləri məsələsini də bütün təfərrüatı ilə elçilərinə başa salırdılar; hökmdardan əvvəl onun yaxın adamlarını razı salmaq, sonra da Nəcaşiyə hədiyyəsini təqdim edərək gedənlərin qaytarılmasını xahiş etmək... Plana görə, əvvəlcə bol hədiyyələrlə razı salınan, pərdə arxasında öz fikirləri çərçivəsində istiqamətləndirilən vəzir və din adamları da məkkəlilərin elçilərini dəstəkləyəcək, beləliklə, Nəcaşi də hamının razı olduğu bir məsələyə qarşı çıxmayacaq və müsəlmanları onlara təhvil verəcəkdi! 

Davamı: 1 2 3 4 5 6 7 8