Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Hüseyn (r.a)

Tarix: 03.09.2013 | Bu məqalə 7. 625 dəfə oxunub.

Yezid Hz. Hüseyn, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyrdən beyət almaq üçün hərəkətə keçdi. Mədinə valisi Vəlid ibn Ütbəyə məktub yazaraq adı çəkilən şəxslərin beyət etdirilməsini istədi.[7] Vəlid ibn Ütbə isə  məsləhətləşmək üçün sabiq Mədinə valisi, Hz. Osmanın katibi olmuş Mərvan ibn Hakəmi çağırdı. Mərvan isə:

Üçünü də çağır və Yezidə beyət etdir. Əgər etməslər, hamısının boynunu vur! dedi.[8]

Vəlid də onun məsləhətinə uyğun olaraq onları çağırdı. Vəlidin yanına gələn Hz. Hüseyn onu bir az dinlədikdən sonra otaqdan çıxmaq istədi. Haşimoğullarının qatı düşməni olan Mərvan:

Hüseyn indi beyət etmədən gedərsə, hər iki tərəfdən bir çox adam ölüdürlmədikcə onu ələ keçirə bilməzsən. Beyət etməsə, onu öldür,  dedi.

Hz. Hüseyn otaqdan çıxdı. Vəlid ibn Ütbə isə Mərvanın bu sözünə cavab olaraq:

Ey Mərvan! And içirəm ki, bütün dünyanı mənə versələr, Hüseyni öldürə bilmərəm. Allaha and içirəm ki, sabah Haqq divanında Hüseynin qanının hesabı verən adamın halı yamandır, ‒ dedi.[9]

Abdullah ibn Ömər isə: “Xalq beyət edərsə, mən də edərəm”, ‒ cavabını verdi. Onu çox təhlükəli görmədikləri üçün bu şərtinə heç nə demədilər.

Abdullah ibn Zübeyr Vəlidin dəvətinə getmədi. Dəvətdən bir gün sonra (hicrtətin 60-cı ili rəcəb ayının 25-də) qardaşı Cəfər ibn Zübeyrlə birlidkə gizlincə Məkkəyə tərəf hərəkət elədi. Ertəsi gün Vəlid onun dalınca adam yollasa da, tapa bilmədi və Məkkəyə getdiyini öyrəndi.[10]

Hz. Hüseyn də qardaşı Məhəmməd ibn Hənəfiyyənin məsləhətinə əməl edərək ondan bir gün sonra bacıları Ümmü Gülsüm, Zeynəb, qardaşları Əbu Bəkir, Cəfər, Abbas və ailəsi ilə bərabər Məkkəyə getdi. Qardaşı Məhəmməd ibn Hənəfiyyə isə Mədinədə qaldı. Abdullah ibn Abbas da bir neçə gün əvvəl Məkkəyə getmişdi.[11] Hz. Hüseyn yolda Mədinədən qayıdan Abdullah ibn Muti ilə qarşılaşdı. Abdullah ibn Muti ona Məkkəyə çatandan sonra Kufəyə dəvət olunarsa, ora getməməyi tövsiyə etdi və: “Ora əsla ayaq basma! Çünki ora çox uğursuz bir yerdir. Atanı orda şəhid etdilər. Qardaşını orda tək qoydular. Sən Məkkədən ayrılma”, ‒ dedi. Hz. Hüseyn isə: “Allah nə istəyirsə, o da olacaq”, ‒ deyib yoluna davam etdi.[12]

Yezid Vəlidin Hz. Hüseynlə yumşaq rəftarından ötrü onu vəzifəsindən kənarlaşdırıb yerinə Amr ibn Səidi Mədinə valisi təyin etdi. Amr ibn Səid Hz. Zübeyrin digər oğlu Amrı iki min nəfərlik orduyla qardaşı Abdullahın üzərinə Məkkəyə göndərdi. Abdullah qardaşına qalib gələrək onu həbs elədi. Buna görə də Hicazda şöhrəti artdı.

Hz. Hüseyn Məkkədə olarkən kufəlilər onu Kufəyə dəvət etdilər. Gələrsə, təhlükəsizliyini təmin edib onu qoruyacaqlarına söz verdilər. Dalbadal bir neçə dəvət məktubu göndərdilər.[13]

Hz. Hüseyn onların atası və qardaşına necə davrandıqlarını yaxşı bildiyi üçün əvvəlcə tərəddüd etdi. Çünki Məkkəyə gələndə yolda qarşılaşdığı Abdullah ibn Muti də kufəlilərə etibar etməməyi, Məkkədən çıxmamağı məsləhət görmüşdü. Amma Hz. Hüseyn əmizadəsi Müslim ibn Aqili özünün vəkili kimi Kufəyə göndərdi.[14] Müslim Kufəyə çatdıqda Muxtar ibn Əbu Übeyd əs-Səqafinin evinə getdi. Əhli-beyt tərəfdarı olan kufəlilər Müslimin gəldiyini eşidib oraya toplandılar. Müslim onlara Hz. Hüseynin məktubu oxudu.[15] Hz. Hüseynin məktubu oxunarkən ağlayan kufəlilər onu müdafiə edib qoruyacaqlarına bir daha söz verdilər. Bunu eşidən Kufə valisi Numan ibn Bəşir minbərə çıxaraq xalqı fitnə və təfriqədən uzaq olmağa çağırdı. Numan ibn Bəşir xasiyyətcə həlim, sülhsevər və ibadətə əhəmiyyət verən insan idi. Yezidin Kufədəki xəfiyyələri[16] ona məktub yazaraq Müslim ibn Aqilin Kufəyə gəlib kufəliləri Hz. Hüseynə tabe olmağa çağırdığını, Numan ibn Bəşirin fərasətsiz olduğunu və onun yerinə təcili başqa bir adamın göndərilməsini bildirdilər.[17]

Bu xəbər Şama çatanda Kufə valisi Numan ibn Bəşir vəzifəsindən azad edildi. Onun yerinə Bəsrə valisi Übeydullah ibn Ziyad təyin edildi.[18]

Übeydullah ibn Ziyad camaatı Bəsrə mərkəzi məscidinə yığaraq Kufəyə gedəcəyini və qardaşını yerinə vəkil təyin etdiyini, kim onun sözündən çıxar və itaətsizlik edərsə, şiddətlə cəzalandıracağını bildirdi.[19] Übeydullah ibn Ziyad çox keçşmədən Kufəyə gəldi və xalqı (hədələyərək) Yezidə itaət etməyə çağırdı. Müslim ibn Aqil Übeydullah ibn Ziyadın Kufəyə gəlib xalqı hədələdiyini, sabiq vali Numan ibn Bişrin də Şama getdiyini öyrənən kimi qaldığı yerdən (Muxtarın evindən) çıxaraq kufənin nüfuzlu adamlarından sayılan Hani ibn Ürvənin evinə üz tutdu. Əhli-beyt tərəfdarları da oraya toplaşmağa başladılar. Bəsrədə şöhrət qazanmış Şərik ibn Avər Haninin evində xəstə yatırdı. Onu ziyarətə gələn Übeydullah ibn Ziyadı öldürmək üçün plan qursalar da, bu, baş tutmadı.[20]

Davamı: 1 2 3 4 5 6 7

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.