Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Hüseyn (r.a)

Tarix: 03.09.2013 | Bu məqalə 7. 625 dəfə oxunub.

Hz. Hüseyn Zübalədə olanda Müslim ibn Aqilin yanına göndərdiyi süd qardaşı Abdullah ibn Bukturun da ölüm xəbəri gəldi. Məktubu yanındakılara oxuyandan sonra  “Kim istəyirsə, geri dönsün” dedi. Ona sonradan qoşulanlar dağıldılar. Mədinədən onunla birlikdə yola çıxanlar isə yerlərindən tərpənmədilər. Hz. Hüseyn qafiləsi ilə birlikdə Əqiq vadisinə qədər irəlilədi.

Übeydullah ibn Ziyad Hz. Hüseyni tutmaq üçün Hürr ibn Yezid adlı sərkərdəsini min nəfərlik ordu ilə ona qarşı göndərdi.[36] Qadisiyyə istiqamətindən gələn Hürr Hz. Hüseynin qafiləsi ilə Siraf adlı yerdə qarşılaşdı. Hz. Hüseyn oraya dəvətlə gəldiyini, əgər sözlərindən dönmüşlərsə, geri qayıdacağını söylədi. Fəqət Hürr onları Kufəyə, Übeydullahın hüzuruna aparmaq üçün gəldiyini bildirdi. Hz. Hüseyn “Ölüm bundan yaxşıdır”[37], deyib geri dönmək istədi, amma Hürr ona mane oldu. Birlikdə Uzeyb adlı yerə tərəf getməyə başladılar.

Yolda rastlaşdığı insanlardan Kufədəki vəziyyəti soruşdu. Hz. Hüseynə: “Məmurlar çoxlu rüşvət alaraq kisələrini doldurdular. Hamısı Sənin əleyhinədir. Onların qəlbləri səninlə olsa da, qılıncları sabah Sənə qarşı sıyrılacaqdır”, dedilər.[38]

Ertəsi gün məhərrəmin ikisi, cümə axşamı idi. Hz. Hüseyn və tərəfdarları geri qayıtmaq istəsələr də, Hürr onların üzünü Kufəyə tərəf çevirdi.[39]

Kərbəlada mühasirədə olduqları əsnada Übeydullahdan bir məktub gəldi. Məktubda: “Bu məktubu harda alsan, Hz. Hüseyni orada, susuz və kimsəsiz bir yerdə saxla”, yazılmışdı.[40]

Hz. Hüseyn yaxınlıqda yerləşən kənddə qalmaq istəsə də, Hürr Übeydullahdan qorxduğu üçün bu təklifi rədd etdi və onu susuz bir yerdə saxladı. Hz. Hüseyn bu yerin adının Kərbəla olduğunu öyrəndikdə: “Bura Kərb və Bəla yeridir. Çox qəribədir ki, atam Siffinə gedəndı mən də yanında idim. Bura gəlib çatanda “Bu yerin adı nədir?” deyə soruşdu. “Kərbəla” cavabını alanda “Allahın hökmü belədir ki, Hz. Məhəmmədin soyundan bir dəstə adam bu yerə enəcək və müsibətlə üzləşəcək” demişdi”,dedi.[41] Uca Allahın hökmünə boyun əydi.

Übeydullah ibn Ziyad Ömər ibn Sadı Reyə vali təyin etmişdi. Hz. Hüseyn mühasirəyə alınanda onu geri çağırdı və Hz. Hüseynin üstünə getməyi əmr elədi. Ömər ibn Sad getməmək üçün çox xahiş etdi. Übeydullah isə getmədiyi təqdirdə Rey valiliyindən azad ediləcəyini və ailəsi ilə birlikdə öldürüləcəyini bildirdi.[42] Ömər ibn Sad istəməyərək təklifi qəbul etməli oldu.

Kufədən Ömər ibn Sadın başçılığı ilə əlavə dörd min süvari gəldi. Übeydullah ibn Ziyad bu ordunu da Hz. Hüseyni ələ keçirmək üçün göndərmişdi. O da Hz. Hüseynin geri qayıtmaq istəyinə razı olmadı. Übeydullah Hz. Hüseynin geri dönmək istədiyini biləndə əvvəlcə onu sərbəst buraxmaq istədi. Lakin Şimrin məsləhəti ilə bu fikrindən daşındı. Son və qəti qərar verən Übeydullah: “Hüseyn bizim əlimizə düşəndən sonra qurtulmaq istəyir? Sən ona təklif et. Yezidə beyət etsin. Bundan sonra bir çarə qılaram. Əgər beyət etməsə, su vermə”, şəklində məktub yazıb Ömər ibn Sada göndərdi.[43]

Ömər ibn Sadın göndərdiyi beş yüz nəfər süvari Hz. Hüseynin dəstəsi ilə çayın arasında dayandı. Bu atlılardan biri Abdullah ibn Əzdi:

– Ey Hüseyn! Uzaqdan suya baxarsan, fəqət susuzluqdan ölənədək bir udum su içə bilməzsən”,deyə qışqırdı.

Hz. Hüseyn bu sözə çox təəssüflənərək:

Ya Rəbbim! Onu susuzluqla öldür!   deyə Allaha yalvardı.

Bir müddət sonra o zalım ağır xəstəliyə tutulub susuzluqdan öldü.[44]

Hz. Hüseyn yenə geri dönmək üçün gecələr Ömər ibn Sadla danışıqlar apardı.[45] Ömər ibn Sad Hz. Hüseynin geri dönmək istəyini məktubla Übeydullaha bildirdikdə o, Şimr adlı qəddar bir şəxsi Ömər ibn Sadın yanına göndərdi. Yolladığı məktubda da: “Hüseyn və adamları təslim olsalar, yanıma göndər. Əgər təslim olmasalar, onlarla döyüş və onları atların ayaqları altında əz. Əgər əmrimi yerinə yetirməsən, sərkərdəlikdən əl çək və ordunu Şimrə təhvil ver” deyə əmr edirdi.[46]

Davamı: 1 2 3 4 5 6 7

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.