Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hz. Hüseyn (r.a)

Tarix: 03.09.2013 | Bu məqalə 7. 625 dəfə oxunub.

Übeydullahın məktubundan xəbərdar olan Hz. Hüseyn qardaşı Abbası göndərərək ertəsi günə qədər düşünmək üçün möhlət istədi. Ömər ibn Sad da sərkərdələri ilə məsləhətləşəndən sonra möhlət verdi. Hz. Hüseyn tərəfdarlarına yanından ayrılaraq canlarını qurtarmağı təklif etdi. Ancaq heç kim onu düşmənlə düşmən qarşısında tək qoyub getmədi.[47]

Hz. Hüseyn tərəfdarlarının qətiyyətini gördükdən sonra müdafiə tədbirlərinə başladı. Bu  məqsədlə çadırları sıxlaşdırdı, ətrafına odun və qamış yığdırdı ki, düşmən yaxınlaşanda ona od vurub özlərini müdafiə etsinlər.[48]

Ertəsi gün səhər 6 minlik əməvi ordusu hərəkətə keçdi. Rəsulullahın nəvəsi və əhli-beytin dirəyi olan Hz. Hüseynin isə 32 süvari və 40 piyadası vardı. Cəmi yetmiş iki nəfər idilər. 6 min nəfərə qarşı 72-i nəfər.

Əvvəlcədən hazırlanmış qamış və odunu qalaqlarını yandıraraq yan və arxa cinahları təhlükəsiz hala gətirdilər. Hz. Hüseyn isə  dəvəsinə minib meydana çıxdı və üstlərinə gələn gözlərini qəzəb tutmuş insanlara belə səsləndi:

“Ey əhali! Mənim kim olduğumu düşünün. Sonra vicdanla qərar verin. Ondan sonra baxın  mənim qanım sizə halaldımı? Mən sizin Peyğəmbərinizin qızının oğlu deyiləmmi? Peyğəmbərin əmisi oğlunun oğlu deyiləmmi? Peyğəmbərin bu hədisini eşitmədinizmi? Qardaşımla mənim haqqımda: “Siz cənnət gənclərinin rəhbərlərisiniz və əhli-sünnənin gözünün nurusunuz”demədimi? Əgər mənə inanmırsınızsa, aranızda bunu bilənlər var. Abdullahın oğlu Cabirdən, Əbu Səidə və Ərqamın oğlu Zeyddən soruşun. Onlar Peyğəmbərdən bu hədisi eşitdiklərini sizə deyərlər. Məndən nə istəyirsiniz? Yoxsa hansınızınsa canına qıymışam? Yaxud kiminsə malını zorla qəsb etmişəm? Ey filankəslər! Məktub göndərib məni buraya dəvət etmədinizmi? Əgər məni istəmirsinizsə, buraxın, geriyə, öz məmləkətimə dönüm,”− dedi.[49]

Ömər ibn Sad: “Əgər iş məndən asılı olsaydı, təkliflərini qəbul edərdim”,− dedi.

Hz. Hüseynin bu xitabından sonra, əməvi ordusunda qarışıqlıq düşdü. Ömər ibn Sad orduya hərəkət əmri verirdi ki, sərkərdə Hürr ona:

– Mən səndə bir qəribəlik görürəm. Heç bir döyüşdə səni bu qəribə görməmişəm. “Kufəlilərin ən qəhramanı kimdir?” deyə soruşsaydılar, səni göstərərdim. And içirəm ki, öz nəfsimi cənnətlə-cəhənnəm arasında sərbəst buraxaraq cənnəti üstün tuturam.”− dedikdən sonra, silahını  götürərək Hz. Hüseynin yanına gəldi və ona:

Allah məni sənə fəda etsin. Ey  Rəsulullahın oğlu! Sənin qayıtmağına mane olan və səni burda saxlayan mənəm, − deyərək üzr istədi. Hz. Hüseyn Hürrü bağışladığını bildirdikdən sonra Hürr öz yoldaşlarına tərəf getdi və onlara belə xitab etdi:

-“Ey insanlar! Hüseynin təkliflərindən birini qəbul edin ki, Allah da sizi bağışlasın. Ey Kufəlilər! Hüseyni siz çağırdınız, “Canımız yoluna fəda olsun!” dediniz, sonra da öldürməyə niyyətlənərək mühasirəyə aldınız. İndi burada mühasirədədir. Onu xristianların, yəhudilərin içdiyi Fəratın suyundan məhrum etdiniz. Ailəsi ilə birlikdə susuzluqdan əziyyət çəkirlər. Hz. Məhəmmədin ailəsindən olan bir adamla necə də pis rəftar edirsiniz. Əgər tövbə edib fikrinizdən dönməsəniz, susuzluq günü Allah da sizə su verməz”[50]  

Lakin Hürrün sözlərinə oxlarla cavab verdilər. Piyadalar hücuma keçməyə başladılar.

Hz. Hüseynin tərəfdarları mətanət və qəhrəmanlıqla vuruşurdular. Məsələn: Abdullah ibn Umeyri əl-Kəlbi qarşısına çıxan iki düşməni öldürdükdən və barmaqları kəsildikdən sonra, onun yanına gələn xanımı: “Anam, atam sənə fəda olsun! Fatimənin övladı yolunda döyüş!” dedi və əlinə bir dəyənək alaraq əriylə birlikdə vurşmağa başladı. Ancaq Hz. Hüseynin əmri ilə döyüş meydanından çıxmalı oldu.[51]

Təkbətək çarpışmalarda Hz. Hüseynin tərəfdarlarının üstün gəldiyini görən düşmənlər dəstə şəklində hücuma keçdilər. Bu hücumlar zamanı Peyğəmbər soyuna yaxınlığı və igidliyi ilə tanınan Müslim ibn Əvsəcə ölümcül yaralandı. Hz. Hüseynin sol cinah qüvvələrinin başçısı Həbib onun yanına gedərək:

“Sənin yaralanmağın mənə çox kədərləndirdi. İnşallah, cənnətə gedərsən. Nə vəsiyyət edirsən, de, yerinə yetirim”− dedikdə Müslim əli ilə Hz. Hüseyni işarə edərək:

“Bax onun uğrunda canının fəda et, sənə vəsiyyətim budur”, −deyərək son nəfəsini verdi.[52]

Hürr də qəhrəmanlıqla döyüşürdü. Süvarilərlə çarpışmada məğlub olan Yezidin tərəfdarları beş yüz oxçu ilə Hz. Hüseynin dəstədini ox yağışına tutdu. Ancaq Hz. Hüseynin tərəfdarları böyük fədakarlıq və rəşadətlə döyüşü davam etdirdilər. Bu dəfə əməvi ordusu arxadan hücum etməyə başladı. Bəziləri çadırları yağmaladılar, içində əhli-beytin olduğu alaçıqları yandırdılar. Bu əsnada şəhid olan Abdullah ibn Ümeyrin cənazəsinin başında “İnşallah, Cənnətə qovuşdun!” deyib ağlayan zövcəsini Şimrin əmri ilə öldürdülər. Ürəyi qoyumayan Şimr Hz. Hüseynin böyük çadırını xanımı və uşaqları ilə birlikdə yandırmağa cəhd etdi. Ancaq yanındakılar onu bu fikrindən güc-bəla ilə döndərə bildilər.[53]

Günorta namazı vaxtı Əbu Səmamətüs-Saidi:

“Ey Hüseyn! Sənə canım fəda olsun! Düşmən sənə yaxınlaşdı. And içirəm ki, mən yolunda canımı vermədikcə heç kəs səni öldürə bilməz. Amma bu namazı da sənin arxanda qılaraq Allaha qovuşmaq istəyirəm.”−dedi. Hz. Hüseyn ona xeyir-dua verdikdən sonra namaz qılmaq üçün döyüşün dayandırılmasını təklif etdi.

Yezidin tərəfdarı Hüsayn ibn Numeyr:

-“Sizin namazınız qəbul olmaz”−dedikdə. Həbib ibn Müzahir:

-“Rəsulullahın soyunun namazı qəbul olmayıb səninki olacaq?”−deyə ona layiq olduğu cavabı verdi. Az sonra bu igid də şəhid oldu. Namaz fasiləsi ilə bağlı təklif isə qəbul edilmədi.[54]

Davamı: 1 2 3 4 5 6 7

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.