Yeni hücumda Hz. Hüseynin yanındakılar qəhrəmancasına şəhid oldular. Hürr, Züheyr ibn Qayn, Nafi ibn Hilal bu ilk hücumda şəhid olanlardandır.
Şimr növbəti dəfə hücuma keçəndə Hz. Hüseynin yanındakılar Rəsulullahın əvvəl Allaha, sonra da möminlərə əmanət etdiyi əhli-beytini qorumaq və onun uğrunda ölmək üçün bir-biri ilə yarışmağa başladılar.
Ömər ibn Sad ordusunda olan Ürvətul Ğifarinin iki oğlu, Hanzalə, Abis ibn Əbi Şəbib və köləsi Şəvzəb Hz. Hüseynin yanına gələrək Rəsulullahın nəvəsinin ətrafında bir-bir şəhid oldular.
Həmin gün əhli-beytdən ilk şəhid olan Hz. Əlinin oğlu Əliyyi-Əkbərdir. O, qəhrəmanlıqla vuruşaraq şəhidlik şərbətini içdi. Sonra Hz. Hüseynin oğlu Abullah, Hz. Həsənin oğulları Əbu Bəkir və Qasım, Hz. Əlinin digər oğulları – Abbas, Cəfər, Abdullah, Osman, Məhəmməd və Əbu Bəkir ilə Mutə döyüşündə şəhid olan Abdullah ibn Cəfərin iki oğlu-Avn və Məhəmməd, Aqilin oğulları – Cəfər, Əbdürrəhman, Abdullah və Aqilin nəvəsi Müslimin oğlu Abdullah və digərləri qəhrəmanlıqla vuruşaraq şəhid oldular.[55]
Hz. Hüseynə zərbə vurmağa cəsarət edə bilməyən düşmən onun ətrafında fırlanırdı. Kiçik oğlu Abdullah Hz. Hüseynin yanında idi. O da aldığı ox zərbəsi ilə şəhid oldu. Hz Hüseyn göz yaşları ilə düşmənlərinə bəddua etdi. Sonra su içmək üçün Fərata yaxınlaşdı. Lakin düşmənlər Onu ox yağışına tutaraq su içməyinə imkan vermədilər. Sifətindən dəyən oxla yaralandı. Hz. Hüseyn üzündən axan qanları silərkən yenə onlara bəddua elədi.[56]
Şimr Hz Hüseynin qadın və uşaqlarını öldürmək, yəni əhli-beyti yox etmək fikrində idi. Hz. Hüseyn misilsiz bir qəhrəmanlıqla döyüşürdü. Şimr əsgərləri Hz. Hüseynin üstünə göndərdi. Züra ibn Şəriki-Təmimi Hz. Hüseynin sol əlini, başqa bir adam da sol ayağını qılıncla yaraladı. Hz. Hüseyn yerə yıxılanda Sinan ibn Ənəs adlı bir nəfər nizasını ona sancdı. Havli Əshabi-Yezid bu şanlı şəhidin başını kəsməyə cəhd elədi. Lakin gördüyü işin dəhşətindən əlləri titrədiyinə görə, Sinan atından enərək Hz. Hüseynin mübarək başını kəsib Havliyə verdi.[57]
Sonra da mübarək şəhidin paltar və silahını öz aralarında bölüşdürdülər. Bundan sonra çadırları yağmalayaraq qadınların üstündəki zinət əşyalarını da götürdülər.
Hz. Hüseyn hicri 61-ci il, məhərrəm ayının 10-da (10 oktyabr 680-cı ildə), cümə günü günortadan sonra şəhid edildi.[58]
Hz. Hüseyn şəhid ediləndə əlli yeddi yaşında idi. Bədənində çoxlu ox yarası, 33 mizraq, 34 qılınc izi var idi.[59]
Bu faciədə Hz. Hüseynin yalnız iki oğlu – xəstə yatan iyirmi üç yaşlı Əliyyi-Əsğər və dörd yaşlı Ömər sağ qaldı.[60] Hz. Hüseynin Fatimə və Səkinə adlı iki qızı isə əsirlər arasında idi.
Hz. Hüseynin soyundan gələnlər seyid adlanır.
Yezid Hz. Hüseynin şəhid edilməsinə və əhli-beytə verilən işgəncələrə kədərləndiyini bildirsə də, heç birini vəzifədən kənarlaşdırmaması, cəzalandırmaması sözlərində səmimi olmadığını göstərməkdədir.[61] Kərbəla hadisəsi İslam dünyasını hüznə qərq elədi.