Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Gözlənilən Son Peyğəmbər Hz. İbrahimin əmanətini gətirib qoyduğu yerdə zühur edəcəkdi. Ancaq bunun üçün aradan xeyli müddət  keçməli idi.

Hz. İbrahimdən sonra burada daimi məskən salan Hz. İsmailin on iki oğ­lu dünyaya gəlir. Oğlanlarından Nabitin digərlərindən fərqlənməsi diqqəti cəlb edirdi. Eyni xüsusiyyət Nabitin oğlu Yəşcubda da özünü büruzə verir. Bu fərqli cəhətlər ardıcıllıqla Yarub, Teyrah, Nahur, Muqavvim, Udad və Adnana qədər davam edir. Aydın idi ki, bu şəcərədə özünəməxsus bir əsilzadəlik və peyğəmbərlik yükünü daşıya biləcək fərqli bir xüsusiyyət var idi.

Peyğəmbərimizin iyirminci babası Adnandan atası Abdullaha kimi bütün babalarında − Maad, Nizar, Mudar, Malik, Fihr, Qalib, Lüeyy, Kəb, Mürrə, Kilab, Qusayy (Zeyd), Abdimənaf (Müğirə), Haşim (Amr) və Abdulmuttalibdə (Şeybə)[1] də bir üstünlük müşahidə olunur və onların alınlarında Kainatın İftixarl məxsus bir nuranilik sezilirdi.

Abdulmuttalib

Haşimin dörd oğlundan biri olan Abdulmuttalibin əsl adı Şeybədir. Məlum olduğu kimi, Peyğəmbərimizin ikinci nəsildən babası olan Haşim Hicazda fəziləti ilə seçilən ən nüfuzlu şəxslərdən biri idi. Hacılara izzəti-ikram adətinin əsasını o qoymuş və Qureyşin yay-qış ticarət ənənəsi də onunla başlamışdı. Özü də ticarətlə məşğul olurdu.

Haşim yenə ticarət məqsədilə Şama gedərkən Mədinəyə baş çəkmiş, burada Nəccaroğullarından Səlma adlı bir qadınla evlənmiş və bundan sonra Mədinədə məskunlaşmışdı. Ancaq Mədinə həyatı uzun sürmür və o bir döyüşdə vəfat edir. Bu vaxt hamilə olan xanımı Səlma Abdulmuttalibi dünyaya gətirir. Övladının saçlarındakı ağ tüklərə görə ona Şeybə adını qoyur. Şeybə anasının yanında, dayılarının tərbiyəsi və himayəsi altında böyüyür.

Davamı: 1 2 3 4 5 6 7 8 9