Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Atasının vəfatından sonra anadan olduğu üçün Məkkədəki əqrəbaları Şeybənin varlığından xəbərsiz idi. Əmisi Muttalib Mədinədə qardaşı oğlunun olmasından xəbər tutanda Şeybənin artıq yeddi-səkkiz yaşı var idi.

Dərhal Mədinəyə gələn Muttalib Şeybəni görən kimi onu bağrına basıb öpür, uzun-uzadı söhbət edib hal-əhval tutduqdan sonra onu tərkinə alıb Məkkəyə aparmaq istəyir. Balaca Şeybə və anası Səlma əvvəlcə buna etiraz etsə də, onları razı salıb qardaşı oğlunu da götürərək Məkkəyə qayıdır.

Şeybənin kim olduğunu bilməyən məkkəlilər Muttalibin  tərkindəki uşağı görüb bir qul sanaraq onu “Muttalibin qulu” mənasında “Abdulmuttalib” adlandırırlar. Bu ünvan artıq Şeybənin məlum  adı olur.

Muttalibin ölümü ilə Məkkənin rəhbərliyinə Abdulmuttalib gətirilmiş, beləliklə, onun üçün məsuliyyətli, ağır bir mərhələ başlamışdı. Abdulmuttalib taleyin (qədərin) “su səpdiyi” bir yolda səfərə çıxmış və aydındır ki, çiyinlərinə müjdəsi  verilən Son Peyğəmbərin zühur edəcəyi zəmini hazırlamaq kimi bir missiya yüklənmişdi. Artıq Abdulmuttalib məkkəlilərin dünyəvi işlərində özlərinə hakim təyin etdiyi və mübahisəli məsələlərdə üz tutduğu güclü bir rəhbər idi.

Zəmzəm

Kəbənin kölgəsində və Hicr adlandırılan yerdə yatarkən gördüyü yuxu Abdulmuttalib üçün bir başlanğıc idi. Bir nəfər ona səslənir:

− Ayağa qalx! Tayyibəni qaz, − deyirdi.

Dərhal soruşur:

− Tayyibə nədir?

Sualına heç bir cavab ala bilməmişdi. Ertəsi gün yenə yuxusunda eyni adamı görür. O, bu dəfə:

− Madmunəni qaz, − deyirdi.

−  Madmunə nədir? − deyə həyəcanla soruşur. Sualı bu dəfə də cavabsız qalır.

Üçüncü gün yenə qarşısında gördüyü şəxs bu dəfə ona:

− Zəmzəmi qaz, − deyirdi.

Davamı: 1 2 3 4 5 6 7 8 9