Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Əvvəlki suallarına ala bilmədiyi cavabı heç olmasa, bu dəfə eşitmək üçün dərhal soruşur:

− Zəmzəm nədir?

Bu dəfə sualına cavab verilir:

− Zəmzəm heç vaxt kəsilməyəcək və dərinliyinə varılmayacaq, sonsuz dərinliyə malik bir sudur. Onunla hacılarrın su ehtiyacını ödəyərsən. O, Kəbədə qurban qanlarının töküldüyü yerlə digər tullantıların atıldığı yerin arasındadır. Alaca qanadlı bir qarğa gəlib dimdiyi ilə həmin yeri işarə edəcək. Həmçinin orada bir qarışqa yuvası da var.

Bütün bunlar Abdulmuttalibi dərin düşüncələrə sövq etmişdi. Belə ki, Zəmzəmin  varlığından xəbərdar idi, çünki cürhümlülər düşmən istilasından qaçarkən əllərindəki bütün qiymətli əşyaları bura atmış və üstünü örtüb getmişdilər. Ancaq onun yerini bilən kimsə qalmamışdı və buna görə də bu, bir əfsanəyə çevrilmişdi. Amma indi həmin yer dəqiqliklə təsvir edilir, ona heç vaxt kəsilməyəcək və dibinə enilməsi mümkün olmayacaq  bir suyu çıxarmaq əmr edilirdi.

Bu qədər aydın məlumatın qarşısında laqeyd qalmaq mümkün deyildi. Abdulmuttalib əlamətləri verilən yerə gəlir. Deyildiyi kimi, bir alaca qarğa bir məkana  enib-qalxır, dimdiyi ilə də, sanki, bu yerə işarə edirdi. Abdulmuttalib bir az  yaxınlaşınca  qarışqa yuvasını da  görür. Daha şübhəsi qalmamışdı. Ertəsi gün oğlu Harisi də özü ilə götürüb həmin yerə gəlir və Zəmzəmi qazmağa başlayır.

Çox keçmədən quyunun ağzını örtən böyük və dairəvi daş görünür. Quyunun qapağını qaldırarkən oranın hər cür zinət əşyası və qiymətli əşyalarla dolu olduğunu gorürlər. Abdulmuttalib və oğlu Haris bir tərəfdən onları bir-bir quyudan çıxarır, digər tərəfdən isə quyunun altından gələn bir nəmişlik özünü hiss etdirirdi. Artıq vaxt tamamdı, çox keçməmiş Zəmzəm də ortaya çıxır.

Onlara heç kimə nəsib olmayan bir lütf ehsan edilmişdi. Əlbəttə, bu cür nemət onu verənə təşəkkür etməyi zəruri edirdi və işin bu yerində Abdulmuttalib:

− Allahu Əkbər! Allahu Əkbər! − deyə təkbir gətirməyə başlayır.

Davamı: 1 2 3 4 5 6 7 8 9