Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Bu həyəcan qureyşlilərin də diqqətini cəlb etmişdi. Az sonra onun ətrafında  böyük bir halqa meydana gətirirlər.

− Bu, babamız İsmailin mirasıdır, bunda bizim də haqqımız var. Bizi də bunlara şərik eləməlisən, − deyir və quyudan çıxan qızıl-gümüşü onlarla bölüşdürməsini istəyirdilər. Abdulmuttalib tövrünü dəyişmədən:

− Xeyr, bunu edə bilmərəm. Çünki bu, ancaq mənə bəxş edilmiş xüsusi bir durumdur, −  cavabını verir. Amma onlar israr edirlər.

− İnsaflı ol! Səninlə döyüşməli də olsaq, əl çəkəsi deyilik, − deyə onu təhdid edirdilər. Hətta aralarından Adiyy ibn Nəvfəl irəli çıxaraq Abdulmuttalibə:

− Bu necə ola bilər? Sən tək adamsan. Yanında oğlundan başqa heç kimin yoxdur. Hansı cəsarətlə bizə qarşı çıxır, istəklərimizi yerinə yetirmirsən? − deyir və tələblərinə boyun əyməsi üçün  Abdulmuttali­bə, sanki, meydan oxuyurdu.

Abdulmuttalib Adiyyin sözlərindən təsirlənmişdi. Güc və qüvvəni ancaq yanındakı  adamların sayı ilə ölçən Adiyyə başa düşdüyü dillə cavab verməli idi. Buna görə də Abdulmuttalib əllərini açır, üzünü səmaya tutaraq bunları söyləməyə başlayır:

− And içirəm ki, əgər Allah mənə on oğul verərsə, bunlardan birini Kəbənin yanında qurban edəcəyəm!

Bu,  içdən gələn bir dua olduğu kimi, Beytullahın kölgəsində Allaha verilmiş söz idi.

Ancaq çəkişmə davam edirdi. Bu əsnada Abdulmuttalib  bir təklif irəli sürür:

− Gəlin, bu məsələ haqqında aramızda hökm verməsi üçün istədiyiniz adamı hakim təyin edək.

Pis təklif deyildi. Çünki istədikləri adamı təklif edə biləcəkdilər. Tərəddüd etmədən:

− Sadoğullarının kahini, − deyirlər. Bu adam Şam əşrəfindən olmaqla sayılıb seçilən və mötəbər bir şəxs idi. Onsuz da Abdulmuttalib üçün heç nə dəyişməyəcəkdi:

− Olar, − deyib başını aşağı saldı.

Bundan sonra yaxın qohumlarını da özü ilə götürən Abdulmuttalib və ondan pay tələb edənlər hər qəbilədən bir nümayəndə ilə Şam tərəfə yola düşürlər. Yol uzun, şərait çətin idi. Yollarda əsas etibarilə səhra  şərtləri hakim idi.

Davamı: 1 2 3 4 5 6 7 8 9