Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Qədərin bir təcəllisi (hökmü) olaraq, Hicazla Şamın arasında bir yerə çatanda Abdulmuttalibin və yanındakıların suyu qurtarır. Səhrada suyun qurtarması ən böyük fəlakət, ölüm demək idi. Səbr edib bir müddət davam etdilər, amma ucsuz-bucaqsız səhra bitib-tükənmirdi. Çarəsiz qalıb aralarında mübahisə olsa da, yol yoldaşları olan məkkəlilərdən su istəyirlər. Amma onların su vermək niyyəti yox idi:

− Biz də səhradayıq və biz də sizin kimi susuz qalmaqdan qorxuruq, − deyirlər.

Artıq onların kömək etməyəcəyini başa düşmüşdülər. Bu dəfə Abdulmuttalib yanındakı qohumlarına tərəf dönərək:

− Siz nə fikirləşirsiniz? − deyə soruşur.

− Biz sənə tabeyik. Sən nə desən, onu da edərik, − cavabını verirlər.

Belə vəziyyətdə iki yol qalırdı; ya dayanıb ölümü gözləməli, ya da ətrafa dağılışıb su axtarmalı idilər. Onlar ikinci variantı seçdilər. Su tapmaq məqsədi ilə axtarışa başladılar. Dəvəsinin yanına gələn Abdulmuttalib ayağa qalxan dəvənin altından şirin su fışqırdığını görüncə Zəmzəmdə olduğu kimi həyəcanlanır:

− Allahu Əkbər! Allahu Əkbər! − deyə təkbir gətirməyə başlayır. Hamı dərhal onun başına toplaşır. Mənzərəni görənlər dəhşətə gəlmişdi. Susuzluğun başlıca təhlükə olduğu və insanların, heyvanların susuzluqdan tələf olma həddinə çatdığı bir yerdə, həm də belə qızmar səhranın ortasında, hətta torpağın üstünə qədər çıxan belə bir suyun varlığı, həqiqətən, təkbir gətirməyi zərurətə çevirən  açıq-aşkar bir inayət idi.

Əvvəlcə Abdulmuttalib qılıncı ilə suyun çıxdığı yeri genişləndirir, ardınca həm yoldaşları su içir, həm də heyvanları  suvarırlar. Sonra da birgə gəldikləri və özləri susuz qalacaq deyə onlara su verməyən məkkəliləri dəvət edir:

− Gəlin, Allahın bizə bəxş etdiyi sudan siz də için və heyvanlarınızı da suvarın, − deyir.

Hamı bir-birinin üzünə baxır. Gözlərinə inana bilmirdilər. Bu, mümkün deyildi. Amma həqiqət idi. Əvvəlcə  gəlib sudan doyunca içir, sonra heyvanlarını gətirib suvarırlar. Bu qədər aşkar bir lütf qarşısında utanmışdılar: su vermədikləri Abdulmuttalib əlindəki suyunu onlarla bölüşürdü. Vicdan əzabı çəkdikləri hallarından hiss olunurdu. Çox keçmədən Abdulmuttalibə yaxınlaşıb belə deyirlər:

− Ey Abdulmuttalib, Allaha and olsun ki, hökm bizim əleyhimizə nəticələndi. Vallah, Zəmzəm məsələsində səninlə əsla  çəkişməyəcək, haqq tələb etməyəcəyik. Şübhəsiz ki, sənə Zəmzəmi bəxş edən də − bu səhrada suyu lütf edən Allahdır.

Davamı: 1 2 3 4 5 6 7 8 9