Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Fəqət bütün bunlar verilən sözün yerinə yetirilib-yetirilməməsi ilə bağlı bir yol göstərmirdi. Abdulmuttalib razılaşmır.

Həmin adamlardan biri təklif edir:

− Onu qurban kəsmə! Çünki bu mövzuda üzrlü səbəbin var. İstəyirsən, onu qurban kəsmək əvəzinə, mallarımızı ortaya qoyaq və fidyə müqabilində onu xilas edək.

 Bu təklif də Abdulmuttalibin xoşuna gəlmir. İzdihamın içindən  bir nəfərin səsi yüksəlir:

− Əsla oğlunu qurban kəsmə! İstəyirsən, onu Hicaza apar. Oradakı məşhur alimə məsələni ərz et və onun məsləhəti ilə hərəkət et. “Qurban kəs” deyərsə, qurban kəsər, başqa yol göstərərsə, onu yerinə yetirər və beləliklə, nəzirini vermiş olarsan.

Bu təklif Abdulmuttalibin ağlına batır. Əlindəki bıçağı kənara qoyur. Özü ilə bir heyət götürüb həmin müdrik şəxsin yanına gedir. Onu Xeybərdə tapır, əvvəlcə başlarına gələni bir-bir danışır, yol göstərməsini xahiş  edirlər. Müdrik şəxs:

− Bu gün gedin və mənə xəbər gələndə yenə gəlin, − deyir.

Məcbur qalıb onun yanından ayrılırlar. Abdulmuttalib səhəri dualarla açır. Nəticənin xeyirli olması üçün Rəbbinə yalvarıb-yaxarır.

Səhərisi yenidən və həyəcanla həmin şəxsin qapısını döyürlər. Açılan qapıdan hiss olunurdu ki, alternativ həll variantı artıq tapılıb. Əvvəlcə:

− Sizin aranızda qan pulu nə qədərdir? − deyə həmin müdrik soruşur.

− On dəvə, − deyirlər.

− Elə isə, indi qayıdın vətəninizə və qurban kəsiləcək şəxsi də, on dəvəni də ortaya qoyun. Sonra ikisinin arasında püşk atın. Əgər püşk oğlanın adına çıxarsa, əlavə on dəvə artıraraq bir də püşk atın. Nə vaxt atılan püşk dəvələrə çıxsa, bilin ki, Rəbbiniz bu işdən razıdır. Beləcə siz də yoldaşınızı qurban olmaqdan xilas edərsiniz.

Davamı: 1 2 3 4 5 6 7 8 9