Səhabələr

Hz. İbrahimə qədər uzanan şəcərə

Təklif yaxşı idi. Həm də təklifin müəllifi hamının etimad göstərdiyi bir müdrik idi və vaxt itirmədən Məkkə yoluna düşürlər.

Müdrik adamın tövsiyəsi istiqamətində işə başlamazdan əvvəl Abdulmuttalib yenə Rəbbinə üz tutur və atacağı addımların xeyirli nəticələr verməsi üçün dua edib yalvarır. Sonra da Abdullahla on dəvəni ortaya qoyub püşk atmağa başlayırlar. Abdulmuttalib yenə bir kənara çəkilmiş,  içindən gələn səmimi hislərlə Allaha yalvarırdı.

İlk püşk Abdullaha çıxmışdı. On dəvə əlavə edərək püşk atmanı davam etdirir. Püşkün nəticəsi yenə Abdullahı göstərirdi. Hər dəfə on dəvə artırmaqla püşk atmanı doqquz dəfə təkrar edirlər. Doqquzu da Abdullahın adına çıxmışdı. Nəhayət, on dəvə də əlavə edib dəvələrin sayını yüzə çatdırandan sonra püşkün nəticəsi dəvələri göstərəndə əvvəlcə sevinclə bir-birinə baxırlar, sonra Abdulmuttalibə tərəf dönərək:

− Artıq Rəbbinin razılığı əldə edildi, ey Abdulmuttalib, − deyirlər.

Ancaq Abdulmuttalib daha təmkinli idi və üç dəfə də təkrar püşk atdırdı. Hər dəfə də püşklər Abdulmuttalibin lehinə çıxdı. Bütün bunlar bir dəyəri ifadə edirdi və artıq yüz dəvə müqabilində Abdullahın qurtulması hamıya rahat nəfəs aldırdı. Nəhayət, yüz dəvə orada qurban kəsildi və səmimi qəlbdən  Rəbbə verilən söz də yerinə yetirildi.[4]

İllər sonra Allah Rəsulu (s.ə.s.) zühur edəcək  və Ona:

− Ey iki qurbanlığın oğlu, − deyə səslənən bədəviyə dönəcək və bunu:

− Mən iki qurbanlığın oğluyam,[5] –  sözləri ilə təsdiq edəcəkdi. Çünki Hz. İsmail kimi atası Abdullah da bıçaq altına yatmış, təvəkküldə zirvə fəth etdiyini felən göstərmişdi.

Mübarək yuva

Abdulmuttalibin on oğlu, altı qızı dünyaya gəlmişdi. Peyğəmbərimizin atası Abdullah onun sonbeşiyi idi. Bu oğlanın hər hərəkəti ilə digərlərindən seçildiyi gözlərdən qaçmırdı. İffət, izzət zirvəsi idi. Buna görə də Abdulmuttalib onu başqa uşaqlarından çox sevir və heç yanından ayırmaq istəmirdi. Eyni zamanda Abdullah simaca da  çox gözəl idi.

Püşk atma qurtarandan sonra yüz dəvəni kəsərək əhdini yerinə yetirən   Abdulmuttalib oğlu  Abdullahın  əlindən tutub Zuhrəoğulları­nın yurduna gəlir. Məqsədi Abdullahı buradan evləndirmək idi. Nəhayət, Zührəoğullarının başçısı Vəhb ibn Abdi Manafın yanına gələrək onun o günün ən şərəfli və əsil-nəcabətli gənc qızı Əminəyə elçi gəldiyini bildirir. Həmin vaxtlar Əminə Qureyş arasında fəziləti ilə məşhur idi.

Təklif müsbət qarşılanır və çox keçmədən Abdulmuttalibin oğlu Abdullahla Vəhbin qızı Əminənin nikahı kəsilir, yeni bir ailə yuvası qurulur. Bu ailə yer üzünün ilk insanı Hz. Adəmdən etibarən hər peyğəmbərin müjdələdiyi, məna aləminə açıq hər könül insanının intizarla yolunu gözlədiyi Sonuncu Peyğəmbərin dünyaya göz açacağı  yuva idi.

Davamı: 1 2 3 4 5 6 7 8 9