Səhabələr

İkinci Bədir

Haris ibn Əbi Dirarın gəlişi Mədinəyə hücum edib müsəlmanların kökünü  kəsmək xəyalları qurarkən qəflətən qarşısında  Allah Rəsulu və İslam əsgərlərini görərək pərişan olan və etibarı ilə yanaşı, var-dövlətini də itirən  Haris ibn Əbi Dirar qızı Hz.Cüveyriyyəni "əsarət"dən qurtarmaq üçün özü ilə götürdüyü dəvələrlə  Mədinəyə üz tutur. İstədikləri qədər dəvə verib qızı ilə geri qayıtmağı düşünürdü. Nəhayət, Aqiq vadisinə çatır və burada dəvələrini bir daha gözdən keçirir. Heyfi gəlir, dəvələrdən ikisini ayırıb Aqiq vadisində bir yerdə gizlədir. Qalan dəvələri verib qızını geri almağı, daha sonra gizlətdiyi  iki dəvəni də götürüb birlikdə yurduna dönməyi planlaşdırırdı. Nəhayət, Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir və: – Ya Məhəmməd, – deyir, – siz mənim qızımı əsir aldınız, bu da onun fidyəsi! Allah Rəsulu (s.ə.s.) bir ay əvvəl nə xəyallar quran Harisin bu halda gəlişinə acıyır. Qızının azadlığa qovuşması müqabilində Ona təqdim etdiyi dəvələrə baxır və: – Yaxşı, Aqiq vadisində filan yerdə gizlətdiyin iki dəvə necə olsun? – deyə soruşur. Harisin nitqi quruyur. Onları gizlədərkən yanında heç kəs yox idi. Əgər belə idisə, bu dəvələrin varlığını Məhəmmədül-Əmin necə bilə bilərdi?  Yox, yox... Bu, bir bəşərin biləcəyi məsələ deyildi. Deməli, Məhəmmədül-Əmin, həqiqətən, vəhylə hərəkət edirdi və ona görə də  Dirar: – Mən də şəhadət edirəm ki,  Sən Rəsulullahsan, – deyir. Qəribə işlər baş verirdi; hələ dünənə qədər Allah Rəsuluna meydan oxuyan Haris indi gəlib Onun Allahın Rəsulu olduğunu təsdiq edirdi. Zaman nə böyük təfsirçidir; deməli, dünən problem kimi görünən məsələlər səbir edilincə və zamanı gəlincə öz-özünə  həll tapırdı. Haris bununla kifayətlənməyib: – Nəfsim o iki dəvəni vermək istəmədi, ancaq bunu da Allahdan başqa heç kəs bilmirdi, – deyərək Allah Rəsulunun hüzurunda Müsəlman olur. Axirətini itirmək üzrə ikən, dünyası da zindan dönmüşdü, indi isə dünya və axirət qazancı ilə geri dönürdü. Bəni-Lihyan qəzvəsi Pusquya salınıb şəhid edilən Asım ibn Sabit və Hubeyb ibn Adiy kimi səhabələrə duyulan hüzn hələ təzə idi. Allahın adını anlatmaqdan başqa bir məqsədləri olmayan bu insanlar pusquya salınmış və vəhşicəsinə öldürülmüşdü. Haqq, ədalət öz yerini tapmalı idi, belə ki, Rəsulullah (s.ə.s.) sadəcə insanların qəlbinə xitab edən bir rəhbər deyil, eyni zamanda dünyəvi işləri də idarə edən idarəçi idi. Zülmə "dayan"  deyilməsə, başqa zalımlar da meydana çıxardı. Nəhayət, Allah Rəsulu Racidə səhabələrini qətl yetirən Bəni-Lihyan və Bəni-Hüzeyl qəbilələrinin bu zülmünün yerdə qalmaması üçün iki yüz nəfərlik dəstə ilə Usfan istiqamətinə yürüş təşkil edir. Gedəcək və Bəni-Lihyanın vəziyyətinə baxacaqdılar; əgər hələ də kin və nifrətlə hərəkət edirdilərsə, hədlərini bildirəcək, qarşı çıxmağa cəsarət etməsələr, ən azı İslamın nüfuzunu qəbul etdirib geri dönəcəkdilər. Mədinədə öz yerinə yenə Abdullah ibn Ümmü Məktumu təyin etmişdi. Allah Rəsulu (s.ə.s.) bu dəfə də hədəfini gizli saxlayırdı. Ona görə Cürüf istiqamətinə yönəlir və sıra ilə Qurab, Mahis, Bətra, Yeyn Suhayratus-Sümam, Səyyalə güzərgahlarını keçib səhabələrin şəhid edildiyi Usfanadan bir ağac yarım (təxminən 8 km) uzaqlıqda olan Ğuran vadisinə gəlir. Rəsulullahın əshabı ilə lap yaxınlaşdığını görən Bəni-Lihyan artıq heç nə edə bilməzdi. Başlarına nələrin gələcəyini başa düşmüş və bundan sonra Hicazdakı yeganə nüfuz sahibinin Allah Rəsulu (s.ə.s.) olduğunu anlamaqda gecikməmişdilər. Bir yol var idi və onlar da çarəni dağlara qaçmaqda görürlər. Burada iki gün qalan Allah Rəsulu heç kəsə rast gəlmir, bina görə də əshabını dəstəlara ayırır və onları müxtəlif istiqamətlərə göndərir. Səriyyələrin də qarşısına çıxan olmamışdı. Əshabına üz tutur və: – Əgər biz Usfana ensək, məkkəlilər Məkkəyə gəldiyimizi sanarlar, – buyurur. Görünür, buraya qədər gəlmişkən bir ismarışını da Qureyşə vermək istəyirdi. Daha sonra da hərəkət əmrini verib əshabı ilə birlikdə Usfana yönəlir. Usfana çatan kimi burada şəhid edilən əshabı üçün dua edir, Allaha yönələrək onlar üçün mərhəmət diləyir. Sonra da Hz. Əbu Bəkrin başçılığı ilə on nəfərlik bir süvari birliyini Məkkə tərəfə göndərir. Vəziyyəti gözdən keçirəcək və gəlişləri ilə Qureyşə təzyiqini də artırmış olacaqdı. Quraül-Qamıma kimi gəlir və heç kəslə qarşılaşmadan geri dönürlər. Artıq məqsədlərinə çatmışdılar. Günahkarlar etdikləri işin ağırlığı və peşmanlığı içində dağlara qaçmaq məcburiyyətində qalmış, Hicazdakı hakimiyyətin möminlərə aid olması qəti şəkildə bəyan edilmiş, Allah Rəsulunun nüfuzu da hər kəs tərəfindən qəbul edilmişdi. Artıq geri dönə bilərdilər və Allah Rəsulu (s.ə.s.) da: – Biz əsil amacı Allaha yönəlmək olan insanlarıq. İnşallah, Rəbbimizdən bağışlanma diləyər və daim həmd ilə ikibüklüm olar, yalnız Ona qulluq edərik. Səfər yorğunluğundan, geri dönüş üzüntüsündən və mal-mülk ilə ailə içindəki pis aqibətdən Allaha sığınarıq. Allahım! Bizi bağışla və bizdən razı ol! – deyərək, on dörd gün ayrı qaldığı Mədinəyə doğru hərəkət edir.
 
[1]. Bir tərəfdən də bazarda (yarmarkada) ticarət gedirdi. Əshab da belə bir nəticə ilə qarşılaşacağını təxmin etmiş və səfəri dəyərləndirib iki cür qazanc əldə etməyi planlaşdırmışdı. Ticarət etmək üçün o qədər sərfəli bir fürsət düşmüşdü ki, Hz.Osman kimi səhabələr bir dinara bir dinar qazanmış və beləcə, yüz faizlik qazanc əldə etmişdilər.  Bax: Vakidi, Megazi, 1/384; İbn Sad, Tabakat, 2/60
[2]. "Əhzab" surəsi, 33/36
[3]. Hz.Cüleybibin şəhadəti və bundan sonra da Allah Rəsulunun həssaslığı mövzusunda bax: Müslim, Sahih, 4/1918(2472); Ahmed İbn Hanbel, Müsned ,3/136,4/421,422, 425; 5/256; Ahmed el-Bennâ, el-Fethu’r-Rabbânî, 22/219 vd.; Abdurrezzak, Musannef, 6/155-156 (10333); İbn Kesîr, Tefsîr, 3/490 vd.
[4]. Təyin edilən adamın Əbu Zərr və ya Nümeylə ibn Abdullah əl-Leysinin də olduğuna dair rəvayətlər var. Bax: İbn Hişam, Sire, 4/252;  Kurtubî, el-Câmi’ li ahkâmi’l-Kur’ân, 5/215
[5]. Mühacirlərin bayrağının Ammar ibn Yasirə verilməsi da rəvayət olunur. Bax: Vakidi, Megazi,1/405; İbn Kesir, Sîre, 3/297; el-Bidâye ve’n-Nihâye, 4/178
[6]. Məlumatlara görə, Rəsulullahın hökmünə və qardaşının diyətinin ona verilməsinə baxmayaraq, Miqyəs qardaşını yanlışlıqla öldürən ənsarın canına qıymış, sonra da qaçıb Qureyşə sığınmışdı. Məkkənin fəthi günü də mürtəd kimi öldürülmüşdü. Bax: Vâkıdî, Megâzî, 1/859; İbn Seyyidinnâs, Uyûnu’-Eser, 2/196; İbn Kesir, Sîre, 3/298; İbn Hacer, el-İsâbe, 3/203; İbn  Esîr, Usudu’l-Ğâbe, 3/78
[7]. Hz. Cüveyriyyənin adının Bərrə olması və ona Cüveyriyyə adını Allah Rəsululunun verməsi də rəvayət edilir. Bax: Müslim, Sahîh, 3/1687 (2140); Ebû Davud, Sünen, 2/81 (1503); Ahmed b. Hanbel, Müsned, 1/258 (2334), 1/316 (2902), 6/429 (27461)
[8]. Hz. Sabit Mədinədəki xurma bağlarından birini verməklə əmisi oğlunun hissəsini də öz üzərinə götürmüş və Harisin qızı Hz. Cüveyriyyəyə aid sahiblik hüququnu tamamilə əldə etmişdi. Bax: Vâkıdî, Megâzî, 1/409; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/347
[9]. Neçə illər sonra Hz.Aişə validəmiz Hz.Cüveyriyyənin nə qədər xeyirli bir insan olmasından danışarkən: "Onun qədər qövmünə faydası olan bir insan tanımıram," – deyəcək və Rəsulullahla nikahının xətrinə qövmündən yüz ailənin azadlığa qovuşdurulduğunu söyləyəcəkdi. Bax: Ebû Davud, Sünen, 4/22 (3931); Ahmed b. Hanbel, Müsned, 6/277 (26408); Hâkim, Müstedrek, 4/28 (6781); Beyhakî, Sünen, 9/74
[10]. Bu deyimin ərəbcə  qarşılığı "Bəslə köpəyini, yesin səni" şəklindədir ki, İbn Übeyy də bu ifadə ilə Allah Rəsulunu nəzərdə tuturdu.
[11]. Başqa bir  rəvayətdə "Məhəmməd ibn Məsləməyə əmr edəydiniz" şəklindədir. Bax: Vâkıdî, Megâzî, 1/415, 421; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/349
[12]. Bu səhabənin Üseyd ibn Hudayr olması da rəvayət olunur. Bax: Vakidi, Megazi, 1/415; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/350
[13]. Hz. Abdullahın adı Hubab idi. Allah Rəsulu müsəlman olan kimi onun adını "Abdullah"la dəyişdirmiş və bundan sonra ancaq bu adla tanınmışdı. Evin böyüyü Hz. Abdullah olduğu üçün atası ibn Səlul daim onu Əbu Hubab ləqəbi ilə çağırırdı. Bax: İbn Sa’d, Tabakât, 3/541; İbn Abdilberr, İstîâb, 3/940; İbn Hacer, el-İsâbe, 4/155 (4787)
[14]. O gün Peyğəmbərimiz üçün Lizaz və Zarib adlı iki at vardı.  Əbu Üseyd əs-Səidinin mindiyi Zarib atlar arasında ən birinci gəlmişdi. Hz.Bilalın mindiyi dəvə də hədəfə birinci çatmışdı. Bax: Vâkıdî, Megâzî, 1/426; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 4/353
[15]. "Əhzab" surəsi, 33/6
[16]. Bax: "Nur" surəsi, 24/11