Səhabələr

Keçmişlə bağlı bir hesabat

Möminlərə görə dünənlə bu gün arasında Şərqlə Qərb arasındakı məsafə qədər aşkar bir fərq vardı. Keçmişə aid bir hadisədən bəhs etməklə Cəbrail də bu fərqi təsdiq edirdi:

− Onlardan birinə qızı olması ilə bağlı müjdə verdikdə çox kədərlənər və qəzəbdən üzü qapqara qaralar. Aldığı bu pis xəbərə görə utanc hissi duyar, dost və yoldaşlarından qaçıb gizlənər. Başına gələn bu hadisədən dolayı nə edəcəyini düşünər; zillət içində saxlasın, yoxsa torpağa gömsün? Diqqət yetirin; necə pis mühakimə yürüdür və yanlış qərar verirdilər![1]

Cəhalət insanları nə hallara qoyurdu?! Mövzu yaddaşlarda hələ yeni idi, hətta cəhalət bataqlığından xilas ola bilməyən bəzi adamlar hələ də bu cür işlər görürdülər. Kimisi aclıq qorxusundan, kimisi qız əvəzinə oğlan uşağı istədiyi üçün, kimisi də qız övladının dünyaya gəlməsini özünə sığışdıra bilmədiyinə görə onlara qarşı çıxır və bəziləri isə onları öldürməklə nəticələnən vəhşiliklər törədirdilər.[2]

Ayə isə o dövrdə olan belə bir əməli tarixə salır və yolunu azan bir adamın edəcəyi vəhşilikləri ibrət dərsi olması üçün qiyamətə qədər hamı ilə bölüşməyi hədəf seçirdi.

Çox keçmədən, iman suyundan doya-doya içənlərdən biri Hz. Məhəmmədin yanına gəlir. Görünür, həll edə bilmədiyi bir çətinliyi vardı. Nəsə demək istəyirdi, amma heç cür cəsarətini toplayıb sözə başlaya bilmirdi. Şəfqət dolu baxışlarını görən kimi:

− Ey Allahın Rəsulu, − deyərək sözə başlayır. Bu vaxt Rəsulullah (s.ə.s.) üzünü həmin şəxsə tərəf çevirərək ona qulaq asır.

− Biz cahiliyyə dövrünün adamlarıyıq. Öz əllərimizlə düzəltdiyimiz bütlərə sitayiş edən və qızlarımızı öldürən adamlarıq, − deyir. Amma bəlli ki, danışacağı hadisənin onda buraxdığı təsir çox böyük idi. Aram-aram danışırdı:

− Mənim də bir qızım var idi. Bir gün mən də cəhalətin təzyiqlərinə dözməyib qızımı yanıma çağırdım. Qaça-qaça gəldi. Yanıma çağırdığım və onunla maraqlandığım üçün o qədər sevinirdi ki! Əlindən tutdum və uzaqda olan bir quyunun yanına apardım onu... Əli ovuclarımın içində quyunun kənarında oturarkən birdən onu quyuya itələdim. Quyuya düşərkən: “Ata”, “atacan!” − deyə qışqırırdı...

Allahın Sevgili Qulu Hz. Məhəmmədin hüzurunu qəm-qüssə bürümüşdü. Allah Rəsulu (s.ə.s.) ağlayırdı. O qədər ağlamışdı ki, göz yaşları saqqalını islatmışdı. Onun bu qədər kədərləndiyini görən səhabələrdən biri üzünü adama tutub:

− Neylədin sən? Rəsulullahı hüznə qərq etdin! − deyə həmin adama narazılığını bildirir. Peyğəmbərimiz (s.ə.s.) isə həmin səhabə ilə eyni fikirdə deyildi. Əli ilə işarə edərək:

− Burax onu, çünki o, keçmişində yaşadığı mühüm bir səhvini mühakimə edir, − buyurur. Sonra da həmin adama:

− Bu hadisəni bir də danışa bilərsənmi? − deyir. Həmin şəxs təkrarən aramla danışmağa başlayır. Hüzn getdikcə artırdı. Peyğəmbərimizin (s.ə.s.) gözləri ağlamaqdan qurumuşdu. Bundan sonra Rəsulullah (s.ə.s.) belə deyir:

− Şübhəsiz ki, Allah (c.c.) bu gününüzün haqqını verərək Ona bəndə olduğunuz müddət ərzində cahiliyyə dövründə etdiklərinizi elə cahiliyyədə də qoyar.

Adam ürəyini boşaltmış və səlahiyyət sahibi − Allah Rəsulundan aldığı cavabla bir qədər rahatlanmışdı. Əvvəlki xətalarını bağışlanması üçün, kim bilir, artıq öz-özünə nələr edəcəyinə söz verirdi. Bu vaxt Rəsulullah (s.ə.s.) üzünü həmin adama tutub belə buyurur:

− Haydı, indi hər şeyə yenidən başla.[3]

 
[1]. “Nəhl” surəsi, 16/58-59.
[2]. Bax: “Ənam” surəsi, 6/101; “İsra” surəsi, 17/31.
[3]. Alusi, Ruhu’l-Meani, 14/169, Darimi, Sünen, 1/14 (2)