Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Muaz ibn Cəbəl (r.a.)

Tarix: 05.08.2013 | Bu məqalə 1. 756 dəfə oxunub.

Ey Muaz, vallah, mən səni çox sevirəm.

Hədisi-Şərif

Muaz bin Cəbəl (r.a.) Əqəbə beyətində hələ 18 yaşındaykən müsəlman ol­muşdu. Mədinəli olub, Xazrəc qəbiləsinin Bəni-Sələmə qoluna mənsub idi.

Rəsulullahın dili ilə desək, ümmətə qarşı ən mərhəmətli olan Hz. Əbu Bəkir, Al­lahın əmrini yerinə yetirməkdə sərt davranışları ilə seçilən Hz. Ömər, səhabələr arasında həyalı olması ilə tanınan Hz. Osman (r.a.), fəraizi (miras hüququnu) ən yaxşı bilən Zeyd ibn Sabit, Quranı ən yaxşı bilən Übey ibn Kab olduğu kimi, haram və halalı ən yaxşı bilən də Muaz ibn Cəbəl idi.[1]

Muza ibn Cəbəl Rəsulullahın dövründə ənsarın arasında fitva verməkdə məşhur olan üç səhabədən biri idi. Digər ikisi də Übey ibn Kab və Zeyd ibn Sabit idi.

Muaz ibn Cəbəl həmçinin Qurani-Kərim müəllimi idi. Rəsulullah: “Quranı dörd nəfərdən: Abdullah bin Məsud, Übey bin Kab, Muaz bin Cəbəl və Əbu Huzeyfədən öyrənin”, ‒ buyurmuşdur.[2]

Hicrətdən sonra Rəsulullah Hz. Muazı Abdullah bin Məsudla (r.a.) qardaş etmişdi. Bədir, Uhud və Xəndək döyüşləri ilə yanaşı, bütün döyüşlərə qatılıb ön cərgələrdə vuruşdu. Peyğəmbərimiz Huneyn döyüşünə yollananda onu əmir vəzifəsinə təyin edib Mədi­nədə saxladı. İnsanlara Qurani-Kərim öyrətməsini və dini məsələləri izah etməsini əmr etdi.

Təbük qəzvəsi əsnasında Rəsulullahın parlaq möcüzəsi­ni müşahidə edənlərdən biri də Hz. Muaz idi…

Bir bulağa rast gəlmişdilər. Su az gəlirdi. Bu bulağın suyu orduya kifayət etməzdi. Rəsulullah sudan bir az gətirməyi əmr etdi. O su ilə əlini və üzünü yuduqdan sonra bulağa axıtdı. Bulağın gözündən bol su gəlməyə başladı. Rəsulullah Hz. Muaza belə dedi:

‒ “Əgər sənə nəsib olsa, görəcəksən ki, bu bulağın ətrafında yaşıllıq əmələ gəlib”.

Həqiqətən də, Muaz illər sonra oraların yaşıllaşdığını görüb Rəsulullahın müba­rək su möcüzəsini bir daha təsdiq etdi.[3]

Hz. Muaz bir gün:

‒ Ya Rəsulullah, mənə cənnəti qazandıran və cə­hən­nəmdən uzaqlaşdıran bir əməl de! ‒ dedi. Peyğəmbərimiz belə buyurdu:

‒ Məndən çox mühüm və böyük məsələni soruşdun! Ancaq Allah bir kimsəyə asanlıq lütf etsə, onu yerinə yetirmək çətin olmaz. Allaha ibadət et, Ona şərik qoşma. Namazı layiqincə qıl, zəkat ver, ramazan oru­cunu tut və həcc ibadətini yerinə yetir.

Sənə xeyir qapılarını göstərim? Oruc qalxandır. Su alovu söndürdüyü kimi, sədəqə də xətaları “söndürər”. Gecə qılınan namaz saleh qulların əlaməti­dir.[4] 

Başqa bir gün Peyğəmbərimiz Hz. Muazın əlindən tutub belə buyurdu: “Ey Muaz, vallah, mən səni çox sevərəm! Sənə bunu tövsiyə edərəm: hər bir na­mazdan sonra “Əllahummə əinni alə zikrikə və şukrikə və husnu ibədətikə  ‒ Ya Rəbbi, Səni zikr etmək, Sənə şükür etmək və gözəl şəkildə ibadət etmək üçün mənə kömək et” deməyi unutma”.[5]

Peyğəmbərimiz (s.ə.s) müsəlmanlara dinlərini öyrətmək üçün Yəmənə bir nəfər göndərmək istəyirdi. Bir gün sübh namazından sonra insanlara üz tutub: “Kim Yəmənə getmək istəyir?”, ‒ deyə soruşdu. Hz. Əbu Bəkir: “Mən gedim, ya Rəsulullah”, ‒ dedi. Peyğəmbərimiz susdu. Hz. Ömər dilləndi. Peyğəmbərimiz yenə susdu. Sonda Muaz (r.a.): “Mən gedim, ya Rəsulullah”, ‒ deyincə Rəsulullah (s.ə.s.):

 “Ey Muaz, bu vəzifə sənindir”, ‒ dedi. Sarığını Hz. Muazın başına sarıdı.

Hz. Muaz Yəməndə hakimlik edəcək, insanlara İslamı və Quranı öyrədəcək, yığılan zəkatı məmurlardan təhvil alacaqdı. Vəzifəsi ağır idi. Ona görə də Peyğəmbərimiz Hz. Muaza bəzi məsələlərdə tövsiyələr etdi:

‒ “Sən Əhli-Kitabdan olan bir qövmlə qarşılaşacaqsan. Onların yanına gedəndə əvvəl onları Allahdan başqa ilah olmadığını, Məhəmmədin Allahın Rəsulu ol­duğunu təsdiq etməyə çağır. Əgər bunu qəbul etsələr, onlara Allahın beş vaxt namazı fərz etdiyini xəbər ver. Bunu da etdikləri təqdirdə Allahın varlılardan alınıb yoxullara zəkat verməyi əmr etdiyini bildir. Bunu da qəbul etsələr, zəkat alarkən malların ən yaxşılarını seçmə! Məzlumun ahını almaqdan çə­kin, çünki onun ahı ilə Allah arasında heç bir maneə yoxdur!”, ‒ dedi.

Sonra da Rəsulullah Muazdan:

‒ “Səndən kimsə gəlib nəsə soruşsa, nəyə əsaslanıb hökm verəcəksən?” ‒ deyə soruşdu. Muaz (r.a.):

‒ “Allahın Kitabına”, ‒ dedi. Rəsulullah:

‒”Onda tapa bilməsən, nəyə əsaslanacaqsan?”, ‒ deyə yenidən soruşdu. Hz. Muaz:

‒ “Rəsulullahın sünnəsinə”, ‒ deyə cavab verdi. Rəsulullah (s.ə.s.):

‒ “Orada da tapa bilməsən?…” deyəndə Hz. Muaz belə cavab verdi:

‒ “O zaman öz fikrimə əsaslanıb ictihad edər, ona görə hökm verərəm”.

Onun bu cavabı Peyğəmbərimizi çox sevindirdi. Peyğəmbərimiz: “Rəsulullahın elçisini razı salan Allaha həmd olsun!”, ‒ buyurdu.

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.