Muaz (r.a.) yola çıxmamışdan əvvəl Peyğəmbərimizdən bir az məsləhət almaq istəyirdi: “Ya Rəsulullah, mənə tövsiyə et”, ‒ deyə xahiş etdi. Peyğəmbərimiz belə tövsiyə etdi: “Hansı vəziyyətdə və harada olursansa, ol, Allahdan qorx! Günah edəndə arxasınca bir xeyir əməl işlə ki, onu yox etsin. İnsanlarla da gözəl şəkildə rəftar et”.
Sonda Peyğəmbərimiz Hz. Muaza hicran yüklü bir xəbər verdi: “Ey Muaz, şübhəsiz, bundan sonra mənimlə artıq görüşə bilməyəcəksən, bəlkə də, geri qayıdanda bu məscidə və qəbrimə baş çəkəcəksən!”, ‒ buyurdu. Bunu eşidən Hz. Muazın gözlərindən yaş axmağa başladı. Peyğəmbərimiz xahiş etdi ki, ağlamasın. Sonra da bir-birindən ayrıldılar.
Muaz ibn Cəbəl (r.a.) Rəsulullahın vəfatına qədər Yəməndə qaldı və orada haqq uğrunda xidmət etdi. Bunun nəticəsində Yəməndə gündən-günə müsəlmanların sayı artırdı. Yeni müsəlmanlar əvvəl ona beyət edir, sonra da Mədinəyə gedib Rəsulullahı ziyarət edirdilər. Bir dəfə yalnız Nəha qəbiləsindən 100 adam onun vasitəsilə Müsəlman olmuş, sonra da Mədinəyə gedib Rəsulullahı ziyarət etmişdi.[6]
Muaz (r.a.) Hz. Əbu Bəkrin xilafəti dövründə cihada qatılmaq üçün Şama getməyə niyyət etdi. Hz. Ömər isə Mədinədə Müsəlmanların ona olan ehtiyacını bildiyi üçün Hz. Əbu Bəkirdən onu göndərməməsini xahiş etdi. Hz. Əbu Bəkir Hz. Ömərə belə cavab verdi:
‒ Şəhidlik arzulayan və ona niyyət edən bir insana mən necə mane ola bilərəm?! [7]
Cabir bin Abdullaha (r.a.) görə, Hz. Muaz zahirən çox gözəl, əxlaqca çox üstün və çox comərd idi.
Elmə çox əhəmiyyət verərdi. Ona görə də Muaza “ümmətin içində haram və halalı ən yaxşı bilən kimsə” ləqəbini vermişdilər. Onun elm haqqında dediyi kəlamlardan bəziləri belədir:
“Elm öyrənin, çünki Allahdan çox qorxacaqsınız. Elm istəmək ibadətdir. Elmi müzakirələrdə iştirak etmək Allahı zikr etməkdir. Elmdən bəhs etmək cihaddır. Elmi bilməyənlərə öyrətmək sədəqədir. Elmi layiq olanlara öyrətmək insanı Allaha yaxınlaşdırar, çünki elm haram və halalın qədərini öyrədir”.
“Elm cənnət əhlinin gedəcəyi yolda şam, təklikdə dost, qürbətdə və tənhalıqda yoldaş, şad və kədərli günlərdə bələdçi, düşmənə qarşı silah və dostlar yanında üstünlükdür”.
“Elm cəhalətdən qaralan qəlbləri işıqlandırar, qaranlıqda görməyən gözlərə şam olar”.
“Bəxtiyarlar elmdən ilham alırlar, bədbəxtlər isə ondan məhrum qalarlar”.[8]
Muaz (r.a.) bəzən insanlara nəsihət edərdi. Bir dəfə öyüd istəyən bir insana belə dedi:
‒ Sənə iki şeyi tövsiyə edəcəyəm: harada olursansa, ol, dünyadakı qismətin səni axtarıb tapacaq. Ona görə də axirətdəki payına daha çox möhtacsan. O halda axirətdəki payını dünyadakından üstün tut.
Bir dəfə də oğluna belə demişdi:
‒ Oğlum, namaz qılanda (axirətə getməkdə olan) vidalaşan bir insanın qıldığı kimi namaz qıl.
Ondan nəsihət istəyən bir nəfərə Hz. Muaz belə dedi:
‒ Oruc tut, lakin hər gün deyil. Namaz qıl, lakin yuxuya da vaxt ayır. Ruzi üçün işlə, lakin “ruzimi qazanım” deyib düzgünlükdən ayrılma. Müsəlman olaraq ölməyə çalış. Məzlumun ahından çəkin.
Hz. Muaz təqvalı bir insan idi. Gecələr təhəccüd namazına qalxar və belə dua edərdi: “Ya Rəbbi! Gözlər yuxuya getdi, ulduzlar itdi. Amma Sən Hayy və Qayyumsan, ya Rəbbi! Qiyamət günü mənə qaytarmaq şərti ilə dərgahından bir hədiyyə et. Sən verdiyin sözdən dönməzsən, ya Rəbbi!”
Hz. Muaz Şama getdi və Hicrətin 18-ci ilində 38 yaşındaykən vəba xəstəliyindən vəfat etdi. Ölümünün yaxınlaşdığını hiss edəndə belə deyirdi: “Mərhaba, ey ölüm! Mərhaba, yoxsulluq vaxtımda gələn sevimli ziyarətçi! Ya Rəbbi! Mənim Səndən qorxduğumu Sən bilirsən. Dünyadan zövq almaq və sonsuz arzularıma qovuşmaq istəmədim. Çayların axışı, yarpaqların xışıltısı mənim nəzərlərimi cəlb etmədi. Bunları Sən bilirsən, ya Rəbbi!”
Hz. Muaz bu sözlərindən sonra ağlamaya başladı. Ətrafındakılar:
‒ Sən ki Rəsulullahın bir səhabəsisən, sən ki bu qədər fəzilətə sahibsən, niyə belə ağlayırsan?! ‒ dedilər. Onlara belə cavab verdi:
‒ Siz mənim ölümdən qorxduğum və ya dünyanı tərk etdiyim üçün ağladığımı zənn edirsiniz? Mən öləndən sonra hansı tərəfə (cənnətə və ya cəhənnəmə) gedəcəyimdən əmin ola bilmədiyim üçün ağlayıram![9]
Hz. Muaz bu sözlərdən sonra vəfat etdi. Onun Hz. Ömərin yanında xüsusi hörməti vardı. Vəfat edərkən Hz. Ömərdən: “Özündən sonra kimi xəlifə təyin edirsən?” ‒ deyənlərə belə cavab verdi:
‒ Əgər Muaz ibn Cəbəl sağ olsaydı, onu xəlifə təyin edərdim. Rəbbimə qovuşanda Rəbbim mənə: “Kimi xəlifə təyin etdin?” ‒ deyincə mən: “Sənin qulun və Rəsulun Məhəmmədin “Muaz qiyamət günü alimlərin qarşısında təkbaşına bir ümmətdir” buyurduğu kimsəni təyin etdim”, ‒ deyərdim.[10]
Hz. Muaz Peyğəmbərimizdən bir çox hədislər rəvayət etdi. Bunlardan bir neçəsi belədir:
“Rəsulullah məndən “Allahın qulları üstündəki haqqı nədir, bilirsənmi?” ‒ deyə soruşdu. “Allah və Rəsulu daha yaxşı bilər”, ‒ dedim. “Qulların Ona ibadət etmələri və şərik qoşmamalarıdır”, ‒ buyurdu. Sonra yenə: “Qullar bu vəzifələri yerinə yetirəndə Allahın onlara nələr vəd etdiyini bilirsənmi?” ‒ deyə soruşdu. Mən: “Allah və Rəsulu daha yaxşı bilər”, ‒ deyincə o: “Onlara əzab verməməyi”, ‒ buyurdu.[11]
“Bir insan dəvəsinə minib üstündə düşmənlə vuruşsa, cənnət ona vacib olar. Bir insan ixlasla şəhid olmağı istəsə, sonra ölsə və ya öldürülsə, o, şəhid savabını qazanar. Bir insan Allah yolunda yaralansa və ya bir zəhmət çəksə, qiyamət günü üzü zəfəran rəngli olar, ondan müşk ətri gələr”.[12]
Allah ondan razı olsun!
[1] Tirmizi, Mənaqib, 33.
[2] İbn Əsir, Üsdül-Ğabə, IV, 377-378.
[3] Məktubat, s. 112.
[4] Əhməd ibn Hənbəl, Müsnəd, V, 231; Tirmizi, Mənaqib, 8.
[5] Əbu Davud, Vitr, 36.
[6] İbn Sad, Təbəqat, III, 584; Hilyə, I, 346; Hz. Məhəmməd və İslamiyyət, X, 35-40.
[7] Təbəqat, I, 346.
[8] Təbəqat, II, 347.
[9] Üsdül-Ğabə, IV, 377-378.
[10] Təbəqat, III, 590.
[11] Əhməd ibn Hənbəl, Müsnəd, V, 228.
[12] Əhməd ibn Hənbəl, Müsnəd, V, 231.