Səhabələr

Müqəddəs Köç Hicrət

Artıq məsələni hay-küysüz həll edəcəkləri anı (!) gözləyirdilər. Amma Allah (cəllə cəlaluhu) hər şeyə hakimdi və bütün bu baş verənləri də bilirdi. Göylərin və yerin mülkü Onun qüdrət əlindədir və O, istədiyini dilədiyi vaxt edər, kimsə də buna bir söz deyə bilməz. İşin bu yerində Qureyşin qurduğu tələnin və hazırladığı ölüm döyüşçülərinin heç bir əhəmiyyəti yox idi və ola bilməzdi də! Nəticə də Allahın dilədiyi kimi olacaqdı. Adi vaxtlarda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yatsı (işa) namazını qılandan sonra bir az yatar, Kəbədən əl-ayaq çəkilincə qalxıb bura gələr və hüzur içində Rəbbinə ibadət edərdi. Amma bu gecə vəziyyət fərqli idi. Plandan xəbər tutar-tutmaz Hz. Əlini yanına çağırmış və: − Bu yaşıl örtüyə bürün və gəl mənim yatağımda yat! Heç narahat olma, uzan və yat. Çünki sənə zərrə qədər də olsa, zərər yetirə bilməyəcəklər, − demişdi. Bu vaxt Rəsulullah (sallallahu əleyhi və səlləm) “Yasin” surəsinin ilk doqquz ayəsini oxuyub evdən çölə çıxır. Qapının ağzında fürsət axtaran qureyşlilər növbə çəkirdi. Bu vaxt: − Biz onların önlərinə və arxalarına sədd qoyduq və gözlərinin qabağına da bir pərdə çəkdik. Buna görə də onlar heç bir şeyi görə bilməzlər, − məalındakı  ayəni oxuyurdu. Bu əsnada da yerdən götürdüyü qum və torpağı Onu öldürmək üçün evini mühasirəyə alanların  üzünə səpir. Bu hərəkətinə paralel olaraq da belə deyir: − Bu üzlər qaralsın, gözlər görməz olsun! Atdığı torpaq oradakıların hər birinə dəymiş və sanki kor olmuşdular. İnanılmaz idi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onların arası ilə yeriyir, amma heç biri Allah Rəsulunu görmürdü. Bəli, onlar imana dəvətdən başqa heç bir “günah”ı olmayan Allahın Ən Sevgili  Qulunu öldürmək, təbliğinin qarşısını almaq, həyatına son qoymaq üçün tələ qurmuşdular. Amma Onu peyğəmbər olaraq göndərən və aləmlərə mərhəmət səbəbi edən Allahın (cəllə cəlaluhu) da bir planı var idi. Və yenə, görünürdü ki, küfr nə qədər coşursa coşsun, Allahın iradəsinin qarşısını qətiyyən kəsə bilməyəcək və həmişə olduğu kimi yenə də Onun dediyi olacaqdı.[10] Rəsulullah (sallallahu əleyhi və səlləm) çoxdan uzaqlaşmışdı. Bir az sonra Ona tələ qurub qapısının ağzında sakitcə gözləyənlərin yanına başqa bir adam gəlir və onları bu vəziyyətdə görüncə: −  Siz burada niyə gözləyirsiniz? − deyə soruşdu. Tərəddüdsüz cavab verirlər: − Məhəmmədi  gözləyirik !