Miladi 630-cu ildə Təmim qəbiləsindən bir heyət gəlmişdi. Öyünmə yarışı keçirmək üçün Rəsulullahdan icazə istədilər. Peyğəmbərimiz (s.a.s.) onların xatibinə icazə verdi. Ütarid adlı bir xatib ayağa qalxaraq danışmağa başladı. İki Cahan Sərvəri Sabit ibn Qeysə qalxıb ona cavab verməyi əmr etdi. Həzrət Sabit ayağa qalxıb Ütaridə mükəmməl cavab verərək hamını heyran qoydu. Deyişmənin axırında Təmim qəbiləsinin rəisi Aqra ibn Habis Peyğəmbərin xatib və şairinin öz xatiblərindən daha güclü, səsinin, nitqinin və sözlərinin mənasının daha gözəl olduğunu etiraf etdi, kəlmeyi-şəhadət gətirib müsəlman oldu. Allah Rəsulu ona: “Keçmiş əməllərin sənə zərər verməz” buyurdu. Çox keçmədən bütün Təmim əhalisi İslamı qəbul etdi.
Həzrət Sabit: “Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar”. (“Hücurat” surəsi, 49/2) ayəsi nazil olanda əməllərinin boşa getdiyini düşünüb bir qədər evinə çəkildi. Bir müddət məscidə gəlmədi. Bundan xəbər tutan Rəsulullah (s.a.s.) onun arxasınca bir səhabə göndərdi və buyurdu: “Get, ona de ki, sən cəhənnəmlik deyilsən. Cənnətliksən.”
Sabit ibn Qeys Həzrət Əbu Bəkrin xəlifəliyi dövründə Yəmamə döyüşündə şəhid oldu.