Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Şəddad bin Övs (r.a.)

Tarix: 01.08.2013 | Bu məqalə 736 dəfə oxunub.

Ağıllı adam o kəsdir ki, nəfsini üstün tutmur, daim sorğu-suala çəkir və ölümdən sonrakı həyat üçün gözəl işlər görür. Aciz adam o kəsdir ki, nəfsinə və onun pis arzularına tabe olur, sonra da Allahdan bağışlanma diləyir.

Hədisi-Şərif

Mədinə “Peyğəmbər şəhəri” olandan sonra “Mədineyi-Mü­nəvvərə” adlandırıldı. Çünki ilahi mərhəmət ora yağış kimi yağırdı. Qısa müddət ərzində bu şəhərdə iman etməyən ailə qalmamışdı. Peyğəmbərimizin nurlu halqasına girən bəxtiyarlar ailələrdən biri də Hz. Övsün (r.a) ailəsi idi. Peyğəmbərimiz hicrətdən sonra Hz. Övslə Hz. Osmanı qardaş elan etmişdi. Bundan başqa Hz. Övs Peyğəmbər şairi Hz. Hassanın da (r.a.) qardaşı idi. Hz. Övs ailəsi ilə birgə İslamı qəbul edəndə kiçik oğulları Şəddad da (r.a) müsəlman oldu. Yaşı az olduğuna görə Peyğəmbərimizlə birlikdə cihada qatılmadı. Çünki Bədir döyüşü əsnasında hələ 15-16 yaşlarında idi. Buna baxmayaraq, o, Peyğəmbərimizin nurlu məclisində elm və hikmət dərsi aldı.

Bir gün Allah Rəsulu onu sıxıntılı vəziyyətdə gördü. “Nə olub, ey Şəddad?”‒deyə onun halını xəbər aldı:

‒ Dünya mənə dar gəlir, ya Rəsulallah! ‒ dedi. Peyğəmbərimiz ona bu müjdəni verərək təsəlli etdi:

‒ Kədərlənmə, Şam fəth olunacaq, Qüds fəth olunacaq, sən və sənin övladların orada qalacaq, inşallah.[1]

Əbu Yala ləqəbi ilə məşhur olan Hz. Şəddadın ən şirin anları Peyğəmbərimizlə keçirdiyi saatlar idi. Fürsət tapdıqca Peyğəmbərimizin söhbətində iştirak edir, ondan eşitdiyi hədisləri öyrənir, yadında saxlayırdı. Allah Rəsulundan öyrəndiyi hər əməli həyatına tətbiq edirdi.

Peyğəmbərimizlə olan bir söhbətini belə nəql edir:

“Bir gün Rəsuli-Əkrəmin (s.ə.s) hüzurunda idik. Bizə baxdı və “Aranızda xarici, yəni Əhli-Kitabdan kimsə varmı?”‒deyə soruşdu. Biz də “Xeyr, ya Rəsulallah”,‒dedik. Peyğəmbərimiz qapını bağlamağı əmr etdi. Sonra bizə “Əllərinizi qaldırın və “lə iləhə illəllah” deyin”,‒buyurdu. Biz bir saat ərzində “lə iləhə illəllah” dedik. Sonra Peyğəmbərimiz əllərini aşağı saldı və belə buyurdu: “Allahım, Sənə həmd olsun, məni bu sözlə göndərdin, onu mənə əmr edərək, onunla mənə cənnəti vəd etdin… Şübhəsiz, Sən vədindən dönməzsən”, ‒ Sonra Rəsuli-Əkrəm “Sizə müjdələr olsun! Allah hamınızı bağışladı”,‒buyurdu”.[2]

Hz. Şəddad Peyğəmbərimizin vəfatından sonra Qüdsdə, Şamda və Xumsda yaşadı. Hədis və fiqh sahəsində bir çox tələbələr yetişdirdi, müsəlmanlara el öyrəttdi. Hz. Əbud-Dərda (r.a) onun haqqında “Hər ümmətin bir fəqihi vardır, bu ümmətin fəqihi Şəddad bin Övsdür”,‒buyurmuşdur.[3]

Hz. Şəddad hədis sahəsində dərin biliyə malik idi. Hədisləri güclü anlama qabiliyyəti vardı. Səhih hədis kitablarında Hz. Şəddadın rəvayət etdiyi 50-ə qədər hədis vardır.

Davamı: 1 2