Hz. Şəddad elmi ilə yanaşı, helmi və gözəl xasiyyəti ilə də məşhur idi. Gözəl, səlis nitq qabiliyyəti vardı. Heç kimi incitməz və heç kəsə qəzəblənməzdi. Hz. Əbu Hüreyrə (r.a) onun üstün əxlaqını belə dilə gətirir: “Şəddad bin Övs gözəl və səlis danışar, qəzəbinə tez hakim olmağı bacarardı”.[4]
Hz. Şəddadı tanıyanlar onun dilindən çirkin və nalayiq söz eşitməmişdilər. Amma bir dəfə necəsə ondan gözləmədikləri söz eşitmişdilər. Yanındakılar ondan belə bir hərəkəti gözləmədiklərini deyincə Hz. Şəddad dərhal belə dedi “Mən İslamı qəbul edəndən sonra hər sözümə diqqət edib danışıram. Yalnız bu söz necəsə dilimdən çıxdı. Lakin siz onu unudun, Rəsuli-Əkrəmdən eşitdiyim sözləri əzbərləyin! Bir gün Rəsulullah (s.ə.s.) mənə: “Ya Şəddad, insanların qızıl və gümüş yığdığını görsən, sən də bu sözləri yığ: “Allahım, Səndən işlərimdə səbat və səbir ehsan etməyini diləyirəm. Verdiyin nemətlərə şükür və sənə gözəl ibadət etmək istəyirəm. Allahım, mənə sağlam bir qəlb, düzgün danışan dil lütf et”,‒ buyurdu”.[5]
Şəddad bin Övs təqvalı, Allahdan çox qorxan bir səhabə idi. Əsəd bin Vidanın (r.a) nəql etdiyinə görə, Hz. Şəddad yatmaq üçün yatağa girəndə tavadakı dən kimi olardı. Yataqda ayağını uzatmaqdan həya edərdi. Uzun-uzadı təfəkkürə dalar, daha sonra “Allahım, cəhənnəm atəşi mənimlə yuxumun arasına girir”, ‒ deyib qalxar, ibadətə başlar, çox vaxt səhərə qədər namaz qılardı.[6]
Çox vaxt bu hədisi təkrar edirdi “Ağıllı adam o kəsdir ki, nəfsini üstün tutmur, daim sorğu-suala çəkir və ölümdən sonrakı həyat üçün gözəl işlər görür. Aciz adam o kəsdir ki, nəfsinə və onun pis arzularına tabe olur, sonra da Allahdan bağışlanma diləyir”.[7]
Bərəkətli ömrünü İslamın ülvi xidməti uğrunda həsr Hz. Şəddad hicrətin 58-ci ilində 75 yaşında Xumsda vəfat etdi.
Allah ondan razı olsun.
[1] İsabə, II, 140.
[2] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 124.
[3] Üsdül-Ğabə, II, 388.
[4] İsabə, II, 139.
[5] Əhməd ibn Hənbəl, Müsnəd, I, 264.
[6] Hilyə, I, 264.
[7] İbni Macə, Zühd, 131.