Səhabələr

Süd anası ilə keçən illər

Yeni doğulmuş uşaqları daha sağlam böyütmək və qüsursuz dil öyrətmək üçün süd anasına vermək məkkəlilərin adətinə çevrilmişdi. Çünki Məkkədə isti və yorucu iqlim hakim idi. Bundan başqa, Məkkədən uzaqda yaşayan bəzi qəbilələr həm şəhər həyatının mənfiliklərindən uzaq olmaqla mədəniyyətlərini qoruyur, həm də cahiliyyəyə məxsus bəzi iyrəncliklərə, çirkinliklərə bulaşmadan təmiz bir həyat yaşayırdılar. Hər yönü ilə bezdirici olan bu atmosferdən uzaqlaşaraq uşaqların daha təbii şəraitdə böyüdülməsi ümumi bir adət-ənənəyə çevrilmiş və demək olar ki, Məkkədə bu işin bazarı formalaşmışdı. Süd anaları müəyyən vaxtlarda bu bazara gəlir, yeni doğulan körpələrin valideynləri ilə burada görüşərək uşaqları götürür, səhraya  qayıdırdılar.

Bu məqsədlə Bəni-Sad yurdundan Haris ibn Abduluzza və onun xanımı Həlimə binti Abdullah ibn Haris on qadınla birlikdə Məkkə yolunu tutur. Çünki uzun müddətdir davam edən qıtlıq aclıq saçan nəfəsi ilə hər tərəfi qovurmuş, əldə-ovucda bir şey qoymamışdı. Buna görə də özləri ilə apardıqları uşaqları aclıqdan fəryad edir, anaları da yedirməyə bir şey tapmırdı. Özləri də yeyib-içmədikləri üçün südləri qurumuş, uşaqlara təsəlli  verəcək bir damlaya belə həsrət qalmışdılar. Yeganə ümid hər tərəfə sərinlik gətirən yağışın yağmasına  idi. Yol, sanki, getdikcə uzanır, heç cür qurtarmaq bilmirdi.

Davamı: 1 2 3 4 5 6 7