Səhabələr

Taif Səfəri

Rəsulullah (s.ə.s.) Allah tərəfindən göndərilən bəyanları sevə-sevə qəbul edən yeni insanlarla görüşmək və beləliklə, Məkkədə görmədiyi mehriban insanlarla tanış olub Allahın dininə müntəzir möminlərlə birlikdə istiqbala doğru daha böyük addımlarla irəliləmək kimi məqsədlərlə çıxdığı Taif səfərində əvvəlcə Səkif qəbiləsinin yanına gedir. Çünki həmin vaxtlar səkiflilər Taifin tanınmış əyanları sayılır və onlara hörmətlə yanaşılırdı. Rəsulullahın (s.ə.s.) qarşılaşdığı ilk şəxslər Amr ibn Umeyrin üç oğlu Abdiyaleyl, Məsud və Həbib idi. Onlardan biri Qureyşli bir qadınla evlənmişdi. Allah Rəsulu (s.ə.s.) onlara yaxınlaşır və əvvəlcə salam verir. Sonra da bütün səmimiyyəti ilə danışmağa başlayır. Allahı bir bilib Onun dinini qəbul etməyə dəvət edir və onlardan peyğəmbərlik vəzifəsində Ona köməkçi olmağı istəyir. Amma Taif küfrdə Məkkədən geri qalana oxşamırdı.

Hz. Məhəmmədin  (s.ə.s.) şəfqətlə qucaq açdığı  üç qardaşdan birincisi belə deyir:

− Əgər həqiqətən də, Allah Səni peyğəmbər kimi göndərmişdirsə, mən Kəbənin örtüyünü götürüb yerə ataram.

Allahın ən sevgili qulu Rəsulullah onun dünya və axirətini xilas etmək üçün ayağına qədər gəlmişdi, amma bu adam Onu məsxərəyə qoyurdu. Həya timsalından Allah Rəsulu (s.ə.s.) belə bir ədəbsizliyin qarşısında sakit dayanmağa üstünlük verəcəkdi. Amma Onun izzəti-nəfsini incitmək üçün bununla kifayətlənməyəcəkdilər. Qardaşlardan digəri irəli çıxıb:

− Allah Səndən başqa peyğəmbər göndərməyə adam tapmadımı? − deyə söz atır. Artıq məsələ cığırından çıxırdı. Danışmaq üçün fürsət axtaran üçüncü qardaş da nəsə deməli idi. O da belə deyir:

− And olsun ki, daha mən Səninlə danışa bilmərəm. Çünki Sən əgər dediyin kimi, həqiqətən, bir peyğəmbərsənsə, Sənə dediklərimə görə məni min peşman edərsən. Yox, əgər Sən Allaha qarşı yalan danışırsansa, onda da mənim Səninlə danışmağım uyğun olmaz!

Bir dəyəri olmayan bu adamlar özlərinə görə, Bəşərin Fəxrinə lağ edir və vaxtlarını “xoş” keçirirdilər. Rəsulullah (s.ə.s.) kədərlənmişdi. Çünki bu qədər yolu, bəlkə, nəsə başa düşərlər deyə pay-piyada gəlmiş, onların qarşısında bir cənnət qapısı açmaq istəmişdi. Artıq Hz. Məhəmməd (s.ə.s.) cavab verməyə də ehtiyac hiss etmirdi. Əgər cavab vermək istəsəydi, Onun yerinə lazımi cavab çoxdan verilər və onlar həlak edilərdi. Amma O, mərhəmət Peyğəmbəri idi və qəlbi hər kəsi qucaqlayacaq qədər və geniş idi. Bu ürəkdə hətta ən qəddar düşmənləri üçün də yer vardı və onların da bir gün gəlib haqq yolu tapacağına ümid bəsləyirdi. Ən azından özləri olmasa da, nəsilləri arasından kimlərsə bu üfüqə mütləq yüksələcəkdi və ona görə də, bu gün, hər şeyə rəğmən, səbirli davranmaq lazım idi.

Davamı: 1 2 3 4 5 6 7