Səhabələr

Taif Səfəri

Peyğəmbərimizin yalnız bir istəyi var idi:

− Siz öz seçiminizi etdiniz. Heç olmasa, aramızdakı bu söhbət burada qalsın, − deyir. Çünki bu xəbərin Məkkəyə çatması məkkəlilərə bayram sevinci yaşadardı. Belə bir hərəkət bu günə kimi səssiz dayananları da cəsarətləndirər və artıq müsəlmanlar Məkkədə yaşaya bilməzdilər.[1]

Kədəri yerişinə də sirayət etmişdi. Zahirən əliboş qayıdırdı, ancaq vəzifə nəticəni görmək məqsədiylə yerinə yetirilməzdi. O (s.ə.s), öz öhdəsinə düşəni etmiş, təbliğ vəzifəsini yerinə yetirmişdi. Nəticəni yaratmaq isə Allahın işi idi. Peyğəmbərimiz (s.ə.s.) isə öz işini qüsursuz yerinə yetirmək məsələsində ən irəlidə olduğu kimi, işin Allah-Təalaya aid  hissəsinə də müdaxilə etməməkdə ən həssas adam idi.

Ancaq qapılarına qədər gələn qismətdən nəsibini almayan və bunun da fərqinə varmayan taiflilər bununla da kifayətlənməmiş, sadə adamları qızışdıraraq bu müqəddəs Qonağı daşa basmışdılar.

Hz. Məhəmməd (s.ə.s.) Taifdə on gün qalır. Bu müddət ərzində bir çox adamlarla görüşmək istəyir. Amma bu adamların əksəriyyəti Onun dəvətini qəbul edəcək ürəyə sahib deyildilər və qorxudan Ondan uzaq gəzməyə üstünlük verirdilər. Bir də utanmadan:

− Ey Məhəmməd! Bizim yurdumuzdan uzaq ol, hara gedirsən get,[2] − deyirdilər.

Hz. Zeyd özünü sipər edərək Allah Rəsulunu yağış kimi yağan daşlardan qorumağa çalışırdı. Atılan daşların arası kəsilmirdi. Əslində bu, onların öz başlarına daş yağdıracaq bir davranış idi. Demək olar ki, üç kilometrlik məsafəni bu vəziyyətdə keçirlər. Allahın Sevgili Qulu  Hz. Məhəmmədin (s.ə.s.) mübarək ayağından qan süzülürdü. Zeydin isə başı-gözü yarılmış, al-qan içində qalmışdı.

Taifdəki sığınma və bir təcəlli

Nəhayət, bu başıbəlalı yerdən uzaqlaşmış və dincəlmək üçün bir ağacın altında dayanmışdılar. Allah Rəsulu (s.ə.s.) əvvəlcə “gözümün nuru” dediyi namazını qılmağa başlayır və iki rükət namaz qılır. Görünür, belə vəziyyətlərdə həqiqi güc və qüdrət sahibinə ürəkdən üz tutmaq lazım idi. Deməli, bəşəri qəzalardan xilas olub Rəhmana sığınmaq üçün əvvəlcə vəziyyət yaxşı nizamlanmalı idi. Əlbəttə ki, bütün bunlar qəzəblə qalxıb ziyanla oturmamaq üçün ümmətinə edilən bir xəbərdarlıq idi. Çünki O, hər yönü ilə üz tutulmalı örnək idi: bir insan kimi qəzəblənəcəyi vəziyyətlərdə də ümmətinə necə hərəkət etməyi şəxsən göstərəcəkdi.

Davamı: 1 2 3 4 5 6 7