Səhabələr

Taif Səfəri

Namazını qılıb qurtarandan sonra əllərini yuxarı qaldırır və yalvararaq dua etməyə başlayır... Hz. Zeyd heyranlıqla seyrə dalmışdı, sanki qarşısında nurdan bir heykəl var idi. Bir az da diqqətlə qulaq asanda Allah Rəsulunun (s.ə.s.) belə dediyini eşidir:

− Allahım! Güc və qüvvətimdəki zəifliyi, çözüm tapmaqda qüsurumu və insanların məni təhqir edib xor görmələrini Sənə ərz edirəm.

Ey mərhəmətlilərin ən mərhəmətlisi!

Zəiflərin və gücsüzlərin Rəbbi!

Mənim Rəbbim!

Məni kimin öhdəsinə buraxırsan?

Mənə qarşı kin püskürən pis və qəddar düşmənlərimin, yoxsa simasız və amansız yaxınlarımın?

Əgər Sən mənə hələ qəzəblənməmisənsə, heç bir şeyə fikir vermərəm. Sənin razılığın mənim üçün hər şeydən daha əhəmiyyətlidir!

Sənin mənə qəzəbinlə rəftar etməməyin və başqa sözlə də, mənə cəlalınla təcəlli etməməyin üçün dünya və axirətə aid işlərini yoluna qoyan və bütün qaranlıqları aydınlığa qovuşduran nuruna sığınıb  mərhəmətindən mədəd umuram.

Rizanı qazanıb xoşnudluğunu əldə edənə qədər, həmişə Sənin qapındayam!

Səndən başqa nə bir arxa, nə də etimad göstərilib etibar etməyə bir güc vardır![3]

Peyğəmbərimiz (s.ə.s.) duasını qurtarmamışdı ki, birdən yanında Cəbrail və dağlara müvəkkil olan mələk görünür. Görünür, hüznlü Peyğəmbərin yalvarışları Ərşi-Əlanı titrətmiş və Allah iki mələyi Onun köməyinə göndərmişdi. Cəbrail belə deyir:

− Ey Məhəmməd! Şübhəsiz ki, Allah (c.c.) qövmünün Sənə dediklərindən və üz döndərib etdiklərindən xəbərdardır. Budur, Sənə bunları layiq bilənlərə istədiyin hər şeyi etmək üçün dağlara müvəkkil olan mələyi göndərdi!

Dağlara müvəkkil olan mələk də Peyğəmbərimizə salam verir və belə deyir:

− Ey Məhəmməd, əgər Sən istəsən, bu iki dağı qaldırıb onların üstünə tökərəm. Mən bunun üçün gəlmişəm.

Rəhmət Peyğəmbərinin fərqi burada da özünü göstərirdi. Hər şeyə rəğmən seçdiyi yol  özündən sonrakılar üçün də bir metod kimi qeyd edilirdi. Buna görə də, Allah Rəsulu (s.ə.s.) ani bir cavabla etiraz edir:

− Xeyr, qətiyyən! Ümid edirəm ki,  Allah (c.c.) bunların da nəslindən Ona heç bir şeyi şərik qoşmayan bəndələr yaradacaq!

Fitrət özünü bu cür kritik məqamlarda büruzə verirdi. Rəsulullahın (s.ə.s.) etirazı da Onun necə xarakterə malik olduğunu göstərirdi. Allah Rəsulu (s.ə.s.) tələb etdiyi təqdirdə dağları yerindən oynadıb taiflilərin başına uçurmaq vəzifəsi ilə gələn mələk bunları söyləyir:

− Həqiqətən də, Sən Rəbbinin Səni adlandırdığı kimi nə qədər Rauf (Allahın isimlərindən biri. Çox acıyan, əsirgəyən, mərhəmət sâhibi. Bu ismin Rəsulullahda təcəllisi ) və Rəhimsən![4]

Davamı: 1 2 3 4 5 6 7