Səhabələr

Taif Səfəri

Üzüm salxımı və Addas

İki nəfər Peyğəmbərimizin namaz qılıb dua etməsini kənardan seyr edirdi. Bunlar məkrli plan hazırlamaqda həmişə başda olan Rəbiənin iki oğlu Utbə və Şeybə idi. Ancaq həmin gün Rəsulullaha (s.ə.s.) rəva görülən hərəkətlər qarşısında Utbə və Şeybə də insafa gəlmişdi. “Bu qədər də olmaz” deyirmiş kimi, bayaqdan Allah Rəsulunu seyr edirdilər. Nəhayət, Addas adlı qullarını yanlarına çağırıb:

− Bu üzümlərdən bir az yığ və boşqaba qoy, apar, orada dayanan adama ver, yesin, − deyərək Peyğəmbərimizə üzüm aparmağı tapşırırlar.

Addas deyilənləri yerinə yetirmək üçün yığdığı üzüm salxımlarını götürüb Allah Rəsulunun (s.ə.s.)  hüzuruna gəlir və:

− Buyurun, yeyin, − deyir. Allah Rəsulu (s.ə.s.) təbii olaraq üzümə əlini uzadarkən “Bismilləhir-rahmənir-rahim!” − demiş və yeməyə başlamışdı. Onun bu sözünü eşidən Addas donub qalır. Çünki bu sözü burada heç kimin ağzından eşitməmişdi. Əvvəlcə Allah Rəsulunu başdan-ayağa süzür və sonra:

− Allaha and olsun ki, bu yerlərdə bu sözləri heç kim işlətmir, − deyir.

Onun bu sözləri və isti münasibəti Peyğəmbərimizin (s.ə.s.) də diqqətini cəlb edir. Görünür, Addas boş adam deyildi, heç olmasa “Bismillah”ın nə demək olduğunu bilir və ya bununla bağlı bir şey öyrənmək istəyirdi. Ona görə, Allah Rəsulu (s.ə.s.):

−  Sən haralısan, hansı dinə mənsubsan, ey Addas? − deyə soruşur.

− Ninəvalıyam və xristianam, − cavabını verir. Allah Rəsulu (s.ə.s.) bu adı eşidəndə:

− Saleh qardaşım Yunus ibn Məttanın vətəni, − deyə ah çəkir. Heyrətdən gözləri böyüyən Addas dərhal soruşur:

− Sən Yunus ibn Məttanı haradan tanıyırsan? Vallah, mən Ninəvadan çıxandan sonra onu tanıyan heç on adama da rast gəlməmişəm. Sən ibn Mətta haqqında haradan öyrənmisən? Halbuki, görürəm, Sən oxumağı, yazmağı da bilmirsən və ümmi (oxuyub yazmağı bilməyən) bir qövmün içində yetişmisən.

− O, mənim qardaşımdır. O da bir peyğəmbər idi, Mən də bir peyğəmbərəm!

Davamı: 1 2 3 4 5 6 7