Səhabələr

Taif Səfəri

Bundan artıq soruşulmalı heç bir sual ola bilməzdi və işin bu yerində Addas əvvəlcə Peyğəmbərimizin ayaqlarına qapanır. Görünür, iqtidarını itirmişdi. Əllərindən öpmək istəyir doya-doya... Sonra mübarək başından öpür dəfələrlə... Bu nəticə o günün bütün sıxıntılarını Allah Rəsuluna unutduracaqdı. Bir insan da dinə qədəm qoymuşdu, dünya dağılsa idi belə, heç əhəmiyyəti yox idi?!

Digər tərəfdə Addasın əl-ayaq öpməyini görən Utbə və Şeybə yenə əvvəlki vəziyyətlərinə qayıtmış, yerlərində donquldanmağa başlamışdılar. Qullarını yaxşılıq etmək üçün göndərmişdilər, amma o durub indi də Məhəmmədin əl-ayağına qapanmış, belini büküb hüzurunda əmrə  müntəzir dayanmışdı. Biri digərinə üzünü tutub:

− Görürsən, sənin qulunu da yoldan çıxardı, − deyəcəkdi.

Nəhayət, Addas yanlarına gələndə qəzəblə soruşurlar:

− Sənə nə oldu ki, o adamın əlini-ayağını öpdün?

Addas çox təmkinlə cavab verir:

− Ey sahibim! Yer üzündə bu adamdan daha xeyirli heç kim yoxdur. Onun mənə dediklərini ancaq bir Peyğəmbər xəbər verə bilərdi.

− Əfsuslar olsun, ey Addas! Çalış, bu adam səni öz dinindən uzaqlaşdırmasın, çünki sənin dinin ondan daha xeyirlidir,[5] − deyirlər.

Məkkəyə qayıdış və cinlərin şəhadəti

Ağrı-acı dolu bir günün sonunda şirin hədiyyə ilə mükafatını alan Peyğəmbərimiz (s.ə.s.) kədərli halıyla oradan uzaqlaşır və yenidən Məkkənin yolunu tutur. Nəhlə adlı yerə gələndə xeyli vaxt ötmüş və Allah Rəsulu (s.ə.s.) təhəccüd namazını qılmaq üçün dayanmışdı. Görünür, Rəsulullah (s.ə.s.) burada hələ bir neçə gün qalacaqdı. Əvvəl namaz qılır və sonra “Cin” surəsini oxumağa başlayır.

Bu vaxt hüzuruna Nusaybinin yeddi cini gəlmiş, Onun namaz qılmasını seyr edir və oxuduğu Qurana qulaq asırdı. Ona yaxınlaşanda:

− Sakit olun və qulaq asın, − deyə bir-birlərinə xəbərdarlıq edirlər.

Quranın oxunuşu qurtarandan sonra bu cinlər öz tayfalarının yanına qayıdacaq və eşitdiklərini onlara təbliğ edəcəkdilər:

− Ey qövmümüz! Şübhəsiz ki, biz bu gün elə qəribə və möhtəşəm bir kitaba qulaq asdıq ki, o, yaxşı və gözəl olana dəvət edir. Biz də ona iman gətirdik. Çünki bu kitab Musadan sonra nazil olsa da, özündən əvvəlki hökmləri təsdiq edir, Haqqa dəvət bəyanları ilə doludur və bizi yolun ən doğrusuna çağırır.

Ey qövmümüz! Gəlin bu Allah  elçisinə müsbət cavab verin! Allaha iman gətirin ki, O da sizin günahlarınızı bağışlasın və sizi dəhşətli əzabın şiddətindən qorusun!

Bundan belə biz Rəbbimizə heç bir şeyi şərik qoşmayacağıq. Sən demə, bu günə qədər bizim səfehlərimiz Onun haqqında necə namünasib sözlər danışırmışlar! Biz də insan və cinlərin Allah haqqında yalan danışmayacağını güman edirdik. Sən demə, insanlardan bir hissəsi cinlərdən belələri ilə baş-başa verir və aləmi qarışdırırmışlar! Onlar da sizin kimi fikirləşərək Allahın varlığı yenidən diriltməyəcəyini güman edirlər.

Davamı: 1 2 3 4 5 6 7