İbn Abbasın tələbəsi Tavus ibn Keysan müəllimi haqqında deyir: “Səhabələrin beş yüzünü gördüm. Onlar İbn Abbasın fikirlərini müzakirə edir, onun əksinə fikir söyləyir, amma axırda onun fikrinə qayıdırdılar”. Yezid İbn əl-Əsam isə onun çoxlu tələbəsi olduğunu deyir: “Müaviyə ibn Abbasla həcc səfərinə çıxmışdı. Orada Müaviyə və İbn Abbasın tələbələrindən ibarət iki qrup var idi”. Rəvayətə görə bir gün Müaviyə söhbət edən İbn Abbasa baxaraq, bu beytləri söyləmişdir:
Danışanda bir şey qoymadı qalsın.
Düzgün qərarlar verdi, dilini məsxərəyə sərf etmədi.
Hər sözü çək-çevir eylədi.
Dili sözü çevirir çəkindiyində o.
Əmin baxışları Günəşin baxışı kimi. [10]
Atadan gələn bu məlumatlar onun dərin elmindən xəbər verir: “Kimisi İbn Abbasdan şeir, kimi tarixi hadisələr, kimi elm və fiqh öyrənmək üçün gəlirdi. Onlar bütün suallarına cavab alırdılar.”[11]
Ümmətin alimi, Quran tərcümanı olan Abdullah ibn Abbas birbaşa Rəsulullahdan 20-yə yaxın hədis eşitmiş və ya şəxsən görmüşdür. O, hədislərin çoxunu səhabələrdən eşidib öyrənmiş, iti zəkası və ictihad qabiliyyəti ilə ad çıxarmışdır.
İbn Hazım onun dərin elmi haqqında belə deyir: “Onun fitvaları 7 iri kitabda toplanıb. Bu da ancaq tərtibçinin toplaya bildiyi məlumatlardır. İbn Abbasın elmi dəniz kimidir. Fiqhə bələdliyinə, hökm verməsinə və Quranı qavramasına görə digər insanlardan üstün idi. O da başqaları kimi dinlədi, başqaları kimi Quran oxudu, fəqət onun “torpağı” ən zəngin və yararlı torpaq idi. Ora “nəss fidanlarını” əkdi, gözəl “meyvələr” yetişdi. Bu, Allahın ona bir lütfü idi. Allah böyük lütfün sahibidir”.
Həzrət İkrimədən rəvayət olunur: “İbn Abbas yoldan keçəndə qadınlar: “Müşk keçdi, yoxsa İbn Abbas,” deyərdi”.
Məsruk isə ona heyranlığını bu sözlərlə ifadə edir: “Mən İbn Abbası görəndə “O, ən gözəl insandır”, sözlərini dinləyəndə “O, ən fəsih natiqdir”, bir məsələni izah edəndə “O, ən bilikli insandır”, – deyirdim.