Əbdürrəhman ibn Avf ticarətdə əli gətirən bir tacir idi. Çoxlu mal-mülk qazanmışdı, Baqi otlağında 1000 dəvəsi, 3000 qoyunu və 100 atı otlayırdı. Curfda 20 baş heyvanla əkin əkir və yığılan məhsulla ailəsinin illik ərzaqını təmin edirdi.[18] Ona ticarətdəki məharətinə görə “Tacirur-Rəhman” deyirdilər.
Rəvayətə görə, Əbdürrəhman ibn Avf 30 min qul azad etmişdir.[19] Onun verdiyi sədəqələrin sayı-hesabı yoxdur.
Həzrət Aişə bir dəfə evdə oturmuşdu. Bu vaxt bir səs eşitdi. Bunun nə olduğunu soruşdu. Ona “Əbdürrəhman ibn Avfın Şamdan gələn karvanıdır” – dedilər. Bu hadisəni danışan Həzrət Ənəs: “Karvan yeddi yüz dəvədən ibarət idi, Mədinə səsdən titrədi”. Əbdürrəhman ibn Avf bu dəvələri yəhər və yükləri ilə birlikdə Allah yolunda vermişdi.
Varlı səhabələrdən biri də Zübeyr ibn Avvam idi. Ondan 51 və ya 52 milyon dirhəm dəyərində mülkün miras qaldığı haqqında rəvayət var. Misirdə (Qahirədə) İsgəndəriyyədə və Kufədə torpaq sahələri, Bəsrədə evləri var idi. Mədinə vadisində yerləşən kəndlərdən də gəlir əldə edirdi.[20]
İbn Məsudun da imkanı yaxşı idi. Rəvayətə görə, ondan qul və davarlardan əlavə 90 min dinar miras qalmışdı.