Səhabələr

Vüslətə Doğru

Hz. Xədicənin təlaş və səyləri

Hər gedişi Hz. Xədicə üçün ayrı bir kədər ifadə edirdi. Görünür, Allah Rəsulu (s.ə.s.) Hirada fərqli bir hiss, mənəvi rahatlıq yaşayırdı. Amma Rəsulullah hər dəfə evi tərk edib mağaraya yollananda Hz. Xədicənin ürəyi ağzına gəlir, Rəsulullahın başına bir iş gələr deyə qorxu keçirirdi. Buna görə də arxasınca adamlar göndərir və əmin-amanlıqda olub-olmadığını bilmək istəyir, Onu qorumalarını bərk-bərk tapşırırdı.[4]

Allah Rəsulu (s.ə.s.) Xədicə anamızın hazırladığı azuqəsini götürüb getdiyi vaxtlarda bəzən dağdan enib yeni bir azuqə ilə geri qayıtsa da, zaman-zaman Xədicə anamız həsrətinə dözə bilmədiyi evinin dirəyi və gəlişini gözlədiyi həyat yoldaşı üçün yola düşür və bir neçə saat içində kilometrlərlə yol qət edib Allah Rəsuluna öz əlləri ilə azuqə aparırdı.[5] Bəzən də Hiranın sirli ab-havasını həyat yoldaşı ilə birlikdə yaşayır, min bir əziyyətlə gedib çatdığı Hirada Onunla qalıb vaxt keçirməyi ən böyük bəxtiyarlıq sanırdı. Bəzən də yolları bu gün İcabə məscidi kimi anılan yerdə birləşir və bu yerdə gecələyirdilər. Sonra Peyğəmbərimiz yenidən mağaraya qalxır, Xədicə anamız da evin yolunu tuturdu.

Bir qadın üçün ərinin evdən bu qədər ayrı qalması olduqca ağır və çətin idi, ancaq Hz. Xədicə getdikcə uzanan bu ayrılıqlara kiçik etiraz belə etmir, əksinə, yoldaşının tənhalığını bölüşərək Onu gələcək günlərə hazırlayıb təşviq edirdi.

Davamı: 1 2 3 4 5 6 7