Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Xalid ibn Vəlid (r.a)

Tarix: 15.05.2013 | Bu məqalə 2. 341 dəfə oxunub.

 Xalid Məkkə müşriklərinin müsəlmanlara qarşı etdikləri bütün müharibələrdə ön sıralarda vuruşmuşdu. Atası Məkkədə doğan İslam Günəşinə qarşı pərdələrini endirərək qaranlıqda qalan,  öndə gələn müşriklərdən biri idi. Bədirdə öldürülmüşdü. Atasının təsirində qalan Xalid də bir müddət Peyğəmbərimizə qarşı cəbhə alanlara birlikdə oldu. Amma hər dəfə müsəlmanlarla qarşı-qarşıya olduqları döyüşlərdən qayıdarkən içində bir sıxıntı olurdu. Bir növ  Allah onu dininə xidmət üçün hazırlayırdı.

Bunun səbəbini onun ən yaxın dostu Amr ibn As belə izah edir:

   “Biz, bizdən daha yaşlı və bizə nəzərən daha irəli fikirli deyilə biləcək bir nəsil ilə bərabər idik. Onlar, İslama şərtli baxdılar və həqiqətləri görə bilmədilər, bizi də yanıltdılar. Biz, düzlüyə çıxana qədər onlara tabe olduq. Onlar, Rəsulullahı (s.ə.s.) inkar etdiklərində, biz də özümüz qərar vermədən onlarla birlikdə inkar etdik, onlara tabe olduq. Onlar, bu dünyadan gedincə təkbaşına qaldıq və azad-sərbəst düşünməyə başladıq. Həzrət Peyğəmbərin müvəffəqiyyətini və İslamın bir nur kimi ətrafa şölə saçmasını götür qoy etdik və baxdıq ki, bizdən əvvəlkilər yanılmış və bizi də yanıltmışlar. Nəticədə İslamın sevgisi qəlbimizə daxil oldu və müsəlman olduq”[1].

Əsl ərəb atları üzərində bir qrup süvari səhranın istisində tozu dumana qataraq təpəyə doğru at çapırdılar . Nəhayət atlı qrupu təpəyə çatdı. Təpədən baxdıqda vadinin ortalarında gördükləri mənzərə onlara dəhşət və qorxu ilə birlikdə sevinc də verirdi. Saatlardır axtardıqları insanlar vadinin ortasında idilər. Onlar təpədən düşmənlərinə hakim vəziyyətdə baxırdılar. Ancaq süvari qrupun başçısı hücum işarəsi vermirdi.

Məkkə müşriklərinə aid bu süvari dəstənin başçısı Ərəb tarixinin müharibə dahisi Xalid ibn Vəlid idi. Vadidə isə axır zaman Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) nurlu əshabına günorta namazı qıldırırdı. Yer Hüdeybiyyə idi.

Xalid (r.a) hadisəni belə nəql edir:

–        Onlara hücum etməyin tam vaxtıdır deyə düşündüm. Ancaq heç cür hücum əmrini verə bilmirdim. Bir xeyli gözlədikdən sonra dostlarımla birlikdə özümüz belə bilmədən hücum etmək fikrindən vaz keçdik. Bu hal mənə çox təsir etmişdi. Bu şəxs Allah tərəfindən qorunur deyə fikirləşdim.

Bu hadisədən sonra Xalid ibn Vəlid tamamilə qərarsız qalmışdı. Arada Həbəşistan kralı Nəcaşinin yanına getmək istədi . “Ancaq o da, Həzrət Məhəmmədə inandı və onun Əshabına sahib çıxdı,” ‒ deyib fikrindən daşındı. Daha sonra Bizansa və İrana getməyi qərara alsa da, heç cür gedə bilmədi. Belə bir qərarsızlıq içində olduğu vaxt Rəsulu Əkrəm Hudeybiyyə sülh müqaviləsinə əsasən öncəki il edə bilmədikləri  ümrənin qəzası üçün Məkkəyə gəlmişdi.

Davamı: 1 2 3 4 5 6

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.