Səhabələr

Yeni Mərhələ

Məkkədəki ab-hava

Məkkəlilər qəzəbdən zəncir çeynəyirdilər; hər cür imkanları olsa da, zəif hesab etdikləri insanlara məğlub olmuşdular. Məsələ ciddi idi, nə olursa-olsun, Yəsrib müsəlmanların başına yıxılmalı idi. Bunun üçün lazım olan hər bir vasitəyə əl atılacaq, mütləq nəticəyə çatmaq üçün hər vasitə tətbiq olunacaqdı.

Əvvəlcə Mədinədə rəislik xülyaları quran Abdullah ibn Səlul ilə əlaqə qurulacaqdı. Çünki Məkkə müşriklərinin nəzərində o, hələ də yəsribli (mədinəli) ərəblərin rəhbəri idi. Məkkəlilər Ona göndərdikləri məktubda yazırdılar: "Şübhəsiz ki, siz bizim adamımıza sığınacaq vermişsiniz. Allaha and olsun ki, ya siz Onunla döyüşüb Onu öz yurdunuzdan çıxaracaq, ya da biz qadın və mallarınızı ələ keçirib hamınızı əsir alanadək sizinlə vuruşacağıq!"

Allahın Rəsulu (s.ə.s.) Məkkəni tərk edib hicrət etsə də, hadisələri yaxından izləyirdi: Məkkə müşriklərinin əməllərindən xəbərdar idi. Çünki O, mənəviyyatla yanaşı, maddiyyata da hökm edən bir rəhbər idi. Buna görə də Rəsulullah qiyamətə qədər bütün liderlərə rəhbərlik edən startegiyalara malik olmalı idi və malik idi də. Dolayısilə, məktubdan Peyğəmbərimizin də xəbəri var idi.

Məktubu alan Abdullah ibn Übeyy və tərəfdarları məsələni müzakirə etmək üçün bir yerə toplaşırlar. Bu zaman Allah Rəsulu (s.ə.s.) gəlib müzakirənin üstünə çıxır. Deməli, Mədinənin nəbzini yaxşı tuturdu.Və onlara səslənir:

– Qureyşin sizi hədələməsindən xəbərim var. Onların sizə qurduqları hiylə və tələ sizin özünüzə qurduğunuzdan böyük deyildir! Sizlər öz övladlarınız və qardaşlarınızlamı savaşacaqsınız!

Rəsulullahın (sallallahu əleyhi və səlləm) bu təsirli sözlərindın sonra oraya yığışanlar planladıqları məsələləri bir kənara qoyub dağılışırlar!

Halbuki Abdullah ibn Səlul öz niyyətindən asanlıqla əl çəkən adam deyildi. Belə ki, rəhbərlik vəzifəsinin əlindən çıxdığı bir məqamda Məkkədən gələn bu təkliflər onun iştahasını daha da artırmış, gözünü vəzifə ehtiras örtmüşdü. Nə desələr, etməyə hazır idi. Məkkə üçün bu yaxşı bir seçim idi; İbn Səlulun əli ilə müsəlmanlar arasına fitnə-fəsad salacaq, onları yollarından azdıracaq, daxildən  parçalayacaq və bu psixoloji müharibə naminə hər cür hiyləyə əl atacaqdılar.

Allah Rəsulu (s.ə.s.) da hadisələri anbaan izləyir və müşriklərin birlikdə quracağı tələyə düşməmək üçün baş verənlərdən xəbərdar olmağa çalışırdı.

Başqa bir gün Abdullah ibn Übeyy yoldaşları ilə oturub söhbətləşərkən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) yenə söhbətin üstünə gəlib çıxır və onun gəlişi ilə məclisə su səpilir, ölüm sükutu çökür. Abdullah ibn Übeyy bundan narahat olur, narazılığını dilə gətirməkdən də  çəkinmir.

Orada olan Abdullah ibn Rəvaha ayağa qalxaraq Allah Rəsulunu (s.ə.s.) Abdullahın bu nalayiq davranışından müdafiə edir və bunun nəticəsində kiçik qarşıdurma olur. Allah Rəsulu yenə də bu cəhalətə qurban gedən insanlara sükutla cavab verir və Sad ibn Ubadənin də qənaətini dinləyərək hər şeyə rəğmən, onları əfv edir.

Davamı: 1 2 3 4 5 6 7 8