Səhabələr

Yeni Mərhələ

Döyüş izni

Məkkə müşrikləri hər cür zorakılığa əl atsa da, o günədək müsəlmanların buna cavab olaraq  güc tətbiq etmək izni yox idi. Bəlkə də, bu dövrdə edilən hər cür haqsızlığa baxmayaraq,  sükut edib səssiz qalmaq ən böyük güc idi və bunun üçün dəfələrlə Allah Rəsuluna müraciət edib izin istəyənlər istəklərinə müsbət cavab ala bilməmiş və üstəlik, onlara müşriklərdən üz döndərməklə kifayətlənmək əmr edilmişdi.[3]Bir müddət sonra bu qadağa yumşaq və mülayim mübahisələrlə insanlara xitab etmə şəklində yüngülləşdirilmiş, yenə də gücə qarşı güc tətbiq etməyə izin verilməmişdi.[4]

İndi isə vəziyyət dəyişmişdi və artıq hadisələrin mahiyyəti əvvəlki dönəmdən fərqlənirdi. Vəziyyət, hadisələrin gedişatı şəxsi münasibətlər çərçivəsindən çıxıb ümumbəşəri  mahiyyət kəsb etməyə başlamışdı. Göz görə-görə böyük təhlükə gəlirdi. Məkkəlilər onların yurd-yuvalarından məhrum etmiş, doğma vətənlərini tərk etmək məcburiyyəti qarşısında qoymuşdular. Bu azmış kimi Mədinədə məskunlaşan müsəlmanlara hədələr yağdırır, başlarına oyun gətirəcəklərini bəyan edirdilər. Üstəlik bu təhdid təkcə mühacirlərə yönəlməmişdi, onlara dəstək olan ənsara da pay düşürdü. Məhz belə bir şəraitdə vətəni müdafiə etmək qarşıda duran mühüm vəzifə idi. Bu vaxt yeni bir vəhy də nazil olur. Ayədə haqsız yerə zülmə düçar olub yurdlarından qovulanlara döyüşmə izninin verildiyi bildirilirdi: "Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir". [5]

Bəli, bu bir əmr deyildi, ancaq məkkəlilərin zülmündən boğaza yığılan möminlər üçün mühüm çıxış yolunu göstərirdi. Deməli, bundan sonra lazım gəldikdə, döyüşə də başlamaq mümkün olacaq və düşmənçilik edənlərə anladıqları dildə cavab veriləcəkdi.[6]

Mühafizə qüvvələrinin təşkili  

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hamının ehtiyac duyduğu, gözlədiyi əmin-amanlığı bərqərar etmək üçün Mədinə sərhədlərini də aşır, Ərəbistan yarımadasını nəzarət altına almağa çalışırdı. Bu məqsədlə də sayca bir-birindən fərqlənən hərbi dəstəlar təşkil edib asayişi təmin edən müdafiə qüvvələri quracaqdı. Bu cür təhlükəsizlik tədbirləri ilə Mədinə ətrafında asayiş və əmin-amanlığı təmin etmək, məlumat toplayıb yeniliklərdən Allah Rəsulunu (s.ə.s.) xəbərdar etmək, yolu Mədinədən keçən qureyşlilərin iştahalarını pozub beləcə, mədinəlilərə zərər vermə ehtimalını aradan qaldırmaq, Mədinə civarına qədər gələn Məkkə qüvvələrini geri oturtmaq, müsəlmanların da güc sahibi olduğunu nümayiş etdirərək düşmənə göz dağı vermək, ətrafdakı qəbilələrlə razılaşma yollarını araşdırıb sülh münasibətləri qurmaq, hər hansı çətin  vəziyyətdə məsələyə dərhal müdaxilə etmək,  irşad (yol göstərmə) və təbliğ vəzifəsini Mədinədən kənara da yaymaq kimi məqsədlər hədəf götürülürdü. Müharibəyə izin verildiyi üçün insanlar buna hazır olmalı idi, çünki bu cür fəaliyyətlər, eyni zamanda, gözlənilən müharibələr üçün  faktiki təlim mənasını da daşıyırdı.

Səriyyələr və qəzvələr

Bu məqsədlə göndərilən ilk səriyyə otuz nəfərdən ibarət idi və ona Hz. Həmzə başçılıq edirdi. Hicrətdən cəmi yeddi ay keçmişdi. Qureyşin müsəlmanlara qarşı mübarizədə qüvvələrini artırmaq üçün tərtib etdiyi karvanı nəzarət altında saxlamaq məqsədilə bir heyət hazırlanır və Hz. Həmzə də ona başçı təyin edilir. Məqsəd həmin karvanın qarşısına çıxıb artıq Mədinədə mədəni bir quruluşun formalaşdığını, hər cür təhlükəsizlik tədbirlərinin görüldüyünü göstərmək idi. Eyni zamanda, bu, mədinəlilərin məkkəlilərə bir güc nümayiş etdirməsi olmalı idi.

Sözügedən karvanda Əbu Cəhil də daxil olmaqla üç yüz adam var idi. Səriyyə Seyfül-Bəhr adlı yerə çatanda karvanla qarşılaşır. Onların gəlişindən narahat olan məkkəlilərlə qısamüddətli gərginlik yaşanır. Hər iki tərəfin də dostu olan Məcdi ibn Amrın səyləri ilə ara sakitləşir və geri qayıdırlar.

Şəvval ayı idi. Allah Rəsulu (s.ə.s.) ramazan ayında həyata geçirilən Hz.Həmzə səriyyəsinin ardınca bu dəfə əmisi oğlu Ubeydə ibn Harisi altmış nəfərlik qüvvə ilə Əbu Sufyanın başçılıq etdiyi iki yüz nəfərlik Qureyş dəstəsinə qarşı göndərir. Rabiğ adlı yerdə qarşılaşan iki qüvvə arasında ox atışmları olsa da, yaxın təmas baş vermir.

Bu səriyyənin ən böyük qazancı məkkəlilərlə birlikdə Rabiğə qədər gələn və təzyiq altında müsəlman olduqlarını gizlətmək məcburiyyətində qalan iki səhabənin – Utbə ibn Qəzvan və Miqtad ibn Amrın müsəlmanların cərgəsinə qatılması idi.

Bu səriyyədən təxminən bir ay sonra zülqədə ayında isə Sad ibn Əbu Vəqqasın rəhbərliyi altında iyirmi nəfərlik bir dəstə təşkil olunur və o da Qureyş karvanını təqib etmək üçün Hərar adlı yerədək gedib geri qayıdır. Bu müddətdə Rəsulullah (sallallahu əleyhi və səlləm) da bu birliklərə qatılır və bəzilərində şəxsən iştirak edirdi.[7] Qəzvələr də səriyyələr kimi eyni məqsədə xidmət edirdi. Bir fərq var idi ki, qəzvələrə şəxsən Rəsulullah rəhbərlik edirdi.

Hicrətdən bir il keçmişdi. Səfər ayının əvvəlində Allah Rəsulu (s.ə.s.) Mədinədə yerinə Sad ibn Übadəni qoyub, yetmiş nəfərlik hərbi dəstə ilə yola çıxır. Bayrağı Hz. Həmzə aparırdı. Hədəf yenə Qureyş karvanı idi. Çünki bu karvanın yükünü mühacirlərin Məkkədən gətirə bilmədiyi mal-mülk təşkil edirdi. Belə ki, Məkkə müşrikləri ələ keçirdikləri bu malları karvanla Şama gətirib orada satacaq, əvəzində isə müsəlmanlarla vuruşmaq üçün hərbi sursat tədarük edəcəkdilər.

Nəhayət, dəstə Vəddan adlı yerə çatır. Ancaq möminlərin gəlişindən xəbər tutan karvan çoxdan uzaqlaşmışdı. Bir müddət burada gözləyən ordu yenidən Mədinə istiqamətində yola düşür və on beş gün sonra Mədinəyə çatır. Bu qəzvə zamanı Rəsulullah (s.ə.s.) Əbvada anası Əminə validəmizin məzarını da ziyarət edir.

Davamı: 1 2 3 4 5 6 7 8