Səhabələr

Yeni Mərhələ

Bu  qəzvədə diqqəti çəkən ən mühüm məsələ isə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) müsəlman olmayan Damraoğulları qəbiləsinin rəisi Amr ibn Mahşiyy ilə dostluq müqaviləsi bağlaması idi. Buna razılaşmaya görə, din uğrunda aparılan müharibələrdən başqa, düşmənə qarşı mübarizədə Damraoğullarına yardım ediləcək, onlar da öz növbəsində müsəlmanlara kömək göstərəcəkdilər. Beləliklə, Mədinə ətrafındakı əmin-amanlıq dairəi genişləndirilmiş olurdu.

Rəbiüləvvəl ayında iki yüz nəfərlik bir dəstə də tərtib edilir, bu birlik Ümeyyə ibn Xələfin başçılıq etdiyi Qureyş karvanını təqib etmək üçün Buvat adlı yerə qədər gəlir. Karvan yüz nəfər adam və iki min beş yüz dəvədən ibarət idi. Görünür, qureyşlilər böyük bir hazırlıq görürdü.

Bu birliyə şəxsən Allah Rəsulu (s.ə.s.) başçılıq edirdi. Mədinədə yenə Sad ibn Muazı vəkil qoymuş, bayrağı da Sad ibn Vəqqasa vermişdi.

Yenə həmin ayda (rəbiüləvvəl) qureyşlilərdən Kürz ibn Cabirin rəhbərlik etdiyi bir dəstə Mədinənin yaxınlığına qədər gəlir və müsəlmanlara məxsus bir neçə qoyunu götürüb aparır.

Yerinə Zeyd ibn Harisəni vəkil qoyan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yetmiş nəfərlik dəstə ilə dərhal yola çıxır və hadisənin baş verdiyi yerə doğru yönəlir. Bayrağı Hz. Əli aparırdı. Bədir yaxınlığındakı Safəvan vadisinə çatdıqda qureyşlilərin  çoxdan uzaqlaşıb getdiyi məlum olur və onlar da buradan geri qayıdırlar.

Cəmadiüləvvəl ayının son günləri idi. Mədinədə Əbu Sələməni vəkil qoyan Rəsulullah (s.ə.s.) bayrağı da Hz. Həmzəyə verib yola çıxır. Çünki Qureyşin otuz dəvəlik karvanla Şama yola düşməsi, hərbi sursat tədarükü görüb Mədinəyə hücum planları qurması barədə xəbərlər gəlmişdi. Vəziyyət getdikcə daha da ciddiləşirdi. Görünür, Qureyş böyük bir plan hazırlayırdı.

Vəziyyətdən xəbərdar olan Allah Rəsulu (s.ə.s.) da yüz əlli nəfərlik bir dəstə[8]  ilə yola çıxır. Zül-Üşeyrə adlı yerə çatanda karvanın bir neçə gün əvvəl Şam istiqamətinə getdiyi məlum olur və buradan geri qayıdırlar.

Bu səriyyə zamanı həmin ərazidə yaşayan və Damraoğullarının müttəfiqi olan Müdlicoğulları ilə də bir saziş bağlanır və beləliklə, Mədinə ətrafında yeni bir təhlükəsizlik dəhlizi formalaşır.

Abdullah ibn Cahş səriyyəsi

Hicrətdən on yeddi ay keçmişdi. Rəcəb ayı idi. Qureyşin Şama göndərdiyi karvanın geriyə qayıtmaq vaxtı idi. Peyğəmbərimiz xalası oğlu Abdullah ibn Cahşı hüzuruna çağırıb ona bir məktub verir. Abdullah ibn Cahş on iki adamla[9] birlikdə iki gün Allah Rəsulunun (s.ə.s.) göstərdiyi istiqamətdə gedəcək və məhz iki gün sonra məktubu açıb oxuyaraq lazım olan işi görəcəkdi.

Deyilən istiqamətdə iki gün gedib, məktubu açdıqda Rəsulullahın Hz. Abdullaha bu təlimatı verdiyi məlum olur: "Taif və Məkkə arasında yerləşən Nəhləyə doğru get və burada qureyşliləri gözləyib bizi baş verən hadisələr barəsində məlumatlandır".

Nəhlə Məkkənin yanı sayılırdı və belə bir hücumu ancaq polad kimi möhkəm imanı olan insanlar bacarardılar. Buna görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həm onların gedəcəyi istiqaməti gizli saxlamış, həm də bu işdə heç kimin məcbur edilməməsi təlimatını vermişdi.

Rəsulullah (s.ə.s.) istər, səhabələr yerində dayanardımı? Dərhal hədəf müəyyənləşdirilir və həmin yerə doğru yola çıxırlar. Ancaq Hz.Abdullah bu yolu birlikdə getmək və ya geri qayıtmaq məsələsində yoldaşlarına sərbəstlik vermişdi.

Çünki Allah Rəsulunun (s.ə.s.) təlimatı belə idi. Ancaq onlar tərəddüdsüz irəli gedən insanlar idi və bir nəfər də olsun, geri qayıtmaq istəmir və hamı bir nəfər kimi hədəfə doğru gedir. Geri qalan iki nəfərin isə üzrlü səbəbləri var idi. Onlar yolda ikən dəvələrdən biri karvandan ayrılıb uzaqlaşmışdı. Sad ibn Əbu Vəqqas və Utbə ibn Qazvan da qaçan dəvənin arxasınca getmiş, dəstədən geri qalmışdılar.

Abdullah ibn Cahş və yoldaşları Nəhlədə pusquda gözləyərkən yaxından keçən bir karvanla qarşılaşırlar. Bu karvan da Qureyşə aid idi və görünür, döyüş  üçün sursat daşıyırdı.

Karvanı görən möminlər nə etmək barədə məsləhətləşməyə başlayırlar, çünki Rəcəb ayının son günü idi və bu ayda müharibə etmək yasaq sayılırdı.[10] Ayın çıxmasını gözləsələr, bu dəfə də karvan Hərəm sərhədlərini keçəcək və göz görə-görə əldən çıxacaqdı.

Nəhayət, karvanı saxlamaq qərarına gəlirlər. Müsəlmanlardan biri karvana tərəf ox atır. Ox Amr ibn Hadramiyə dəyir və o, yerindəcə keçinir. Bir anda ara qarışır. Baş vermiş çaxnaşmada Osman ibn Abdullah və Hakəm ibn Keysan  əsir alınır, Nəvfəl  ibn Abdullah  isə qaçır.

Davamı: 1 2 3 4 5 6 7 8