Səhabələr

Yeni Mərhələ

Bütün bunlar yeni bir mərhələnin başlanğıcını göstərən hadisələr idi. İlk dəfə idi ki, bir müşrik öldürülür, ikisi də əsir götürülərək malları müsadirə olunurdu. Həm də bu hadisə haram ayda baş verirdi.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Mədinəyə qayıdan Abdullah ibn Cahş və yoldaşlarını tənbeh edir və:

– Mən sizə haram aylarda döyüşməyi əmr etmədim, – deyə etirazını bildirir, iki əsir və karvandakı mallar barəsində isə gözləməyə üstünlük verir.

Abdullah ibn Cahş və yoldaşları mənən sarsılmışdılar! Allah uğrunda çıxdıqları yolda Allah və Rəsulunun xoşuna gəlməyən addımlar atmışdılar. Dünya başlarına dar gəlir və hər kəsin qarşısında özlərini günahkar sayırdılar. Ancaq  iş işdən keçmiş, ox yaydan çıxmışdı.

O biri tərəfdən isə qaçıb canını zorla qurtarmış Nəvfəl ibn Abdullah özünü Məkkəyə yetirir və başına gələnləri oradakılara çatdırır. Qureyş bu hadisədən təbliğat vasitəsi kimi istifadə etməyə başlayır. Onlar müsəlmanların haram aylarda adam öldürdüklərini və adətlərə hörmətsiz yanaşdıqlarını irəli sürür, hətta Rəsulullahı da günahlandırırdılar.

Çox keçmədən Cəbrail yeni vəhylə gəlir. Gələn ayədə deyilirdi: "Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: "O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu insanların üzünə qapamaq, onu inkar etmək, Məscidül-Harama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. Din naminə fitnə salmaq isə həmin ayda vuruşmaqdan daha böyük fitnədir!"[11]

Bəli, haram aylarda savaşmaq haramdır, ancaq bu ilahi qadağa yalnız bundan ibarət deyildi. Öz vətənlərindən insanları didərgin salmaq, mal-dövlətlərini talan edərək onlara işgəncə vermək, Məscidül-Haram olmasına baxmayaraq, burada insanları öldürmək və Allahın ən sevgili qulunu qətl etmək  məqsədi ilə  evinə basqın etmək də ən azı bu hadisə qədər böyük bir günahdır.

Allah Rəsulu (s.ə.s.) bu ərəfədə əsirlərlə görüşüb onları da İslama dəvət edir. Hətta bunu görən bəzi səhabələr Onun bu cəhdlərinin nəticəsiz olacağını deyəcək və əsirlərin edam olunmasını tələb edəcəkdilər. Lakin çox keçmir ki, Hakəm ibn Keysan müsəlman olur. Şəfqət peyğəmbəri Hz. Məhəmməd (s.ə.s.) bu vəziyyət qarşısında üzünü əshabına tutub deyir:

– Əgər bir az əvvəl sizə  qulaq  asıb onu öldürmüş olsa idim, cəhənnəmə gedəcəkdi![12]

Ədalət və etibarın təmsilçisi olan Allah Rəsulu hələ də gəlib çıxmayan iki səhabənin öldürülməsi əndişəsi ilə bir müddət gözləyir. Bu ayənin endiyi vaxt Sad ibn Əbu Vəqqasla Utbə ibn Qazvan da gəlib çıxır. Bundan sonra Allah Rəsulu öldürülmüş Amr ibn Hadraminin diyət haqqını (qan haqqı) Qureyşə göndərməklə yanaşı, İslamı qəbul etməyən Osman ibn Abdullahı da Məkkəyə təhvil verir.

Artıq məsələ bir az da aydınlaşır; o vaxta qədər böyük  mənəvi təzyiq altında olan Abdullah ibn Cahş Rəsulullahın (s.ə.s.) hüzuruna gəlir. Boynunu bükmüş, üzünə baxmaqdan çəkinirdi:

– Ya Rəsulallah, bu qəzvəyə görə mücahidlərə vəd edilən savabdan bizə də pay düşəcəkmi?

Rəsulullah (sallallahu əleyhi və səlləm) susmağı  üstün  tutur, çünki onun bu qədər səmimi və özünü sorğu-sual çəkmə hissi ilə yoğrulmuş sualının cavabı nazil olan ayədə idi. Belə buyurlurdu:  "Həqiqətən, Allaha iman gətirənlər (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!"[13]

Ancaq məsələ hələ də həll olunmamış qalırdı. Qureyşlilərin niyyəti bəlli idi. Bu gün olmasa da, sabah mütləq Mədinəyə hücum edəcəkdilər.

Allah Rəsulu (s.ə.s.) bir addım da atır. Çünki Qureyş müharibəyə hazırlaşmaq və silah-sursat tədarük etmək məqsədilə Şama karvan göndərmişdi. O da Talha ibn Übeydullah və Said ibn Zeydi karvan haqqında məlumat toplamaq tapşırığı ilə onun ardınca Şama göndərir.

Beləliklə, bu müddətə qədər həyata keçirilən səriyyə və qəzvələrlə Allah Rəsulu (s.ə.s.) artıq Hicazın sahibsiz və müsəlmanları asan tikə olmadığını göstərir, dörd bir tərəfə göndərdiyi xüsusi dəstələrin köməyi ilə on dörd ildir, ölümünə fərman hazırlayanların fəaliyyətlərini izləyib tədbir görürdü. Eyni zamanda, O, qılınc sahibi olan bir peyğəmbər kimi göndərilmişdi. Buna görə də vəzifəsini yerinə yetirir, İslamın qüdrətini göstərmək naminə gözlənilməz manevrlər edirdi. Bu cür ildırımsürətli hərəkətlər nəticəsində səhradakı özbaşınalığa son qoyulur və insanlar arasında ədalətə söykənən əmin-amanlıq mühitinin bünövrəsi atılırdı.

Davamı: 1 2 3 4 5 6 7 8