Səhabələr

Zorakılıq Mənzərələri

Bu vaxt, haqqında danışılan Allah Rəsulu (s.ə.s.) da Kəbəyə gəlirdi. Yaxınlaşır və əvvəlcə Hacərül-Əsvədi salamlayır. Sonra da Kəbəni təvaf etməyə başlayır. Hicrdə olan bu kin-küdurət tacirlərinə yaxınlaşanda Ona sataşmağa başlayırlar. Görünür ki, Allah Rəsulu eşitdiyi bu sözlərdən çox narahat olmuşdu; Kəbə kimi müqəddəs bir yerdə nalayiq sözlər işlədilir, Allahın ən sevgili bəndəsini cürbəcür sözlərlə təhqir edirdilər. İkinci təvafda da eyni mənzərə... Üçüncü təvafda da eyni cür münasibətlə qarşılaşır... Həddi o qədər aşmışdılar ki, Allah Rəsulu qəzəblənmişdi. Hz. Məhəmməd üz-gözündən nifrət yağan bu adamlara tərəf üz tutub:

− Ey Qureyş, eşidirsinizmi? Nəfsim qüdrəti əlində olana and olsun ki, aqibətiniz pərişan olar, − deyə səslənir.

Allah Rəsulunun baxışındakı və duruşundakı heybət onların ruhuna o qədər sirayət edir ki, bir anda hər tərəf buza dönür. Çox təsirlənmişdilər; sanki, başlarında quş varmış kimi, həssaslıqla durduqları yerdə donub qalmışdılar. Bir anda davranışlarını dəyişmiş, ən sərt olanı da mülayimləşmişdi. Belə deyirdilər:

− Sən öz yolunla get, ey Əbal Qasım! Çünki Sən cahil adam deyilsən!

Bunun mənası “Biz Səni yenə öz halınla baş-başa buraxaq, nə olar, Sən bizə bəddua etmə. Sən öz yoluna, biz də öz yolumuza davam edək” demək idi. Rəsulullah da oradan uzaqlaşıb yenə başqa bir möhtac könülə İslamı anlatmaq üçün yola düzəlir.

Səhərisi gün yenə eyni yerdə yığışmışdılar və yenə eyni mövzuları müzakirə edirdilər:

− Onun sizə etdiklərini və sizin də Onun üçün etdiklərinizi yadınıza salın! Adam sizin xoşunuza gəlməyən hər şeyi söylədiyi halda, siz qorxub Onun öz yoluna davam etməsini istəyirsiniz!

Allahın qədəri məhz budur, yenə bu əsnada Allah Rəsulu (s.ə.s.) Kəbəyə gəlirdi. Göz-gözə gəlirlər. Görünür, yenə məkrli bir plan hazırlayırdılar. Elə təvaf etməyə başlamaq istəyirdi ki, birdən ətrafına toplaşırlar:

− Sən idin bizim tanrılarımız haqqında mənfi bəyanatlar verən, dədə-babalarımızı zəlalətdə ittiham edən, − deyir və dişlərini qıcayırdılar. Belə vəziyyətdə də Rəsulullah (s.ə.s.):

− Bəli, bütün bunları söyləyən mən idim, − deyir və əhvalını da dəyişdirmədən həqiqəti olduğu kimi söyləyir. Ancaq bu adamların niyyəti pis idi. Hamısı birdən Allah Rəsulunun üstünə hücum edir. Bəziləri əbasından tutub çəkir, başqaları mübarək qolundan yapışır, digərləri də qırılası əlləri ilə Onu vurmağa çalışırdılar. Bir anın içində hamısı gözü qızmış ac qurda çevrilmişdi. Hətta Uqbə ibn Əbu Muayt öz baş sarığını Rəsulullahın boynuna dolayıb sıxır və Onu boğmağa çalışırdı.

Bu vaxt gözlənilməz bir şey olur, Kəbənin həyətində qulaqları batıran gur bir səs yüksəlir:

− Məgər siz bir adamı yalnız “Rəbbim Allahdır!” deməyinə görə öldürəcəksiniz?!

Davamı: 1 2 3 4