Səhabələr

Zorakılıq Mənzərələri

Bu səs əsrlər öncə Misirdə eşidilən Firon ailəsindən olan mömin bir şəxsin səsi kimi gur idi. Bu səs Haqq məfkurəsinin üstünə gedildiyi hər dövrdə hayqıran müqəddəs bir səs idi.

Birdən hamı səsin gəldiyi tərəfə çevrilir. Bu, Əbu Bəkrin səsi idi. Məkkəni titrədən bu səs öz missiyasını yerinə yetirirdi, amma bu dəfə də məkkəlilər onun üstünə hücum çəkib acıqlarını ondan çıxmağa çalışırlar. Bu, o vaxta kimi Məkkədə yaşanan ən ağır gün idi. Axşam qolu-qanadı qırılmış halda evə qayıdan Hz. Əbu Bəkrin (r.a.) vücudunda əzilməmiş yer qalmamışdı və üst-başı da qan içində idi.[1]

Zəif və kimsəsizlərin kədərli halı

Bundan sonra məkkəlilər müsəlmanların üstünə daha planlı şəkildə gedirdilər. Əvvəlcə zəif və gücsüzləri, müqavimət göstərməyə qüvvələri olmayan günahsız adamları seçdilər. Öz aralarında razılaşmışdılar. Hər qəbilə başçısı öz qəbiləsində olan bu cür kimsəsiz və zəifləri  təsbit edəcək və dinlərindən dönənə və ya başlarına “bəla” olmaqdan qurtulana kimi işgəncə verəcəkdi. Xüsusilə də, Əbu Cəhil harada bir adamın “Lə iləhə illəllah” dediyini eşitsə, tez ora qaçır və − xüsusən də, bu adam zəif və kimsəsiz idisə − dinindən döndərmək üçün ona əziyyət verməkdən zövq alırdı.

Bu ağır dövrdə Süheyb ibn Sinan yaddaşını itirmiş, nə dediyini bilməyəcək hala gəlmişdi.

Əbu Fükeyhənin ayaqlarına dəmir zəncirlər bağlamış, onu günün ən isti vaxtlarında səhraya aparıb üstünə böyük daşlar qoyur və bu yükün altında axşama kimi inim-inim inlədirdilər. O da  bu səhralarda ağlını və yaddaşını itirmişdi.

Habbab ibn Ərəttin bədənində həmişə yanıq izləri olurdu, dinindən əl çəksin deyə sahibi ona tez-tez işgəncə verir, yanına gələndə də qızmar dəmirləri götürüb bədəninə dağ basırdı. Hətta bir gün Habbabın saçından tutub dükanındakı odun üstünə uzatmışdılar. Onlara görə, bununla Habbabı tərbiyə edirdilər. Dözülməz mənzərə idi, hətta onu burada o qədər saxlayırdılar ki, kürəyindən axan yağ alovu söndürür, beləcə, qismən də olsa, əzabları azalırdı.

Bu cür işgəncələrə məruz qalan Zinnirə adlı kəniz gözlərini itirəcək,[2] Zührəoğullarının cariyəsi Ümmü Ubeys isə Əsvəd ibn Əbi Yəğusun qamçı zərbələri altında inildəyəcəkdi.

Hələ müsəlman olmayan Ömərin kənizi də bu işgəncələrdən payını almış; sahibi yorulana kimi onu döymüşdü. Ömər:

− Yorulmasaydım, sənə göstərərdim, − deyərək işgəncəyə fasilə verəndə bu qadın:

−  Sabah da Rəbbin eynisini sənə edəcək, − deyə Xəttab oğluna cavab vermiş, amma o gün bunun bir faydasını görməmişdi.

Abdüddaroğullarında ana-qız xidmətçilik edən iki kəniz vardı və hər ikisi də işgəncəyə məruz qalmış, xüsusilə də, ana nə dediyini bilməyəcək qədər hafizəsini itirmişdi.

Bu çətin dövrdə ilk hədəfə çevrilmiş bu zəif və kimsəsizlərin köməyinə yenə Əbu Bəkir (r.a.) qaçacaq, onları sahiblərindən satın alaraq azadlığa qovuşduracaqdı. Hətta onun bu hərəkətlərini görən Əbu Bəkrin (r.a.) atası Əbu Kuhafə:

− Görürəm ki, sən elə həmişə gücsüzləri və kimsəsizləri satın alıb azad edirsən. Daha güclü olanları tapıb onlara üstünlük versən, heç olmasa, onlar səni dəstəkləyər və arxanda güc olarlar, − deyə oğluna istiqamət vermək istəmişdi, amma Əbu Bəkir (r.a.):

− Mən bu hərəkətimlə yalnız Allahın razılığını qazanmaq istəyirəm, − deyərək etdiyi işdə başqa heç bir mənfəət güdmədiyinə işarə vurmuşdu.

Davamı: 1 2 3 4